Xalqımızın dövlətçilik tarixinin ən şərəfli səhifəsi olan 28 May – Müstəqillik Günü hər bir azərbaycanlının qəlbində böyük qürur və iftixar hissi oyadır. 108 il əvvəl, 1918-ci il mayın 28-də Şərqdə və müsəlman dünyasında ilk demokratik, hüquqi və dünyəvi parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın azadlıq və müstəqillik əzminin bütün dünyaya nümayişi idi. Milli Şuranın imzaladığı İstiqlal Bəyannaməsi ilə çoxəsrlik dövlətçilik ənənələrimiz yenidən dirçəldi.
Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Cümhuriyyət, xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin məntiqi nəticəsi idi. AXC xalqın milli mənlik şüurunu özünə qaytardı və onun öz müqəddəratını təyin etməyə qadir olduğunu sübut etdi. 23 aylıq qısa zaman kəsiyində əldə olunan ən böyük nailiyyətlərdən biri də təhsil sahəsində oldu. 1918-ci ilin avqustunda “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qəbul edilən qərarla tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlandı. 1919-cu ilin sentyabrında isə parlament Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul etdi. Bakı Dövlət Universitetinin fəaliyyətə başlaması milli və peşəkar kadrların hazırlanması istiqamətində atılmış tarixi bir addım oldu.
Xarici siyasətdə də milli hökumətin qarşısında dayanan əsas vəzifə Paris Sülh Konfransında dünyanın aparıcı dövlətləri tərəfindən tanınmağı təmin etmək və diplomatik əlaqələr qurmaq idi. Avropa ölkələrinə rəsmi məlumatların göndərilməsi və aparılan gərgin diplomatik fəaliyyət nəticəsində Azərbaycan beynəlxalq hüququn subyektinə çevrildi. Məhz bu beynəlxalq tanınma sayəsində, 1920-ci ilin aprelində baş verən bolşevik işğalından sonra belə Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən bəbədi olaraq silinməsinin qarşısı alındı.
XX əsrin sonlarında – 1991-ci il oktyabrın 18-də yenidən qovuşduğumuz müstəqilliyimizin ilk illərində ölkəmiz Ermənistanın hərbi təcavüzü, daxili xaos və vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz belə bir ağır şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev öz siyasi iradəsi və fədakarlığı sayəsində dövlətimizi məhv olmaqdan xilas etdi. Ümummilli Lider hələ 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində üçrəngli bayrağımızı rəsmi dövlət bayrağı kimi qaldırmaqla müstəqilliyə gedən yolu cızmışdı. Onun azərbaycançılıq məfkurəsi xalqımızın tarixi yaddaşını bərpa etdi və milli dövlətçilik ənənələrimizi sarsılmaz təməllər üzərinə qoydu.
Bu gün fəxrlə deyə bilərik ki, Cümhuriyyət qurucularının arzuları və Ulu Öndər Heydər Əliyevin siyasi vəsiyyətləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tam gerçəkləşmişdir. Ölkəmizdə uğurla aparılan demokratik, hüquqi dövlət quruculuğu və iqtisadi islahatlar Azərbaycanı qlobal arenada söz sahibinə çevirib. Dövlət başçısının təşəbbüsü ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, İstiqlal bəyannaməsi abidəsinin ucaldılması dövlətçilik tariximizə göstərilən ali ehtiramın göstəricisidir.
2021-ci ildə qəbul edilmiş “Müstəqillik günü haqqında” Qanunla 28 May tarixinin Müstəqillik Günü kimi təsbit olunması tarixi ədalətin bərpası idi. Bu gün müasir Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş müzəffər bir dövlətdir. Cümhuriyyətin müqəddəs yadigarı olan üçrəngli bayrağımız artıq işğaldan azad edilmiş doğma Qarabağda və Şərqi Zəngəzurda qürurla dalğalanır. Belə bir şanlı dönəmdə hər birimizin ali vəzifəsi — nəsillərin arzusu olan, canımız və qanımız bahasına qorunan bu müstəqilliyi göz bəbəyi kimi saxlamaq və onu daha da möhkəmləndirməkdir.
Anar Məmmədov,
Milli Məclisin deputatı