Dünyanı dəyişməyə özümüzdən başlayaq

Dövrümüzdə bir çox cəmiyyətlərdə əxlaq böhranı və bundan qaynaqlanan problemlər mövcuddur.

Müxtəlif millətlərin maddi və texniki baxımdan inkişaf etməsinə baxmayaraq, əxlaqi cəhətdən tənəzzül etdikləri bir həqiqətdir. Bu tənəzzüldən çıxış yolu gözəl əxlaqı öyrənmək və buna sahib olmaqdır.

Bu gün bütün dünya miqyasında baxdığımızda gözəl əxlaq yaşanmadığı üçün necə dəhşətli hadisələrin yaşandığının şahidi oluruq. Çox yaxın keçmişdə Türkiyədə Özgecan Aslan cinayətinin yaşanması gözəl əxlaqa sahib olmanın nə dərəcədə əhəmiyyətli olduğunu yenidən gündəmə gətirdi. Xüsusilə də atasının insanları sevgiyə, gözəl əxlaqa səsləməsi çox təsirli idi... Düşünün, hər gün dünyada bunun kimi onlarla təcavüz, qətl hadisələri baş verir. Körpə uşaqlara belə təcavüz edilib öldürüldüyü xəbərlərini oxuyuruq. İnsanlarda mərhəmət, sevgi, hörmət hissinin itdiyini, yerinə eqoist, yalnız öz mənfəətlərini düşünən, öz rahatı naminə başqalarına zülm edən cəmiyyətlərin formalaşdığını görürük. Halbuki gözəl əxlaqın yaşandığı bir cəmiyyətdə insanlar bir-birini öldürməz, başqalarının malına, namusuna göz dikməz. Hər kəs ətrafındakılara qarşı şəfqətlə, hörmətlə davranar.

Dünyanın nizamını da əxlaq təyin edir. Cəmiyyətdə sakitlik və rahatlığın olması üçün insanlar fərdi şəkildə gözəl əxlaqlı olmalıdır. Hər bir kəs ədalətli olmağı bacarmalı, insanlara zərər verməkdən çəkinməlidir. Gözəl əxlaqlı olmaq həm də insanı olduğu mühitdə etibar, hörmət-izzət sahibi edər. İnsanlar yanlarında hər zaman dürüst, sevgi dolu, ədalətli, mərhəmətli, şəfqətli birilərini görmək istərlər. İnsanların bu xüsusiyyətlərə sahib olması lap körpə yaşlarından, ailədən başlayır. Uşaqları tərbiyə edərkən valideynlər onlara mərhəmətsizliyi, şiddəti deyil, sevgini, şəfqəti öyrətməlidirlər. Məsələn, ən çox rastlaşdığım hallardan biri, xüsusilə də, oğlan uşaqlarına pişikləri, itləri təpikləmək, incitmək yaxşı bır hərəkət imiş kimi öyrədilir. Yaxud da özlərindən böyüklərə kobud şəkildə cavab vermək, söyüş söymək, istədiyi bir şey olmayanda əlinə keçən əşyanı yerə çırpıb dağıtmaq, əsasən də ananın sözünü heçə saymaq və s. kimi yanlış əxlaq xüsusiyyətləri aşılanır. Bu cür mühitdə böyüyən uşaqların da əksəriyyəti gələcəkdə ətraf mühitin də təlqinləri ilə daha pis xarakterə bürünə bilirlər. Saytlarda heyvanlara edilən vəhşiliklərlə bağlı paylaşılan videoları yəqin çoxunuz izləmişsiniz.

 Təəssüf ki, bu vəhşilikləri edənlər daha çox uşaq və ya yeniyetmə yaşlarında olan vətəndaşlarımızdır. Bu yeniyetmələr incitdikləri heyvanların bir canlı olduğunu, onların da baxıma, sevgiyə, şəfqətə möhtac olduğunu unudurlar. "Yaradandan ötrü yaradılanı sevmək” anlayışından bixəbər olduqlarından gələcəkdə insanlara belə zülm edə biləcək hala gələ bilirlər. Gözəl əxlaqın vacibliyi məhz bu kiçik kimi görünən məsələlərdə özünü göstərməyə başlayır. Əgər uşaqlarımız kiçik yaşlarından sevgi ilə, gülərüzlə, şirindillə, səmimiyyətlə böyüdülsələr, gələcəkdə hər biri yüksək insani xüsusiyyətlərə sahib fərdlər olaraq cəmiyyətə qoşulacaqlar və cəmiyyətlər bu cür gözəl əxlaqlı fərdlərdən ibarət olacaq. Gözəl əxlaq olduqca geniş anlayışdır. Özünün ehtiyacı olsa belə, başqalarına yardım etmək, heç kimi incitməmək, heç kimə əziyyət verməmək, çətinliklərə qarşı səbirli olmaq, qarşılıq gözləmədən yaxşılıq etmək, haramlardan uzaq olub halalları axtarmaq, gülərüzlü olmaq, başqalarının səhvlərini anlayışla qarşılamaq, həmişə öz çatışmazlıqları ilə məşğul olmaq, başqalarının malına, namusuna, canına göz dikməmək, heç kimin arxasınca danışmamaq, boş zaman keçirməmək, boş danışmamaq, insanlara kobud davranmamaq və s. bütün bunlar gözəl əxlaqa sahib olan insanların xüsusiyyətləridir.

Önəmli bir xüsusiyyət daha: bu cür insanlar hadisə adamı olmurlar. Yəni işlər yolunda ikən gülərüzlü olub, bir işi alınmadıqda əsəbiləşib özlərindən çıxmaz, ətraflarındakı insanlara qışqırmaz, onları incitməzlər. Hadisələr nə olursa-olsun, necə sıxıntılı vəziyyətdə olursa-olsunlar, daima səbirli, gülərüzlü, mehriban olurlar. Bu cür gözəl xarakterə sahib insanlarla hər kəs birlikdə olmaq, dostluq etmək istəyər təbii ki. Bəs bütün bu gözəl xüsusiyyətlərə özü sahib olmağı necə? Əgər ətrafımızdakı insanlardan gözəl davranışlar tələb ediriksə, ilk olaraq bu gözəl əxlaqa özümüz sahib olmalıyıq. Odur ki, dünyanı dəyişmək istəyiriksə, özümüzdən başlamalıyıq...

Aysel Vəlizadə