”Bakı Zirvəsi Qoşulmama Hərəkatının nüfuzunun artması baxımından əlverişli platformadır”

Bakı Zirvəsi Qoşulmama Hərəkatının nüfuzunun artması baxımından əlverişli platformadır”

Qoşulmama Hərəkatının COVID-19-la mübarizə üzrə Bakı sammiti bir çox səmərəli təklif və müzakirələrlə yadda qaldı. Xüsusilə pandemiyadan sonra yeni problemlərin yarandığı dövrdə belə müzakirələr həll yollarının axtarışı baxımndan mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, Bakı zirvəsi dünya ictimaiyyətinin diqqətini postpandemiya dövründə bərpa proseslərinə cəlb etmək baxımından əlverişli platformadır. Azərbaycan Hərəkatın sədri kimi beynəlxalq düzənin sülh və sabitlik prinsipləri əsasında qurulmasını, ədalət və beynəlxalq hüququ müdafiə etməyin tərəfdarıdır. Qlobal təhlükəsizlik arxitekturasının zədələndiyi bir vaxtda Qoşulmama Hərəkatı üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə çalışır.

60 ildir fəaliyyət göstərən Qoşulmama Hərəkatının yarandığı zaman dünyaya lazım olan sülh, sabitlik və əməkdaşlıq kimi məsələlər bu gün də öz aktuallığını saxlayır. Belə olan halda QH ortaq mexanizmlərin müəyyənləşdirilməsi üçün birgə platformanın yaradılmasını təklif edir. Bu məsələdə Azərbaycanın təşəbbüsləri effektivliyi ilə seçilir.

Bakı zirvəsində də qeyd olunduğu kimi, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının beynəlxalq arenada rolu və nüfuzu əsaslı şəkildə artıb, bu mühüm platforma çərçivəsində ölkələr arasında çoxtərəfli əməkdaşlıq yeni səviyyəyə çatdırılıb. Pandemiya dövrünün çətinliklərinə baxmayaraq, həmrəylik daha da möhkəmlənib. Təşkilatın tarixində ilk dəfə onun parlament və gənclər şəbəkələri yaradılıb. Bu gün Hərəkat üzvləri Qlobal Platforma bazasında fəaliyyətin daha da gücləndirilməsini, həmçinin Qoşulmama Hərəkatının monitorinq və elmi tədqiqatlar üzrə xüsusi şəbəkəsinin yaradılmasını da təklif edir. Bu da institutsionallaşma üçün olduqca əlverişli təkliflərdir.

Müzakirələrdən də aydın oldu ki, postpandemiya dövründə daha təhlükəsiz və sağlam sistemlərin qurulmasında Hərəkat üzvlərinin kollektiv təcrübəsindən faydalanmaq çox zəruridir.

Təsadüfi deyil ki, Bakı zirvəsində də Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslər, həmçinin peyvəndlərə vaxtında və ədalətli qaydada çıxış, əlçatanlıq da qarşılıqlı dəstəyin nümunəsi kimi dəyərləndirildi. Çünki məhz Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı dünya ictimaiyyətini pandemiya ilə mübarizədə səfərbər etdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin mayında Qoşulmama Hərəkatının COVID-19 ilə mübarizəyə həsr edilən onlayn sammiti keçirildi. Həmin ilin dekabrında isə BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən Xüsusi Sessiyası təşkil olundu. Bu sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir hesab olunur. Azərbaycanın təşəbbüsü ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edildi. Azərbaycanın təşəbbüsləri göstərdi ki, çıxış yolu təkcə sərhədlər daxilində deyil, beynəlxalq səviyyədə həmrəyliyin inkişaf etdirilməsidir.

Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyev eyni zamanda üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, bu ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif etdi. Bu da indki vəziyyətdə olduqca vacibdir.

Azərbaycanın əsas çağırışlarından biri də tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatının bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməsi ilə bağlı oldu. Qoşulmama Hərəkatının sədri Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırdı.

Azərbaycanın sədrliyinin ən böyük uğurlarından biri də Qoşulmama Hərəkatının təsisatlanması məsələsidir. Ölkəmizin sədrliyi dönəmində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı təsis olunub.

Qoşulmama Hərəkatına üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb. Təsadüfi deyil ki, 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş qərəzli təşəbbüslərin qarşısı Hərəkata üzv dövlətlər tərəfindən alındı.

Bakı zirvəsinin nəticləri isə onu deməyə əsas verir ki, Azərbaycan növbəti dəfə aktual məsələlərin müzakirə olunduğu mühüm toplantıya ev sahibliyi etməklə qlobal həmrəyliyə xüsusi yanaşmasını və töhfəsini nümayiş etdirdi.