Elməddin Nicat - Bir ovuc su olsun duam

Əsədov Elməddin Murad oğlu 1 sentyabr 1982-ci ildə Kəlbəcər rayonun Zəylik kəndində dünyaya göz açıb. Orta məktəbin beşinci sinifinə qədər doğulduğu kənddə, qalan sinifləri isə məcburi köçkün məntəqələrində oxuyub. 1999-cu ildə Gəncə Dövlət Universitetinin Tarix fakultəsinə daxil olub. 2004-cü ildən Kəlbəcər rayon 74 saylı ümumi orta məktəbdə müəllim işləyir. Azərbaycan Yazıçılar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin və Uluslar arası Aktivist Sanatçılar Birliyinin üzvüdür.2015-ci ildə Prezident təqaüdünə laiq görülüb."Dağlar yuxunuz çin olsun” adlı şeirlər kitabı çap olunub.

SƏNƏ DUAM! Tanrı səni hifz eyləsin Bu gecə bu olsun duam. Hər sabah arxanca atım, Bir ovuc su olsun duam!!! Mən yuxu, sən yuxuyozan Haqdır varı, yoxu yazan. Qeybdən çəkilən azan Oxuyan qu olsun duam. Bəxtinə uğur tuş olsun Bu uğur qurtuluş olsun. Sevincdən gözün yaşarsın Üzünü yu, olsun duam!   UZAQLARA... Bu gecədən ulduz axar Axar tənha, yalqız axar. Xəyalımdan bir qız axar Vətəndən eyyy uzaqlara... Düzəlib səfə dönmürsən Düşmüsən kefə, dönmürsən. Xəyalım evə dönmür,  sən- Gedəndən eyyy uzaqlara.. Sınar ümid, kəsilər qol, Ürəyindən muğayət ol. Yollar bitmir, gözlərim yol- Çəkəndən eyyy uzaqlara... 18.01.2016.   LALƏMƏNZİL ÖMÜR Bu adam dəli kimidi Vurulub dərdini sevir. Sahibsiz yurd, mamırsız daş Hardasa gördümü sevir. Başlayıb yoldu yollanır, Atlanıb yerə tullanır. Namərdin yerə tullamır Dolanıb mərdini sevir. Yol çəkdi gözün qarası Görünən ömrün harası. Buludla Allah arası Karvanın sürdümü sevir. Gözləri nə dərdlər görüb, Gah eşqırıb, gah hönkürüb. Laləmənzil ömür sürüb Nəfəsin dərdimi sevir. 26.11.2015 *** Səni sevməkdən başladı Qadına ən böyük inamım.. Eşqi qiblə bilib niyyətimi tutdum. Sevgidən yana dinləri, mənsəbləri unutdum... İnanc kitabımdan silmişəm hər türlü təriqətləri, Çıxarmışam leksikonumdan "kaşları", "fəqətləri"... Bir ilahi sevgiyə bağlamışam gümanımı. Eşqlə qüsul vermişəm Yumuşam imanımı... 11.12.2015. İÇİMDƏ HƏRLƏNƏN ADAM
İçimdə hərlənən adam Çölü daşlama, daşlama. Yoluna sərdim ümidi Əzib xışlama, xışlama. Tabımı çəkmə sınağa, Sınaqlardan üzü ağam. Gözündən qoyma uzağa Məni boşlama,boşlama. Tüstüsü var  seyrək ahın Çuxasını sıyraq ahın. Könlüm güllü seyənganhın Dağda qışlama, qışlama. Oxşarıq qoşa qanada, Gəl də yetək bir murada. Tutdurub durma inada Yenə başlama, başlama.                                                                                                 BİLİRƏM NƏDİR DARIXMAQ... Deyirsən təkəm otaqda Götür mənə bir şeir yaz. Bax qulaq asma ağlına Gör ürəyin nə deyir yaz. Yaz ki, baxıb pəncərədən Yolları yığdım gözümə. Elə darıxmaq çilənib Hər gecəmə, gündüzümə. Sıyrılıb əldən havaya Göylərə uçan, gələrsən. O günü getdiyin yolu Qayıdıb haçan gələrsən?! Çağır da alım əlimə Yolu quca-quca gəlim. Ayağım yerdən üzülsün Göylə uça-uça gəlim. Gözlərim səni axtarır
Ay gözü mənsiz yol çəkən. Bilirəm nədir darıxmaq Bayaqdan otaqda təkəm. 30.07.2014. BƏLKƏ ŞEİR YAZIM BARIT QOXULU Bəlkə sevgi şeiri yazmayım sənə, Bəlkə danışmayaq  hisslərimizdən. Elə araçımız baxışlar olsun Anlaşaq eləcə səslərimizlə. Bəlkə şeir yazım barıt qoxulu Bəzəkli-düzəkli, güllə şəkilli. Hələ burnuna da qan iyi gəlsin Cəsəddən ayrılmış kəllə şəkilli... Yazımmı cəbhədə şəhidimiz var Sabah da mən ollam "Vətən sağ olsun!" Məni buraxmır ki, sənli duyğular İçimi sən adlı çəkən sağ olsun! Yazımmı can verən əsgər yoldaşım Köksündən çıxardı bir qız şəklini. Bilsən neçə dəfə qucaqlamışam Məni hifz eyliyən kağız şəklini... ...Alarsan üçbucaq əsgər məktubu, Bir şeir gələcək içində zəfər. Məktubu göndərən sənin sevdiyin Məktubun gəldiyi ünvan:-Kəlbəcər. 03.08.2014.   İÇİMDƏ BİR QƏBİR ÖLÜR Ölümdən qabaq adamda, Ümid sınır, səbir ölür. Ağaclar tək tək qırılır, Adamlar da bir bir ölür. Sən bildiyin o nə sirrdir O "sirr" var ha! bir sətirdir. Məni öldürüb bitirdi Özü məndə bitir, ölür! Varmı qohum, yadın olan, Sən nəsənmiş qadın olan Başdaşında adın olan İçimdə bir qəbir ölür. 12.12.2014.