“Bu gün Türkiyə diplomatiyası üçün böyük gündür”

"Rəcəb Tayyib Ərdoğanın məktubunda yazılanlardan asılı olmayaraq, bu faktın özü Rusiya-Türkiyə münasibətlərinin bərpa olunmasına kömək edəcək". sabahinfo.az  saytı xəbər verir ki, bunu Trend-ə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirib.

M.Brayzanın sözlərinə görə, R.T.Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı məktubda "üzr istəyirəm" ifadəsini işlədib-işlətmədiyi hələ də qeyri-müəyyən olaraq qalır: "İstənilən halda, Kreml Ərdoğanın bəyanatını "üzr istəmək" kimi qəbul edir və bu, iki ölkəyə korlanmış münasibətləri bərpa etməyə imkan verəcək".

O bildirib ki, bu gün Türkiyə diplomatiyası üçün böyük gündür: "Ankara və Təl-Əviv də Türkiyə-İsrail münasibətlərinin normallaşdırılması üzrə saziş imzalayacaqlarını elan ediblər".

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov R.T.Ərdoğanın V.Putinə ünvanladığı başsağlığı məktubunda üzr istədiyini, Türkiyə Prezidenti Administrasiyası isə məktubda yalnız təəssüf hissinin qeyd olunduğunu bildirib.