Bu gün Azərbaycan beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara-bir sözlə, nüfuzlu tədbirlərə evsahibliyi edir. Bu miqyaslı tədbirlərin keçirilməsi ölkəmizə həm siyasi, həm də iqtisadi qazanc gətirir.
"Azərbaycanda həyata keçirilən tədbirlər, o cümlədən Avropa oyunları, Formula 1, IV İslam Həmrəyliyi Oyunları Beynəlxalq Olimpiya Komitəsi tərəfindən təsdiqlənmiş tədbirlərdir. Ölkədə keçirilən tədbirlər təsadüfi təşəbbüs deyil. Lakin Azərbaycanı istəməyən insanlar bu cür tədbirlərin əhəmiyyətini dərk etmir və qəsdən belə bir məsələni ortalığa atırlar.
"Beynəlxalq tədbirlər dünyaya ölkənin səviyyəsini nümayiş etdirir. İstənilən beynəlxalq tədbirlər, həmçinin idman yarışları yeni dostların qazanılması deməkdir. İdman yarışlarında ən böyük nailiyyətlərdən biri medallardan sonra, təbii ki, digər ölkələrlə əməkdaşlıqdır. Dostlarımız nə qədər çox olsa, bir o qədər bizim üçün yaxşı olacaq.
Bilirsiniz ki, hazırda torpaqlarımız işğal altındadır. Biz bütün tədbirlərdə əsasən Azərbaycan torpaqlarının azad olunması məsələsini qabardırıq. Bütün beynəlxalq təşkilatlar, eyni zamanda ölkəyə gələn qonaqlar birmənalı olaraq həm Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat alırlar, həm də Ermənistanın təcavüzkar siyasətinin şahidi olurlar.
Zaman-zaman ermənilər azərbaycanlılarla birgə yaşaya bilmədiklərini dilə gətirirlər. Lakin məhz bu tədbirlər sayəsində onların fikirləri alt-üst olur. Bura gələn müxtəlif ölkə nümayəndələri bir neçə müxtəlif xalqın bir yerdə yaşadığını, tolerant dövlət olduğumuzu müşahidə edirlər. Ona görə də Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi çox vacibdir”.