Deputat etiraz etdi: “Ayrı-seçkilikdir”

Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə dəyişikliklərin edilməsini nəzərdə tutan qanun layihəsi müzakirə edilib.

Müzakirədə çıxış edən deputat Qüdrət Həsənquliyev qanun layihəsinin tənqid edib.

"Əvvəlki qanunda əmək müqaviləsi 5 ilədək bağlanılırdı, indi isə işə götürənlə işə qəbul olan arasında müəyyənləşir.

Lakin əmək stajındakı fərqə görə işçinin ixtisar olunması, ayrı-seçkiliyə yol verilməsini, yaxud onlara fərqli məbləğdə kompensasiya verilməsini doğru saymıram.

Əvvəlki variant daha ədalətli idi, nəinki indiki. Biz sadə adamların, işçilərin hüquqlarını qorumalıyıq, nəinki ayrı-ayrı şirkətlərin”.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə qanunun hazırlanmasında dünya təcrübəsindən istifadə olunduğunu söyləyib:

"Daha çox stajı olan adamın o müəssisədə daha çox xidməti var. Ona görə həmin şəxslərə işdən azad olunması üçün daha çox müddət verilir”.

Deputat Hacı Salayev də ixtisara salınacaq bütün işçilər üçün 2 aylıq müddət qoyulmasını təklif edib.

Etirazlara baxmayaraq, dəyişiklik səsə qoyularaq qəbul edilib.