Əli və Nino” Kitab Evi ilə yazar Qan Tural arasındakı qalmaqal yaşanır. . Kitab evinin rəsmi Facebook səhifəsində adminin yazar haqqında yazdığı sözlər ikincini özündən çıxarıb. Sabahinfo.az xəbər verir ki,saytın səhifəsində "İyun ayında hansı kitabları oxumaq istəyirsiz?” sualına istifadəçilərdən bəziləri "Doqquz hekayə” kitabını oxumaq istədiklərini bildiriblər.Bunun qarşılığında isə "Əli və Nino”nun admini adından belə bir şərh yazılıb: "Əziz dostlar, ”9 hekayə" kitabını müəllif pulsuz paylayır. Müəllifə müraciət edin".
Kitab Evi ilə yazar arasında mübahisə böyüyür
Qan Tural hesab edir ki, bu, ona qarşı ciddi təxribatdır.
Bu
arada kulis.az saytı "Əli və Nino” mağazalar şəbəkəsinin bəzi
müəlliflərin kitablarının satışında yaratdığı süni əngəllərə münasibət
bildirməsi üçün Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və
nəşriyyatlarla iş şöbəsinə müraciət edib. Şöbənin məsələ ilə bağlı rəy
verilib. Rəydə göstərilir ki, hazırda konkret olaraq Bakı şəhərində
böyük ticarət mərkəzlərində, dəftərxana ləvazimatı satılan mağazalarda
kitab satışı həyata keçirilir. Bakının mərkəzi küçələrində sərbəst
fəaliyyət göstərən kitab mağazalarını necə danmaq olar?! Bu mağazaların
böyük əksəriyyəti özəldir.
Bu o deməkdir ki,
kitaba maraq əsaslı dərəcədə yüksəlib. Mağazaların artımı, kitab yayımı
sahəsində təklif və tələb prinsipinin ildən-ilə məhz reallığı əks
etdirdiyini kim inkar edə bilər? Ədəbiyyatımız da inkişaf edir. Son
illər dərsliklərin yüksək məzmunu və ona uyğun poliqrafiya ilə nəşri
sahəsində böyük intibah baş verib. Müəlliflərin adları, işıq üzü görən
kitablar o qədər çoxdur ki, hamısını yadda saxlamaq olmur. İnternet,
virtual məkan nə qədər hökmranlığa can atsa da, kitab nəşri yayımı
ildən-ilə daha da genişlənir. Dövlət ümumi inkişaf prosesini
dəstəkləyir, nəşriyyatların, kitab yayımçılarının təşəbbüslərini
kulturoloji və maddi dəstəklə müdafiə edir. Amma hansısa icra orqanı
deyə bilməz ki, kimsə kitab mağazası yaratsın, yaxud yaratmasın, deyə
bilməz ki, hansı mağazada hansı kitab satılsın, yaxud oxucu bu kitabı
alsın, o birini yox...
Hazırda Azərbaycanda kitab yayımı
dünyanın bir çox inkişaf etmiş ölkələrinə mütənasib şəkildə inkişaf
edir. Əlbəttə, kitab yayımı işi bütün hallarda müəlliflərin mənafeyi
gözlənilməklə daha da genişlənməli, yeni, modern kitab mağazaları,
mütaliə klubları, kitab evləri yaradılmalıdır. Çünki söhbət cəmiyyətin
özünü idarəsində olduqca zəruri bir məsələdən - biliyin, intellektual
sərvətlərin insanlara çatdırılmasından gedir".
Qan
Tural isə "Yeni Müsavat”a açıqlamasında nazirliyə məsələ ilə bağlı
ortaya qoyduğu qəti mövqeyə görə təşəkkür edib. Onun sözlərinə görə,
dövlət, əlbəttə ki, birbaşa ədəbi prosesə müdaxilə etməməlidir, lakin
yeri gəldikcə həqiqəti deməkdən də çəkinməməli, rəydə bildirildiyi kimi
müəlliflərin mənafeyini qorumalıdır:"Biz barışıq istəyirik, barışıq üçün
də şərtimiz bəllidir; Azərbaycan yazıçılarının kitabları bu mağazada
satışa çıxarılmalı və onlara qarşı qoyulan qadağa qeydsiz-şərtsiz
götürülməlidir. Lakin biz görürük ki, ”Əli və Nino" artıq təxribata əl
atır. Belə ki, mənim kitablarımın guya pulsuz yayılması ilə bağlı öz
səhifəsində qeydlər yazır və öz aləmində bizi ələ salır. Bu təxribat
onların nə qədər qeyri-ciddi insan olduğunu, məncə, əyani şəkildə sübut
edir. Mədəniyyət və Turizm Nazirliyinin məsələyə münasibəti də onları bu
çirkin əməllərindən nəinki döndərir, hətta onlar öz səhvlərində səbat
göstərməyə davam edirlər".