İyulun 9-da
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər
üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev təmas xəttində yerləşən Tərtər
rayonunda olmuşdur. Dövlət müşaviri əvvəlcə rayon icra hakimiyyətinin başçısı
Müstəqim Məmmədovla birgə Ümummilli lider Heydər Əliyevin xatirəsini yad
edərək, abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Sonra K.Abdullayev rayon rəhbəri
ilə birgə Tərtər Cümə Məscidində olmuş, burada dindarlarla, rayon
ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
Dövlət
müşaviri görüşdə iştirak edənləri keçmiş Ramazan bayramı münasibəti ilə təbrik
etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
atılan əməli adımmlar, banisi ulu öndər Heydər Əliyev olan Azərbaycan
multikulturalizm siyasətinin Prezident İlham Əliyev tərəfindən davam və inkişaf
etdirilməsi, 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili” elan olunması
münasibətiilə keçirilən tədbirlər haqqında danışmış, dövlət-din
münasibətlərindən söhbət açmışdır. Qeyd olunmuşdur ki, Qafqaz Müsəlmanları
İdarəsi tərəfindən Tərtər Cümə Məscidinin təmir olunması din xadimlərinə dövlət
tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.
sabahinfo.az-a verilən məlumata görə sonra rayon icra hakimiyyətinin başçısı dövlət müşavirinə
rayonda aparılan tikinti-quruculuq işləri, aprel döyüşlərində tərtərlilərin
göstərdikləri qəhrəmanlıqlardan, ölkə prezidentinin öz xanımı ilə birgə rayona
səfərindən, təmas xəttində 200 metrlik məsafədə yerləşən Qapanlı kəndində əhali
ilə görüşündən, dağılmış evlərə baxış keçirməsindən, hərbi hissədə olmasından
danışmış, dövlət tərəfindən cəbhə bölgəsinə göstərilən diqqət və qayğını dilə
gətirmişdir.
Aprel döyüşlərində şəhid olmuş həmyerlimiz Nicat İsgəndərovun
atası Bəhruz İsgəndərov dövlət müşavirinə öz ürək sözlərini bildirmiş, tezliklə
Qarabağ torpaqlarının erməni işğalından azad olunacağına inandığını
vurğulamışdır.
Sonra Dövlət
müşaviri Kamal Abdullayev "Azərbaycan multikultiralizminin ədəbi bədii qaynaqları”
kitabını və yeni çap olunmuş "Multikulturalizm” jurnalının ilk sayını Tərtər
Cümə Məscidinə və şəhid atası Bəhruz İsgəndərova hədiyyə etmişdir. Məscidin
axundu Sadiq Cəfərov dövlət müşavirinə müqəddəs " Qurani-Kərim” kitabını
hədiyyə etmişdir.