Bakıda keçirilən beynəlxalq enerji sərgisi ölkəmizin artan nüfuzundan xəbər verir

Beynəlxalq səviyyəli forumların keçirildiyi əsas şəhərlərdən birinə çevrilən Bakı daha bir mötəbər tədbirə ev sahibliyi etdi. Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgiləri bütün dövlətlərin, beynəlxalq iqtisadi mərkəzlərin, aparıcı media qurumlarının diqqət mərkəzində oldu. Prezident İlham Əliyev sərgidə çıxış edərək qlobal enerji sektorunun əsas inkişaf istiqamətləri və gələcək planlar barədə müfəssəl məlumatlar verdi.
Dövlət başçısı çıxışında Azərbaycanın neft-qaz sektorunun mövcud durumu və gələcək inkişaf vektorlarına toxunaraq qeyd etdi ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru ilə Azərbaycan Bolqarıstana da qaz nəql edəcək, Rumıniya ilə də bu istiqamətdə əməkdaşlıq olunacaq. Əsas məqsədlərdən biri təchizatın coğrafiyasını genişləndirmək, çoxşaxəli biznes əməkdaşlığına nail olmaqdır. Təsadüfi deyil ki, son illər 10-dan artıq ölkə enerji təchizatının həcminin artırılması üçün Azərbaycana müraciət edib.
Qeyd edək ki, hazırda beynəlxalq maliyyə qurumları neft-qaz sahəsi üzrə layihələri maliyyələşdirmirlər. Bankların prioritetləri “yaşıl enerji” layihələrinə kreditlərin ayrılmasıdır. Buna baxmayaraq, dünyanın aparıcı beyin mərkəzləri, ekspertləri etiraf edirlər ki, hələ uzun müddət neft və qaz enerji təhlükəsizliyinin əsas komponentləri olacaqdır.
Bakıda keçirilən beynəlxalq sərgidə əsas diqqətçəkən məqamlardan biri də ABŞ Prezidenti Cozef Bayden və Böyük Britaniyanın Baş naziri Rişi Sunakın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktub və bu məktubda ölkəmizin artan nüfuzundan irəli gələn əməkdaşlıq niyyətləridir. Hər iki məktubda ölkəmizin dünyəvi ekoloji məsuliyyət şüurundakı rolu ayrıca qeyd olundu. Azərbaycan bu gün təkcə ənənəvi enerji məhsulları ilə deyil, alternativ enerji imkanları ilə də dünya ölkələrinin diqqətini cəlb edir. Ölkəmiz dünyada təhlükəsiz enerji təchizatına olan tələbatın ödənilməsinə mühüm töhfələr verir.

Cənub Qaz Dəhlizi, Orta Dəhlizin inkişafı enerjinin şaxələndirilməsi baxımından əhəmiyyətli marşrutlardır. Azərbaycanın qlobal enerji bazarında əhəmiyyəti günü-gündən artır. Bu o deməkdir ki, yaxın dövrdə Avropanın iqtisadi layihələri Azərbaycansız mümkün olmayacaq. Azərbaycanın nəhəng bərpaolunan enerji potensialının inkişaf etdirilməsi və yaşıl enerjinin ixracatçısına çevrilməsi istiqamətində göstərdiyi səylər göz önündədir və yüksək qiymətləndirilir. Etiraf olunur ki, Azərbaycanın təşkilatçılığı ilə reallaşdırılan layihələr sayəsində Avropanın enerji xəritəsi əhəmiyyətli dərəcədə yenilənib. Azərbaycan özünün zəngin neft və qaz resurslarının istehlakçılara şaxələndirilmiş marşrutlarla çatdırılması istiqamətində güclü siyasi iradə ortaya qoyur. Azərbaycan özünün böyük qaz həcmlərini ixrac etmək və Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr vermək üçün Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb. Bu məqsədlə 2011-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamə imzalanıb. Avropa Komissiyası ilə fəal şəkildə əməkdaşlıq edən Azərbaycan bu gün də etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgiləri, eləcə də ölkəmizdə keçirilən beynəlxalq səviyyəli digər tədbirlər Azərbaycanın dünyada artan nüfuzunu nümayiş etdirir. Dünya dövlətlərinin liderləri, tanınmış ictimai-siyasi xadimlər Bakıda keçirilən tədbirlərdə iştiraka böyük can atırlar. ABŞ və Böyük Britaniya kimi dövlətlərin siyasi liderləri tərəfindən ünvanlanan məktublar, çıxışlarda səsləndirilən müsbət fikirlər Azərbaycanın etibarlı tərəfdaş olmasından xəbər verir. Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgiləri bir daha təsdiq edir ki, Azərbaycan ciddi enerji böhranı ilə üzləşmiş Avropa üçün olduqca vacib ölkədir. 

Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı