Xəzərin iki sahili birləşir: Azərbaycanın yeni geosiyasi missiyası

Müasir beynəlxalq münasibətlər sistemində güc mərkəzlərinin rəqabəti, qlobal təchizat zəncirlərinin yenidən qurulması və enerji keçidi Avrasiyada yeni əməkdaşlıq arxitekturasını zəruri edir. Bu prosesdə Azərbaycan və Mərkəzi Asiya ölkələri yalnız ortaq tarixi-mədəni bağlarla deyil, həm də bir-birini tamamlayan iqtisadi potensial, tranzit imkanları və təhlükəsizlik maraqları ilə birləşirlər. Türkmənbaşıda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü bu baxımdan regional dialoqun növbəti protokol tədbiri deyil, Avrasiya məkanında yeni geoiqtisadi mərkəzin formalaşmasını nümayiş etdirən mühüm siyasi hadisədir.

Prezident İlham Əliyevin çıxışının məzmunu Azərbaycanın bu prosesdəki mövqeyini dəqiq müəyyənləşdirir. Bakı regional inteqrasiyanı abstrakt siyasi həmrəylik deyil, nəqliyyat, enerji, investisiya, sənaye və rəqəmsal bağlantı üzərində qurulan konkret fəaliyyət modeli kimi nəzərdən keçirir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatında tamhüquqlu iştirakı da məhz bu reallığın institusional ifadəsidir. Söhbət Xəzərin hər iki sahilində yaranan qarşılıqlı asılılığın vahid siyasi platformada təmsil olunmasından gedir.

Azərbaycanın bu əməkdaşlıqdakı yeri ilk növbədə onun geostrateji mövqeyi ilə şərtlənir. Mərkəzi Asiya ölkələri böyük enerji, xammal, kənd təsərrüfatı və insan kapitalına malikdirlər. Azərbaycan isə onları Cənubi Qafqaz, Türkiyə, Avropa və qlobal bazarlarla bağlayan etibarlı logistika və enerji qovşağıdır. Bu qarşılıqlı tamamlanma regional əməkdaşlığın əsas məntiqini yaradır: Mərkəzi Asiya üçün Azərbaycan ixrac və tranzit imkanlarını genişləndirir, Azərbaycan üçün isə Mərkəzi Asiya yeni ticarət, investisiya və istehsal tərəfdaşlığı məkanı açır.

Bu xüsusda Orta Dəhliz xüsusi əhəmiyyət daşıyır. Onun əhəmiyyəti yalnız alternativ nəqliyyat marşrutu olmasında deyil. Orta Dəhliz Avrasiyada malların, xammalın, enerjinin və informasiyanın hərəkəti üçün daha dayanıqlı, şaxələndirilmiş və təhlükəsiz kommunikasiya sistemi yaradır. Marşrut üzrə tranzit yükdaşımalarının artması iqtisadi aktorların bu istiqamətə artan etimadını göstərir. Lakin uzunmüddətli uğur üçün nəqliyyat infrastrukturunun mövcudluğu kifayət deyil. Limanların imkanlarının genişləndirilməsi, tariflərin uzlaşdırılması, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, rəqəmsallaşma və vahid logistika standartlarının tətbiqi əsas şərtlərdir.

 

1553897

Azərbaycan bu çağırışlara cavab verən infrastruktur bazasını artıq formalaşdırıb. Dəniz limanları, dəmir və avtomobil yolları, beynəlxalq aeroportlar və logistika mərkəzləri ölkənin tranzit imkanlarını sistemli şəkildə artırıb. Paralel olaraq, “Rəqəmsal İpək Yolu” layihəsi və Xəzərin dibi ilə fiber-optik xətlərin çəkilməsi fiziki bağlantının rəqəmsal ölçüsünü gücləndirir. Bu, regionu təkcə yükdaşımalar üçün deyil, data tranziti, elektron ticarət və texnoloji əməkdaşlıq üçün də cəlbedici edir.

Energetika əməkdaşlığın ikinci strateji sütunudur. Türkmənistan və Qazaxıstandan neftin Azərbaycan vasitəsilə daşınması ölkəmizin etibarlı enerji tranzitçisi kimi rolunu möhkəmləndirir. Eyni zamanda, enerji əməkdaşlığının gələcəyi yalnız karbohidrogen resursları ilə məhdudlaşmır. Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizinin yaradılması istiqamətində əməkdaşlıq regionun qlobal enerji keçidinə uyğunlaşmaq niyyətini göstərir. Bərpaolunan enerji mənbələrinin inteqrasiyası və onların xarici bazarlara ötürülməsi Azərbaycanla Mərkəzi Asiyanı yeni enerji təhlükəsizliyi modelinin iştirakçılarına çevirə bilər.

Bununla yanaşı, dayanıqlı regional tərəfdaşlıq ticarət statistikasından daha geniş iqtisadi məzmuna malik olmalıdır. Son dövrdə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsinin sürətli artımı və Azərbaycanda Mərkəzi Asiya kapitalı ilə fəaliyyət göstərən çoxsaylı şirkətlərin mövcudluğu əməkdaşlığın praktik nəticələridir. Lakin əsas strateji vəzifə birgə investisiya və istehsal zəncirlərinin qurulmasıdır. Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında yaradılmış investisiya fondları bu məqsədə xidmət etməlidir.

Bu fondların potensialından daha fəal istifadə regional iqtisadiyyatın strukturunu dəyişə bilər. Birgə müəssisələrin yaradılması, aqrar-sənaye, emal, logistika, enerji avadanlığı və rəqəmsal texnologiyalar sahəsində layihələrin həyata keçirilməsi ticarətin həcmini artırmaqla yanaşı, onun keyfiyyətini də yüksəldər. Başqa sözlə, region ölkələri yalnız bir-birinin məhsulunu alan tərəfdaşlar deyil, birlikdə istehsal edən, kapital yatıran və üçüncü bazarlara çıxan iqtisadi aktorlara çevrilməlidirlər.

Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında Mərkəzi Asiya ölkələrinin dəstəyi bu münasibətlərin xüsusi siyasi və mənəvi ölçüsünü nümayiş etdirir. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəbi, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın Ağdamda Manas adına məktəbi inşa etməsi, Türkmənistanın isə Füzulidə məscid tikintisi təşəbbüsü qardaşlıq münasibətlərinin konkret təzahürüdür. Bu layihələr həm azad edilmiş ərazilərin bərpasına töhfə verir, həm də region xalqları arasında ortaq yaddaşı və mənəvi bağlılığı möhkəmləndirir.

Azərbaycan–Türkmənistan münasibətlərinin intensiv inkişafı da Xəzəryanı əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Yüksək səviyyəli qarşılıqlı səfərlər siyasi dialoqun dərinliyini, nəqliyyat, enerji və humanitar sahələrdə ortaq maraqların artdığını təsdiqləyir. Türkmənistanın Azərbaycanın Məşvərət formatında tamhüquqlu iştirakı ideyasını dəstəkləməsi bu münasibətlərin yalnız ikitərəfli deyil, həm də regional əhəmiyyətini ortaya qoyur.

Beləliklə, Türkmənbaşı görüşünün əsas mahiyyəti Azərbaycan və Mərkəzi Asiya arasında əməkdaşlığın yeni siyasi keyfiyyət qazanmasıdır. Burada formalaşan model üç qarşılıqlı bağlı xəttə söykənir: Xəzər üzərindən nəqliyyat və rəqəmsal bağlantı, enerji resurslarının və yaşıl enerjinin inteqrasiyası, birgə investisiya və sənaye kooperasiyası. Bu xəttlərin davamlılığı isə sülh, təhlükəsizlik və siyasi sabitlikdən asılıdır.

Azərbaycanın mövqeyi prinsipial və praqmatikdir. Ölkəniz Mərkəzi Asiya ilə əməkdaşlığı Avrasiya məkanında qarşılıqlı fayda, açıq bağlantı və sabit inkişaf modeli kimi irəli sürür. Azərbaycanın regiondakı rolu məhz bu balanslı yanaşmadan qaynaqlanır. Bakı həm etibarlı tərəfdaş, həm tranzit qovşağı, həm enerji körpüsü, həm də yeni regional iqtisadi arxitekturanın fəal qurucusudur.

Azər Kərimli

Milli Məclisin deputatı