Çin ordusu Hindistanda kanal tikintisini dayandırdı

Hindistan və Çin yaxın günlərdə suvarma kanalı tikintisi ətrafında yaranan münaqişə səbəbindən az qala müharibəyə başlayacaqdılar.

sabahinfo.Az xəbər verir ki, sərhəddə yerləşən Ladakx əyalətində suvarma kanalının tikintisi iki dövlət arasında narazılığa səbəb olub.

Hindistanlı fəhlələr kanalda işləyərkən, Çin ordusunun əsgərləri bu işə kobudcasına müdaxilə ediblər və işi dayandırmağı tələb ediblər. Hindistan da işçilərini qorumaq üçün əraziyə hərbçilər göndərib.

Nəticədə hər iki dövlətin ordusu üz-üzə dayanıb və hər şey tətiyi ilk kimin çəkəcəyindən asılı olub.

Çin tərəfi təcili surətdə tikintini dayandırmağı tələb edir. Çünki iki dövlət arasında imzalanmış müqaviləyə əsasən, mübahisəli ərazilərdə aparılan istənilən tikinti işi qarşı tərəfin razılığına əsaslanmalıdır. Hindistan tərəfi isə müqavilənin ancaq hərbi obyektlərə aid olduğunu, suvarma kanalına aid olmadığını bildirir.

Məsələ ilə bağlı Çinin müdafiə naziri bildirib ki, təmsil etdiyi dövlət Hindistanla sərhəd bölgələrində sakitlik və sülhü bərqərar etmək, Hindistanla münaqişəni danışıqlar yolu ilə həll etmək istəyir.