Baş Prokurorluq rəsmisi BMT-də Azərbaycandakı antikorrupsiya islahatlarından danışıb

Azərbaycan Baş prokurorluğun İdarə rəisi Elnur Musayev Birləşmiş Millətlər Təşkilatında (BMT) Azərbaycanın antikorrupsiya islahatları barədə çıxış edib.

Bu barədə Sabahinfo.az-a Prokurorluqdan məlumat verilib.

Belə ki, ABŞ-nin Nyu-York şəhərində hibrid formatda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Korrupsiyanın qarşısının alınması, onunla mübarizə və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş xüsusi sessiyasında Azərbaycan rəsmisi "Korrupsiyaya qarşı mübarizə strategiyalarının gücləndirilməsi məqsədilə "Növbəti Nəsil Korrupsiya Analitikası üçün dəqiq Statistikanın forrmalaşdırılması" mövzusuna həsr edilmiş sessiyada çıxış edib.

"Azərbaycanın təcrübəsi: risk göstəricilərinin qiymətləndirilməsi nəticəsində antikorrupsiya fəaliyyət planlarının daha keyfiyyətli hazırlanması" mövzusunda çıxış edən Elnur Musayev ölkə rəhbərliyinin idarəetməsi altında həyata keçirilən antikorrupsiya islahatları barədə məlumat verib. Qabaqcıl təcrübə barədə, o cümlədən "Korrupsiya ilə mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın qiymətləndirilməsi metodologiyası, bu sahədə risklərin qiymətlərindirilməsində Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə üzrə idarənin rolu ilə tədbir iştirakçılarını tanış edib.

Həmçinin həyata keçirilən antikorrupsiya tədbirlərinin Azərbaycanda şəffaflıq və müasir idarəçilik perspektivindən nüfuzunun artmasını vurğulayıb.