Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının inzibati binasında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi nitqdən irəli gələn məsələlərin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.
Tədbirdə YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev, Milli Məclisin deputatı Müşfiq Məmmədli, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini Ruhiyyə Hacıyeva, YAP Siyəzən rayon təşkilatının Ərazi partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak ediblər. Müşavirəni giriş sözü ilə açan YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqinin mühüm siyasi və ideoloji əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edilib ki, VIII Qurultay Yeni Azərbaycan Partiyasının qarşıdakı mərhələdə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və yeni hədəflərin qarşıya qoyulması baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlər və verdiyi mühüm mesajlar partiyanın hər bir üzvü qarşısında konkret vəzifələr müəyyənləşdirir.
Milli Məclisin deputatı Müşfiq Məmmədli çıxışında Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi mühüm mesajlara toxunaraq, qarşıya qoyulan strateji hədəflərin həyata keçirilməsində Yeni Azərbaycan Partiyasının üzərinə düşən vəzifələrdən danışıb. Deputat partiya fəallarının ictimai-siyasi proseslərdə fəal iştirakının vacibliyini vurğulayıb.
Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini Ruhiyyə Hacıyeva çıxışında ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin uğurlarından bəhs edib. O, dövlət qurumları ilə YAP-ın yerli təşkilatı arasında səmərəli əməkdaşlığın rayonun ictimai-siyasi həyatında mühüm rol oynadığını bildirib.
Daha sonra Ərazi partiya təşkilatlarının sədrləri və partiya fəalları çıxış edərək Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı fikirlərini bölüşüblər. Qarşıda duran vəzifələrin icrası, partiya təşkilatlarında fəaliyyətin gücləndirilməsi və vətəndaşlarla işin daha da təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Sonda YAP Siyəzən rayon təşkilatının qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri müzakirə olunub, Ərazi partiya təşkilatlarının işinin daha da gücləndirilməsi və Prezident İlham Əliyevin qurultayda müəyyən etdiyi vəzifələrin yerlərdə ardıcıl şəkildə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.