Azərbaycan Kənd Qadınları Assosiasiyası İctimai Birliyi “Aqrosahibkar Qadınlarla İş” Layihəsinə Naxçıvanda başlamaqla start verir. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşir və məqsədi “Qadın Özünə-kömək Qrupu” modelinə əsaslanan kollektiv qadın bizneslərinin təbliği, kənd yerlərində yaşayan qadınların sahibkarlıq vasitəsilə cəmiyyətə inteqrasiyası, qadınların iqtisadi gəlirlərinin arması ilə onların ailə büdcəsinə dəstək verməsi və bununla da kənd qadınlarında özünə inamın artmasına dəstək olmaqdan ibarətdir.
“Aqrosahibkar Qadınlarla İş” Layihəsi Naxçıvan Muxtar Respublikası və Zəngilan rayonunun Ağalı kəndində yeni Qadın Qruplarının yaradılması, təlimlər vasitəsi ilə onların bacarıqlarını artırılması, qrup olaraq başladıqları kiçik agro biznesləri böyüdüb şaxələndirilməklə kənddəki digər işsiz qadınları da işlə təmin etməsi kimi məqsədləri hədəfləyir.
Layihınin icra cədvəlinə uyğun olaraq Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində aqrosahibkar qadınlarla görüş keçirilib. Məqsəd Muxtar Respublikanın rayonlarında fəaliyyət göstərən, kənd təsərrüfatının istehsal və emal sahələrində çalışan aqrosahibkar qadınların inkişaf ehtiyacları, aqrar bizneslərin böyüməsi və şaxələnməsi yollarının müzakirəsi və aqrar sahədə qadınların kollektiv bizneslər vasitəsi ilə təşkilatlanması olub.
Layihənin koordinatoru bildirib ki, daha sonra Muxtar Respublikanın aqrosahibkar qadınlarına “Biznesin İdarə edilməsi”, “Kooperativ quruculuğu” və “Rəqəmsal savadlılıq” mövzularında təlimlər keçiriləcək, ən fəal sahibkar, istehsalçı və emalçı qadınlarla fəaliyyətimizi davam etdirəcəyik. Naxçıvanda həyata keçirilən fəaliyyətlər eyni olaraq işğaldan azad olmuş Zəngilanın Ağalı kəndində də təkrar olunacaq.
İyul ayının sonlarında yeni yaranan qadın kollektivlərinin cəmiyyətə təqdim edilməsi mərasimləri keçiriləcək.