"Azərbaycanın bu platformaya sədr seçilməsi isə onun işini daha da gücləndirəcək"

“Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin genişləndirilməsi xarici siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Bu siyasət çərçivəsində region ölkələri ilə siyasi dialoqun gücləndirilməsi, qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi və çoxtərəfli əməkdaşlıq mexanizmlərində fəal iştirak xüsusi əhəmiyyət daşıyır”. Bu fikirləri

Deputatın fikrincə, Türkmənistanda region ölkələrinin liderlərini bir araya gətirən 8-ci Məşvərət Görüşü Mərkəzi Asiyada və onunla əlaqəli coğrafiyada siyasi, iqtisadi və nəqliyyat əməkdaşlığının yeni imkanlarının müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır: “Türkmənistanla münasibətlərin inkişafı da bu kontekstdə mühüm yer tutur. Xəzər dənizinin iki sahilində yerləşən Azərbaycan və Türkmənistan arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi regional əlaqələrin inkişafına əlavə imkanlar yaradır”.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev sammitdə çıxışı zamanı dediyi kimi, son illər Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib. Siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı yüksəksəviyyəli səfərlər müntəzəm xarakter alıb. Eyni zamanda, iqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir. Təsadüfi deyil ki, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Hazırda ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Bundan başqa, Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar məbləğindədir.

Deputat qeyd edib ki, enerji sahəsi də Mərkəzi Asiya ölkələri ilə əlaqələrdə xüsusi yer tutur. Azərbaycan enerji resurslarının Mərkəzi Asiyadan beynəlxalq bazarlara tranzitində mühüm rol oynayır. Türkmənistan və Qazaxıstandan neft ölkəmiz vasitəsilə nəql olunur və bu daşımaların həcmi artır. Bərpaolunan enerji sahəsində əməkdaşlığımız davamlı olaraq genişlənir. Dövlət başçısının bildirdiyi ki, hazırda yaşıl enerji dəhlizi yaratmaq üçün Qazaxıstan və Özbəkistanla birgə iş aparılır.

 “Məşvərət Görüşləri çərçivəsində siyasi məsələlərlə yanaşı, konkret iqtisadi və infrastruktur layihələrinin, enerji təşəbbüslərinin, nəqliyyat bağlantılarının və humanitar əməkdaşlıq imkanlarının müzakirə edilməsi formatın praktiki əhəmiyyətini də artırır. Türkmənistanda keçirilən 8-ci Məşvərət Görüşündə Azərbaycanın bu platformaya sədr seçilməsi isə onun işini daha da gücləndirəcək. Dövlət başçıları arasında ikitərəfli təmasların bu prosesə əlavə dinamika verməsi də çoxtərəfli platformada əldə olunan razılaşmaların ikitərəfli münasibətlər səviyyəsində də davam etdirilməsinə imkan yaradır” – deyə, Samir Vəliyev vurğulayıb.