Əgər sənə yalan desəm
Eşq dəlisi... sevən kəsəm,
Heç mümkünmü səndən küsəm?
Əgər sənə yalan desəm--
Dilim ağzımda qurusun!
Xatirələr düzüm-düzüm,
Sənsiz yoxdur məndə dözüm.
Yollarında qalsın gözüm--
Əgər sənə yalan desəm!
Sevinc qapımı döyməsin
Əlim əlinə dəyməsin.
Fərəh içimdə göynəsin--
Əgər sənə yalan desəm!
Həsrət saçını yolmasın,
Könlünə kədər dolmasın.
Vüsal qismətim olmasın--
Əgər sənə yalan desəm!
Gəl sinəmi sən yar..,bax
Qəlbim sənsiz solğun yarpaq.
Qoy yorğanım olsun torpaq--
Əgər sənə yalan desəm!
Əllərim qoynumda qalmışam tənha
Sən aldın ağlımı,bircə baxışla.
Gəldin həyatıma.. qarla,yağışla.
Tərk etdin ömrümü... gözümdə yaşla--
Görən dözəcəkmi, qəlbim bu dərdə?
Pozuldu aradan o təzə izlər,
Aldatdı könlümü məkirli gözlər.
Yumaz günahını..dərya,dənizlər--
Qəbahət axtarma.. Arazda,Kürdə!
Sanırdım bu eşqdə sənsən gərəyim,
Nə yazıq hədəfin oldu kürəyim!
Elə parçalandı...,yandı ürəyim!!--
Çətin ki,yamana, düzələ bir də!
Sənin son gedişin mənə çox baha,
Ümid də tükəndi.. guman da daha!
Əllərim qoynumda qalmışam tənha
Sən məni tək qoyub ,getdiyin yerdə!
Soraq salıb ürəyimi gəzirəm
Göy çəməndə çiçək əkib bitirdim.
Hey bəslədim,bar gününə yetirdim.
Dərən vaxtı düz səmtini itirdim--
İtirdiyim çiçəyimi gəzirəm!
İtirdiyim... qəlb evimdə qəm oldu,
Həsrətindən gözüm doldu,nəm oldu.
Arzularım,istəklərim kəm oldu--
Yarı qalan diləyimi gəzirəm!
O insafsız bax sinəmi .. tən yarıb,
Çiçəklə cüt, sevgimi də qoparıb.
Ürəyimi bir qız xəlvət aparıb--
Soraq salıb ürəyimi gəzirəm!
Ürəyim bir şeir həsrəti çəkir
Təbimin köhləni dördnala səkir.
Ürəyim bir şeir həsrəti çəkir.
Dolaşır başımda nə qədər fikir--
Qarışıq fikirdə azmağım gəlmir!
Köhnə deyimlərdən yorulmuşam ta,
Dəniztək çalxanıb, durulmuşam ta.
Yeni kəlamlara vurulmuşam ta--
Köhnəyə rəng verib yozmağım gəlmir!
Od-alov gəzirəm..,köz axtarıram.
Ruhumu oxşayan göz axtarıram.
Faziləm təptəzə söz axtarıram--
Deyilmiş sözləri yazmağım gəlmir
Təkliyimin qapısını döyən yox!
Təkliyimin qapısını döyən yox,
Həsrətimin acısını duyan yox.
Kimsəsizəm... kömək edim,deyən yox--
Qalmışam dərdimlə,guman içində!
Binə qurub ürəyimin başında.
Qəm göyərib gözlərimin yaşında.
Bir gün gələr yazılar baş daşımda:
Yaşayıb tək-tənha zaman içində!
Yaman düşdüm...tələsinə dünyanın,
Kədər dolub sinəsinə dünyanın!
Nə deyəsən... beləsinə dünyanın!!!
Azmışam bir qatı duman içində!
qollarım üstündə yatsan da belə
Mənim atəşimdə yandın..nə fayda?
Külünü külümə qata bilmədin!
Özüm yanındayam... könlüm uzaqda..
Sevgimlə vüsala çata bilmədin!
Sən mənim cismimlə qovuşdun ..ancaq,
Eşqim səndən ötrü xəyal olacaq.
Ruhumuz göylərdə tənha qalacaq--
İkisin bir yerdə tuta bilmədin!
Məhəbbət dünyamız qəm,kədər,çilə...
Uğursuz bir ömür sürürük hələ.
Qollarım üstündə yatsan da belə--
Qəlbimdə yer tutub,yata bilmədin!