Azərbaycan-İran hərbi əməkdaşlığı: Cənub qonşularımız bizə hansı silahları satır?

"Azərbaycanla İran arasında bütün sahələrdə olduğu kimi hərbi və hərbi-texniki sahədə də əlaqələr mövcuddur və bu əlaqələr son illər getdikcə inkişaf edir və hər iki ölkədə hərbi attaşelər təmsil olunur. Son illərin prosesləri isə göstərir ki, Azərbaycan İranla əlaqələri daha da genişləndirmək marağındadır. Bizim həm Müdafiə Sənayesi Nazirliyinin İrandakı müvafiq strukturlarla əlaqəsi genişlənir, həm də Azərbaycan Silahlı Qüvvələrin tələbatını ödəmək üçün bu ölkədən bəzi vacib şeylər alınıb və alınır. Ona görə də prezident İlham Əliyev Almaniyada olarkən Azərbaycanın hərbi-texniki sahədə əməkdaşlıq etdiyi ölkələr sırasında İranın da da adını çəkdi".

Bunu Milli.Az-a hərbi-siyasi məsələlər üzrə ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov prezident İlham Əliyevin Almaniyada olarkən Azərbaycanın silah aldığı ölkələr sırasında İranın da adını çəkməsini şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, İranla Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq çoxdan mövcuddur, indi isə bu əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Hətta qeyd edilməlidir ki, İran I Qarabağ savaşı zamanı Azərbaycana çox böyük dəstək verib: "Azərbaycanla İran arasında artıq uzun illərdir ki, əlaqələr sıx şəkildə inkişaf edir. Düzdür, Azərbaycan İrandan heç də ağır silahlar almır, amma ordu üçün bəzi ləvazimatlar və sursatlar gətirilir. İndi bunlar daha çox mərmilər, rabitə və mühəndis-istehkam bölmələrinə aid olan avadanlıq və ləvazimatlardır. Lakin onların konkret nədən ibarət olduğu isə ona görə açıqlanmır ki, düşmən bundan sui-istifadə edə bilməsin".

Ü.Cəfərovun fikrincə, böyük ehtimalla gələcəkdə İrandan hərbi təyinatlı başqa məhsullar da alına bilər: "Bu yaxınlarda Azərbaycanın müdafiə naziri Zakir Həsənov da İranda səfərdə olanda bu məsələləri bir daha qarşı tərəflə müzakirə etdi. Bu müzakirələr göstərir ki, Azərbaycan gələcəkdə də öz müdafiə qabiliyyətini təmin etmək üçün bu ölkədən hərbi təyinatlı məhsullar almaqda maraqlıdır. Azərbaycan bunu heç zaman heç gizlətməyib və dəfələrlə bəyan edib ki, öz təhlükəsizliyini təmin etmək üçün nə lazımdırsa edəcək. İranın hərbi sənayesi isə son illər çox inkişaf edib. Bu səbəbdən də onlardan alınan avadanlıqların keyfiyyəti çox yüksəkdir".

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev iyunun 7-də Almaniyaya səfəri zamanı kansler Angela Merkellə görüşdən sonra keçirilən birgə mətbuat konfransında dövlət başçımız deyib ki, Rusiyanın Ermənistana silah satması faktı Azərbaycanda heç bir "allergiya" yaratmır. Prezident bildirib: "Biz Rusiyaya strateji tərəfdaşımız qismində baxırıq. Biz başa düşürük ki, Rusiya iri silah istehsalçısıdır və istənilən ölkədə onu sata bilər. Rusiyanın Azərbaycana silah satması faktı Ermənistanda "allergiya" doğurur".

Dövlət başçısı qeyd edib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan silahın dəyərini tam ödəyib, Rusiya Azərbaycanın silah aldığı yeganə ölkə deyil: "Sirr deyil ki, Türkiyə, İsrail, Belarus, İran və bir çox digər ölkələrdən silah alırıq, çünki biz silahlı qüvvələrimizi modernləşdiririk".sabahinfo.az