Bəxtiyar Vahabzadənin yubileyi Bişkekdə qeyd olunub

015-ci ilin noyabr ayının 11-də TÜRKSOY-un, Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyinin, Qırğızstanın Milli Kitabxanasının və Qırğız Xalqı Assambleyasının təşəbbüsü ilə Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində Azərbaycanın xalq şairi, görkəmli dramaturq, SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, ictimai xadim Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyi yubileyi qeyd olunub. Səfirlikdənverilən xəbərə görə, tamaşaçılarla dolu olan nəhəng salonda Qırğız Respublikasının hökumət üzvləri, digər rəsmilər, xarici dövlətlərin bu ölkədəki səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, görkəmli ziyalılar – elm, mədəniyyət, ədəbiyyat xadimləri, ictimaiyyətin tanınmış təmsilçiləri, soydaşlarımız ilə birlikdə Azərbaycandan, Türkiyədən, Qazaxstandan dəvət olunan qonaqlar da əyləşmişdilər.

Tədbirin əvvəlində Kitabaxanın foyesində TÜRKSOY-un təşəbbüsü ilə şairin yubileyi münasibətilə nəşr olunmuş "Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” adlı kitabının təqdimat mərasimi ilə əlaqədar sərgi keçirilib.

Sonra Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub.

Tədbiri açan Qırğızstan Milli Kitabxanasının direktoru professor Jıldız Bakaşova belə yüksək səviyyəli tədbirə ev sahibliyi etdikləri üçün böyük fərəh hissi keçirdiklərini və bunun qırğız ictimaiyyəti tərəfindən çox yaxşı qarşılandığını qeyd edib.

Sonra çıxış edən Qırğız Respublikasının Mədəniyyət, Turizm və İnformasiya naziri Altınbek Maksutov deyib ki, Bəxtiyar Vahabzadənin Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri olduğunu, Qırğız şairi Toktoqul Satılqanov kimi B.Vahabzadənin də öz xalqının şairi olduğunu, xalqın fikirlərini öz şeirlərində əks etdirdiyini qeyd edib.

Nazir qeyd etmişdir ki, Azərbaycanda B.Vahabzadənin sənətinə böyük hörmət göstərirlər, onun 90 illiyi yubileyi Azərbaycanda çox geniş qeyd olunur. Onun bir çox kitabı müxtəlif dillərə tərcümə olunur və bu gün qırğız oxucularının da B.Vahabzadənin gözəl şeirləri ilə tanış olmasından çox şad olduqlarını qeyd edib.

A.Maksutov demişdir ki, B.Vahabzadənin yubileyinin Bişkekdə keçirilməsi bir daha sübut edir ki, onu yalnız Azərbaycanda deyil bütün türk dünyasında çox sevirlər. O həmçinin bildirmişdir ki, B.Vahabzadənin bu gün bizimlə birlikdə olmamağına baxmayaraq, onun fikirləri, kitabları, şeirləri bizimlədir və onlar bizim həyatımızda müdrikliyimizin köməkçisi və mənbəyidir.

Nazir sonda belə yüksək tədbirin təşkil olunmasına görə Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyinə təşəkkürünü bildirib.

Sonra çıxış edən Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucov Azərbaycanda da Qırğızstanda da uca dağların və uca zirvələrin çox olduğunu, amma dahi insanlarımızın-mütəfəkkirlərimizin, yazıçılarımızın: ən uca dağlardan və ən uca zirvələrdən də ucada dayandıqlarını söyləmişdir. Qeyd etmişdir ki, belə zirvələrdən biri də Bəxtiyar Vahabzadədir.

Səfir Hidayət Orucov B.Vahabzadənin 1950-ci illərdə Azərbaycan ədəbiyyatına daxil olduğunu və ilk zamanlardan artıq bütün Azərbaycan xalqı tərəfindən çox sevildiyini, amma artıq 60-ci illərdə bütün Sovet İttifaqında və sonradan bütün türk dünyasında tanındığını, əsərlərinin oxunduğunu bildirib.

H.Orucov B.Vahabazədinin böyük şair və fikir sahibi olması ilə yanaşı, onun həm də dissident olduğunu, amma xalqımızın Ulu Öndəri Heydər Əliyevin diqqəti və qayğısı sayəsində şair cəzalanmadı və bunun üçün biz Ümummilli Liderimizə minnətdarıq. Ulu Öndər Heydər Əliyevin şairi yalnız qoruyub və dəstəkləmədiyini, hətta onu SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı ilə qiymətləndirdiyini vurğulayıb.

Diplomat Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin də Bəxtiyar Vahabzadəyə yüksək qiymət verdiyini qeyd edib və cənab Prezidentin 2015-ci yanvar ayının 14-də şairin 90 illiyi yubileyinin keçirilməsi ilə bağlı və bu ilin oktyabr ayının 27-də Bəxtiyar Vahabzadənin Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında imzalıdığını Sərəncamlar tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Səfir vurğulamışdır ki, Azərbaycan ilə Qırğızstan arasında əməkdaşlıq münasibətləri təkcə siyasi və iqtisadi sahədə deyil, həm də humanitar sahədə inkişaf etməkdədir və bu xətt Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Zati-Aliləri cənab Almazbek Atambayevin siyasətinin prioritet istiqamətlərindəndir.

Sonda Səfir görkəmli Azərbaycan şairinin yubileyinin keçirilməsində təşəbbüsə görə TÜRKSOY, Qırğızstan Milli Kitabxanasına və Qırğız Xalqı Assambleyasına dərin təşəkkürünü bildirib.

Daha sonra çıxış edən TÜRKSOY nümayəndələri Elçin Qafarlı, Hocagəldi Kuluyev və Malik Otorbayev belə böyük tədbirin Bişkekdə keçirilməsinin təşkili üçün Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucova təşəkkür edərək, Səfirə, Qırğızstan Milli Kitabxanasının direktoru Jıldız Bakaşovaya, tərcüməçi Baxtıqul Çoturovaya TÜRKSOY-un xatirə hədiyyələrini təqdim ediblər.

Sonra Qırğız-Türk "Manas” Universitetinin rektoru Səbahattin Balçı, Bəxtiyar Vahabzadənin şeirlərini qırğız dilinə tərcümə edən Qırğız Respublikasının əməkdar mədəniyyət xadimi Baxtıqul Çoturova, Azərbaycandan dəvət olunmuş şair Əkbər Qoşalı, "Azəri” İctimai Birliyinin sədri Əziz Əliyev çıxış edərək tədbiri heç vaxt unudulmayacaq möhtəşəm gün adlandırdılar, belə tədbilərin bir-birimizi daha yaxından tanımağımıza və sevməyimizə xidmət etdiyini, Bəxtiyar Vahabzadənin unudulmaz şeirlərindən misralar oxudular və şairin yaradıcılığı haqqında məlumat veriblər.

Sonda Qırğızstanın görkəmli müğənnilərinin, burda yaşayan azərbaycanlıların "Azəri” Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən mahnı və rəqs qruplarının iştirakı ilə zəngin konsert proqramı tədbir iştirakçılarına nümayiş olunub.