İranda 2 min batalyon təşkil olunub

İranda ölkə üzrə könüllülərdən ibarət 1500 "Beytul-Müqəddəs” adlı batalyon, 500 isə "İmam Hüseyn (ə)” adlı batalyon təşkil olunub. Bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") komandanı general-mayor Məhəmməd Əli Cəfəri deyib. Trend-in məlumatına görə, bu barədə İranın Fars agentliyi məlumat verir.

Bu gün İranın Qum şəhəri ətrafında İran könüllülərindən ibarət 120 batalyonun iştirakı ilə "İla Beytül-Müqəddəs” (Beytül-Müqəddəsə kimi) adlı hərbi təlimlər keçirilir. Həmin təlimlərdə iştirak edən könüllülər qarşısında çıxış edən "Sepah” komandanı Məhəmməd Əli Cəfəri deyib ki, İranın "Bəsic” könüllülər qüvvələrinin hərbi hazırlığı həm struktur, həm də təşkilatçılıq baxımından keçmişlə müqayisədə tamamilə dəyişib: "Bəsic təhlükəsizlik, müdafiə, siyasi, mədəniyyət, yumşaq müharibə və iqtisadi sahələrdə aktiv faəliyyət göstərir.”

M.Ə.Cəfəri deyib ki, bu gün düşmənlər region ölkələrində və Avropada sabitliyi pozmağa çalışırlar və Parisdə baş verənlər bu sabitsizliyin zirvəsidir: "Düşmənlər çox çalışdılar ki, bizim ölkənin də sabitliyini pozsunlar, amma təhlükəsizlik qüvvələrinin çalışması və gücü nəticəsində onların bütün planları pozuldu”.

M.Ə.Cəfəri deyib: "Bəsic”in əldə etdiyi nailiyyətlərdən biri budur ki, bu gün İranda, Suriyada, İraqda və Yəməndə könüllü qüvvələr bir-biri ilə birləşiblər: "Bütün bu qüvvələr arasında yaranmış vəhdət Vahid İslam Ümmətinin təşkil olunmasının göstəricisidir və bu vəhdət davam edəcək.”