Birlikdə yeni qələbələrə doğru

Fevralın 7-də keçirilmiş Prezident seçkiləri ilə xalqımız daha bir tarixi uğura imza atdı. Biz dünyaya seçki mədəniyyətimizi göstərərək firavan və sabit inkişafda olan ölkəmizdə nümunəvi seçkilər keçirməklə qələbələrimizə daha birini əlavə etdik. Bu seçkilərin ən parlaq özəlliyi xalqımızın, siz seçicilərin göstərdiyi hədsiz fəallıq oldu. Biz bir daha necə həmrəy olub, bir yumruğa çevrilib Vətən, dövlət naminə Liderimizin ətrafında birləşdiyimizi dünyaya nümayiş etdirdik.

Çox sevindirici haldır ki, bu mütəşəkkilliyi, bu həmrəyliyi seçicilərim, 17 saylı Yasamal üçüncü seçki dairəsinin sakinləri də göstərdilər. Mərkəzi Seçki Komissiyasının rəsmi statistikasına əsasən, ölkəmizdə faiz etibarilə ən böyük aktivliyi Yasamal rayonunun seçiciləri göstəriblər. Eyni zamanda, seşki dairələri üzrə ən böyük fəallıq dairəmizdə qeydə alınıb - 89,22%. Bu, 17 saylı Yasamal üçüncü seçki dairəsini Milli Məclisdə təmsil edən millət vəkili kimi məni çox qürurlandırır. Seçicilərimizin hər birinə Prezident seçkiləri kimi dövlət əhəmiyyətli tədbirdə göstərdikləri bu vətəndaşlıq nümunəsinə görə təşəkkür edirəm. Var olun!

Eyni zamanda qeyd etməliyəm ki, bu göstərici partiya fəallarımızın rayonumuzda apardıqları seçki təbliğatı və təşviqat kampaniyasının bəhrəsidir. Bu münasibətlə Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının rəhbərliyi və seçki komandasını təbrik edirəm!

Bu nəticə insanlarımızın partiyamıza olan etimadıdır, YAP Yasamal Rayon Təşkilatına, onun işinə verilən qiymətdir. Bu, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığımız Zəfərə verilmiş dəyər və gələcəyə olan inamın göstəricisidir. Birlikdə yeni qələbələrə doğru!

 

Elnur Allahverdiyev

Milli Məclisin deputatı