Ermənistan üçün "qum saat"ı işə düşüb...

Özünü təklənmiş sayan düşmən seçim qarşısında; Azərbaycanın uğurlu hərbi manevrləri İrəvanla yanaşı, Moskvanı da tələsməyə vadar edir; son genişmiqyaslı təlimlərin düşmən tərəfdə təlaş yaratmasının əsas motivi; Sərkisyan rejiminin nə hərbi, nə də siyasi maskalanması daha ona kömək edə bilməyəcək, çünki...
Azərbaycanın cəbhə xətti yaxınlığında 5 günlük, genişmiqyaslı, 25 min hərbçinin, yüzlərlə zirehli texnika və artilleriya qurğusunun cəlb olunduğu təlimləri dünən başa çatdı. Prezidentlərin Peterburq görüşünə təsadüf edən bu təlimlər gözlənildiyi kimi, düşməni heç vaxt olmadığı şəkildə təlaşlandırdı. Həm də o səbəbə ki, həmin təlimlər maksimum döyüş şərtlərinə uyğun şəraitdə keçirilirdi.

Hərbi ekspertlərə görə, faktiki olaraq Azərbaycan Ordusu Qarabağı azad eləmək üçün bu dəfə yeni və olduqca dağıdıcı bir hücum taktikasını sınaqdan çıxarıb. Erməni tərəfinin əndişəsinin əsas motivi qismində bu göstərilir - Azərbaycanın istənilən an apreldəki hərbi uğuru daha geniş miqyasda təkrarlaya bilməsi reallığı.