Elnur Uğur Abdiyev 1980-cı ildə Neftçala rayonu Aşağı Surra kəndində dünyaya göz açıb. Lənkəran Dövlət Universitetinin Ana dili və ədəbiyyatı ixtisası üzrə ali təhsil alıb. Hal-hazırda müəllim işləyir. Yaradıcılığa gənc yaşlarından başlamış,şeirləri mütəmadi olaraq dövri mətbuatda çap olunur. Qızıl Qələm Mükafatı Laureatı, AJB-nin üzvü,Sabahinfo.az saytının ədəbiyyat bölməsinin rəhbəridir.
YAŞASIN
Ömür baxmır yoxsula,ya zənginə,
Ötüb keçir, sən bax məzlum yaşa,sın.
Bir rəng qatır, ya ilk,ya son zənginə,
Hər zəngində öz rəngini yaşa,sın.
Bacarırsan gövdən üstə baş daşı,
Əl qaldırmaz qaldırmasa baş daşı.
Elə yaşa,sabaha ya baş daşı,
Ya məzar oy,səndən nəsə yaşasın.
Hardan hara gəldik yolu sevgidən,
Sevə-sevə sevgi saça saldı dən.
Hər sözümlə qəlbə əksin sevgi dən,
Yoxsa məni quru yuyun,yaş asın.
SEVDİRMƏ ÖZÜNÜ
Sənsizlik günləri darayacaqsa,
Həsrət kök salacaq,qarıyacaqsa.
Gözlərim yolunda qanayacaqsa,
Sevdirmə özünü,sevdirmə mənə.
Tale yazmayıbsa,doğmalıq bizə,
Qoy yenə yad olaq bir-birimizə.
Yadlar güləcəksə, bu sevgimizə,
Sevdirmə özünü,sevdirmə mənə.
Xəyalın kölgətək hər an,hər gündə,
Mənlə addımlayır bir addım öndə.
Yalnız xəyal olub gələcəksənsə,
Sevdirmə özünü,sevdirmə mənə.
Eşq ilə bağlanır qəlblər qəlblərə,
Eşqsiz nə dağ dağdır , nə dərə dərə.
Bir gün çıxacamsa, sənsiz səhərə,
Sevdirmə özünü,sevdirmə mənə.
Qoy belə yaşayaq qismət budursa,
Sevgi sevgi deyil, günah yumursa.
Sən sevən Elnur yox,Elnur Uğursa,
Sevdirmə özünü,sevdirmə mənə.
ÖLƏN GÜNLƏR
Getmək,
ta ulduzlara qədər,
getmək keçir bəzən,
üzün içindən.
Bunu oxuya bilmir,
yanındakılar üzün cizgisindən.
Gözləri sayır,
gecənin yaxalığından asılıb qalan,
zər ulduz düymələri.
Gözlərinə döymək istəyir,
göyün sinəsinə döyülən döymələri.
Gecələr, internet səhifəsində,
mesaj bölümündə,
öldürdüyü saatlar.
Hər ötdüyündə bir ulduz batar,
onun doğulmaq illüziyasında.
Beləcə bitər bir günü də.
səhər doğan an,
körpəsi kəpənəktək qonar yaxasına.
Bağrında bir dodaq isinər.
Şirinliyi ilə dodaqlar sevinər.
Bu şirin səsdə,
gedəcəyi yol qırılar,
bir istəyin.
sığar içinə çatlaq çərçivənin.
DƏRİNDƏ
Üzü gömgöy xəyal adlı dənizin,
İdrakım can atır üzə dərində.
Fikrim saçlarıma düşən dən izin,
İstəyir kökündən üzə dərində.
Mən boyda gəmiyə içdə mən avar,
O mənlə çəkirəm məndə mən avar.
Hər bir dərinlikdə dərin məna var,
Dayazlar çıxarmı üzə dərində?
Həyat yollarında ömür bir dəyər,
Dəyər ver, nə büdrə,nə də bir dəy,ər.
Qorxuram,ay Elnur ,xətrinə dəyər,
Kimisə bir fikrin üzə dərində.
SƏNSİZLİYİN SƏHNƏSİ
Əllərim unutmur,
sancılı-sancılı qıvrılan tellərini.
Hər gün təkrar edir,
əllərindən köçürdüklərini.
İstəyirəm,xatirələrdən qaçam,
sənsizlikdə səni yaşatmayam.
İstəyirəm,oxumayam daha,
bu yarımçıq əsəri.
Başqa obrazlar da çəkə bilmir məni,
bir oxucu kimi.
İstəyirəm istəyimi bitirim.
Sən,
siz ikən,
bu kitabı vərəq-vərəq unudum.
Eh,sən isə qurtum-qurtum,
Hər gün gözlərimdən qopursan,
yenə də əllərimə hopursan,
yazılırsan yaddaşına barmaqlarımın.
Hər günümdə bir az da böyüyürsən.
Sənsizlik deyilsə də,adına bu əsərin.
Müəllif sənsən,
baş obraz da.
Bir də əllərimdə tərləyən xatirələrin,
hər gün alnımı silir,
və alnımda sənə aid olan yazı dirilir,
xatirələrdə.
KEÇİR
Getdin addımında dondu baxışlar,
Üstündən illərdir nələr var keçir.
Bir vaxt yollarının keşiyin çəkən,
Gözlərim üstündən o yollar keçir.
Mənsiz o gözlərin işıq içməzdi,
Nəsə fərq etməzdi,nəsə seçməzdi.
Onda aramızdan su da keçməzdi,
İndi aramızdan yad qollar keçir.
Duyğular üsyanda çıxıb yürüşə,
Çətin bu yürüşlə zəfər görüşə.
Daha salamlar da gəlmir görüşə,
Qəlbdən əlvidalar,sağollar keçir.
VAR
Ömrümüz səslərin,rənglərin cəmi,
Hər rəngin öz səsi,öz ahəngi var.
Bir səsdə zilin zil,bəmin bəm dəmi,
Yaxşı bax,bir səsin neçə rəngi var.
Fərqlərdən yaranır eyniyyət bütün,
Eyniyyət fərqləri ayırmaq üçün.
Ya məskun olmanın,ya da bir köçün,
Əslində,özüylə özgə cəngi var.
Bir durna qatarı nəğmə bəstələr,
Bir güllə qatarı səsi süst elər.
Bir qatar da keçər, cingildər relslər,
Anlarsan ağzında bir üzəngi var.
MƏN BİR ƏSGƏRƏM
Mən bir əsgərəm,
silahım sevgi,
güllələrim sözdəndir.
Hər gülləm arxasında,
arzular "düzlən" əmriylə düzləndi.
Önündə əyilə-əyilə,
bir həyat gizləndi,
hər atəşimin.
Mən bir əsgərəm,
əsgərliyim,
qələbə əzmim kimi möhkəm.
Addımlar irəli,
marşım,"Azərbaycan əsgəri",
bir də "Təki sağ olsun,Vətən!"
Mən bir əsgərəm,
gecələr ən dərin səngərim.
İçimdəki təklik,
boşa çıxmış güllələrim.
Mən bir əsgərəm,
atəş əmrini verib zaman.
Silahımı sözlə doldururam.
Qan tökmək mənlik deyil,
əyil.
Keç öz günahının üstündən,
Mənim sevgimin altından!!