Təxminən otuz il davam edən Ermənistan-Azərbaycan münaqişəsi Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və sosial inkişafına ciddi zərbə vurmuş, regionda yaşayan xalqların təhlükəsizliyinə, rifahına və gələcəyə olan ümidlərinə mənfi təsir göstərmişdir. Həmin vəziyyət, eyni zamanda regionun hər üç subyektinin əməkdaşlığının, iqtisadi inteqrasiyanın və davamlı inkişafın qarşısında ciddi əngəllər yaratmışdır.
Münaqişənin həlli istiqamətində uzun illər ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlara baxmayaraq, məsələlərin davamlı siyasi həlli mümkün olmamışdır. Nəticədə, həm Azərbaycan, həm də Ermənistan xalqları uzunmüddətli qarşıdurmanın ağır humanitar, sosial və iqtisadi nəticələri ilə üzləşmişlər.
2020-ci ildə Azərbaycanın nümunəvi üzv dövlət olaraq həm Birləşmiş Millətlər Təşkilatının qərarlarının icrasına, həm də ümumiyyətlə ədalətin bərqərar olmasına hədəflənmiş əməli fəaliyyətini həyata keçirmək üçün Prezident İlham Əliyev tərəfindən qərar qəbul olundu. Beləliklə, 44 günlük İkinci Qarabağ müharibəsi regionun geosiyasi mənzərəsində əsaslı dəyişikliklərə səbəb oldu. Bu hadisələr beynəlxalq hüququn prinsipləri, dövlətlərin suverenliyi və ərazi bütövlüyü məsələlərini yenidən beynəlxalq gündəliyin diqqət mərkəzinə gətirdi.
2020-ci il noyabrın 9-da Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən özündə doqquz bəndi əks etdirən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Bəyanat münaqişənin hərbi mərhələsinin başa çatmasında və regionda yeni siyasi reallıqların formalaşmasında mühüm rol oynadı.
Azərbaycan baxımından bu sənəd ərazi bütövlüyünün bərpası istiqamətində əldə edilmiş nəticələrin təsbit olunması və münaqişənin həlli prosesində yeni mərhələyə keçid demək idi. Bununla yanaşı, regionda uzunmüddətli sülhün təmin edilməsi üçün siyasi dialoqun davam etdirilməsi, qarşılıqlı etimadın yaradılması və dövlətlərarası münasibətlərin normallaşdırılması zərurəti qalmaqda idi.
Bu tarixi hadisə dünyamızın bir nömrəli müzakirə olunan məsələlərindən birinə çevrildi və bütün dünya tarixi ədalətin bərqərar olmasına görə Azərbaycanı və Ermənistanı təbrik etdi.
Daha sonra bu tarixi ədalətin Sülh Sazişinə çevrilməsini müşahidə etdik. Çoxvektorlu xarici diplomatiyanın həyata keçirilməsi ilə dayanıqlı sülhə nail olmaq və Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanması istiqamətində prosesə Donald Trampın şahidliyi ilə 08 avqust 2025-ci il tarixində Vaşinqtonda, Ağ Evdə Sülh Sazişinin paraflanması ilə nöqtə qoyuldu. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüş çərçivəsində Azərbaycan ilə Ermənistan arasında sülhə və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş layihəsi paraflanmış, həmçinin Birgə Bəyannamə imzalanmışdır.
09 oktyabr 2026-cı il tarixində Prezident İlham Əliyev “X” platformasındakı rəsmi hesabında Azərbaycan Prezidentinin və Ermənistan Baş nazirinin Donald Trampı bu sülhün əldə olunmasında oynadığı rola görə Nobel Sülh Mükafatına namizəd göstərdiklərini elan etdi. Ölkə başçısının vurğuladığı kimi, “Biz səmimiyyətlə ümid edirik ki, regionumuzda davamlı sülhün təmin edilməsi istiqamətində Prezident Trampın göstərdiyi tarixi səylər builki Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək”.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı