Oktyabrın
14-də rayon İcra Hakimiyyətinin akt zalında rayonun 2016-cı ilin doqquz ayında
sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun
Cəfərovun hesabat yığıncağı
keçirilib.
Sabahinfo.az-a verilən məlumata görə Hesabat yığıncağında rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının, səhmdar cəmiyyətlərin rəhbərləri, RİH Başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
Məruzə nitqi
ilə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bildirib ki, Azərbaycan
Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə Respublika
Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş 07 oktyabr tarixli iclasında bu ilin 9 ayında görülmüş
işlər ətraflı təhlil edilmiş, qazanılan nailiyyətlər yüksək
qiymətləndirilmişdir.Ölkə rəhbəri Azərbaycanda
baramaçılığın, pambıqçılığın, üzümçülüyün və tütünçülüyün inkişafına dövlət
dəstəyinin bundan sonra da davam etdirilməsi, zəruri ərzaq məhsulları ilə
təminatın, ət və süd məhsullarına olan tələbatın ödənilməsi, meliorativ
tədbirlərin davam etdirilməsi, torpaqlardan səmərəli istifadə olunması, o
cümlədən turizm sənayesinin yaradılması istiqamətində görülən tədbirlərin
davamlı olmasını xüsusi qeyd etmişdir.Ölkə Prezidenti 2016-cı ildə nəticələrin
yaxşı olduğunu və 2016-cı ilin ölkə iqtisadiyyatı üçün ağır olmasına baxmayaraq
yaxşı nəticələrin əldə olunmasını qeyd edərək, ölkəmizin inkişaf yolu ilə
getdiyini və gedəcəyini xüsusi vurğu ilə qeyd etmişdir. Möhtərəm Prezidentimiz
çıxışında ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edən ümumxalq səsverməsi
referendumun keçirildiyini, həmin referendumun ədalətli, demokratik, tam şəffav
şəkildə keçdiyini və referendumun nəticələrinin xalq tərəfindən dəstəkləndiyini
və xalqın iradəsinin nəticəsində öz əksini tapdığını bildirdi.Qeyd etməliyəm
ki, rayonumuzda da keçirilən ümumxalq səsverməsi referendumda seçicilərimiz
fəallıq göstərmiş və seçicilərin 69,54 faizi seçkilərdə iştirak edərək sərbəst
şəkildə öz arzularını ifadə etməklə konstitusiyamızda edilən əlavə və dəyişikliklərə səs vermişlər. Rayon rəhbəri qeyd edib ki, Dövlət
Proqramına əsasən rayonumuzda da nəzərdə tutulmuş bir çox tədbirlər uğurla həyata keçirilmişdir. "Azərbaycan
Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə
əlaqədar Respublikamızın hər bir
regionunda olduğu kimi rayonumuzda da böyük irəliləyiş olmuş, yeni iş
yerlərinin yaradılması istiqamətində böyük və ardıcıl işlər görülmüşdür.Rayonda
pambıqçılığın, baramaçılığın, maldarlıq, narçılıq, üzümçülük, taxılçılıq,
istixanaların tikilməsi, balıq göllərinin yaradılması, ümumilikdə kənd təsərrüfatının
bütün sahələrinin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar
atılmışdır.Sahibkarlığın inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondunun xətti
ilə 2016-cı ilin 9 ayında Kürdəmir rayonunun
10 sahibkarına 117 min manat məbləğində kredit verilmiş və nəticədə 12
yeni iş yeri yaradılmışdır.Cənab Prezidentimizin tapşırığına əsasən və eyni
zamanda rayonun sosial-iqtisadi inkişafı Proqramında nəzərdə tutulmuş
tədbirlərin həyata keçirilməsi nəticəsində 2016-cı ilin III rübündə 668 nəfər
işlə təmin olunmuşdur ki, bunlar əsasən
rayonumuzda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar tərəfindən
yaradılmış vakant iş yerləridir. 2016-cı
ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə rayonumuzda ümumi məhsul
buraxılışı 0,7 faiz artaraq 260 milyon 571 min manat təşkil etmişdir. Ümumi
məhsul buraxılışının 71,7 faizi istehsal, 28,3 faizi xidmət sahələrində olmuşdur. Bunun 17,7 faizini sənaye, 44,1
faizini kənd təsərrüfatı, 0,9 faizini tikinti, 1,4 faizini nəqliyyat, 0,2
faizini rabitə, 26,7 faizini isə ticarət sahələri təşkil edir. Hesabat dövründə regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramına uyğun olaraq rayonumuzda aqrar sektorun inkişafı
diqqət mərkəzində saxlanılmışdir.Cənab Prezidentimizin qeyd etdiyi kimi kənd
təsərrüfatının hər bir sahəsi bizim üçün cox vacibdir. Odur ki, biz çalışmalı
və kənd təsərrüfatının bütün sahələrini maksimum dərəcədə inkişaf etdirməli,
ixrac yönümlü məhsulların istehsalına daha çox diqqət yetirməliyik. Rayonda
taxıl istehsalının artırılması sahəsində müvafiq tədbirlər görülmüş, bu ilin
məhsulu üçün ötən ilin payızında əkilmiş 40198 hektar taxıl sahələri 1,6 dəfə
suvarılmış, 30 min hektardan çox sahəyə üzvü və mineral gübrələr verilmiş, 12
min hektarda ziyanvericilərə qarşı, 8 min hektarda alaq otlarına qarşı mübarizə
aparılmışdır.Taxıl biçininə hazırlıq mütəşəkkil aparılmış, kənardan cəlb
edilənlərlə birlikdə zəmilərə 140-dan çox kombayn çıxarılmış, 20 iş günü
müddətinə ən minimal itkilərlə taxıl biçini başa çatdırılmışdır. Havaların
taxılçılıq üçün əlverişsiz keçməsinə baxmayaraq yüksək məhsul əldə etmək üçün
görülmüş aqrotexniki tədbirlər nəticəsini vermiş, bu il 103,4 min tondan çox
məhsul istehsal edilmiş, hektardan məhsuldarlıq 25,7 sentner olmuşdur.Toxum
istehsalına daha ciddi fikir verilmiş, 5 min tonadək toxumluq dən ayrılmış və
çeşidlənərək 3800 ton yüksək reproduksiyalı toxum əldə edilmişdir.Bu il təkrar
əkinlər də daxil olmaqla 500 hektardan çox sahədə dənlik qarğıdalı əkilmiş və
yüksək məhsuldarlığı təmin edən becərmə işləri təşkil olunmuşdur.Növbəti ilin
məhsulu üçün bu il də 40 min hektaradək taxıl əkilməsi nəzərdə tutulmuşdur.
Hələlik 25 min hektardan çox taxıl əkiləcək sahənin şumu çıxarılmış, 8 min
hektardan çox sahədə arpa əkilmişdir. Bir çox ərazilərdə taxıl əkini
gecikdirilir. Əkinin optimal müddətdə başa çatdırılması üçün bütün zəruri
tədbirlər görülməlidir. Hesabat dövründə 12377 hektarda yonca, 1217 hektarda
kartof, 2475 hektarda tərəvəz, 4059 hektarda bostan, 11 hektarda günəbaxan, 40
hektarda yerfındığı becərilmişdir. Sahələrdən 13660 ton kartof, 22270 ton
tərəvəz, 69345 ton bostan, 20 ton günabaxan, 523 ton qarğıdalı dəni istehsal
edilmişdir. Bu göstəricilər üzrə məhsullar ötən ildəkindən bir qədər çoxdur.
Ölkə Prezidenti Azərbaycana valyuta axınının təmin edilməsi məqsədilə ixracyönümlü
məhsulların istehsalının xüsusi əhəmiyyət daşıdığını, pambığın da ixracyönümlü
məhsul olduğunu və bu sahənin ciddi
inkişaf etdirilməsini qarşımıza mühüm vəzifə kimi qoymuşdur. Həmin tapşırığın
icrasını təmin etmək məqsədilə rayonumuzda bütün imkanlar təhlil olunaraq qısa
müddətdə qərargah yaradılmış, şirkətlərlə, aidiyyəti xidmət təşkilatları ilə
birgə əlaqəli iş qurulmuşdur.Müqavilə bağlanmış zavodlar tərəfindən
pambıqçıların təchizat və təminat məsələləri yüksək səviyyədə həll olunmuş,
nəticədə qısa müddətdə 1911 hektar sahədə pambıq əkilmişdir. Becərmə işləri də
aqrotexniki qaydada aparılmış, sahələrdə bol məhsul yetişdirilmişdir.Artıq
20-25 gündür ki, pambıq yığımına başlanılmış, yığıma 1000 nəfərə yaxın işçi
qüvvəsi, 2 pambıqyığan maşın, digər maşın və mexanizmlər cəlb edilmiş, 916
tonadək pambıq toplanmış və zavoda 850 ton məhsul təhvil verilmişdir.
Ümumilikdə pambıq əkini, becərilməsi və yığılması işinə rayon üzrə 2000-dən çox
işçi qüvvəsi cəlb edilmişdir. Başlıca vəzifəmiz yığımın mütəşəkkilliyini
artırmaqla qalan qısa müddət ərzində məhsulu itkiyə vermədən yığıb təhvil
verməkdən ibarətdir. Aidiyyatı adamlar bu işin məsuliyyətini dərk
etməlidirlər.Mülkiyyətçilər tərəfindən məhsulun itkisiz götürülməsi
istiqamətində daha ciddi tədbirlər görülməli, pambığın vaxtında yığılaraq
mütəşəkkil şəkildə qəbul məntəqələrinə təhvil verilməsi təmin edilməlidir. Qeyd
etməliyəm ki, bu işlər Topalhəsənli, Şilyan, Qarasu, Ərəbqubalı, Çöhranlı,
Yenikənd kənd icra nümayəndələri və bələdiyyələr tərəfindən yaxşı təşkil edilmiş,
lakin Xırdapay, Muradxan, Sığırlı, Carlı, Mehdili icra nümayəndələri və
bələdiyyələri, Peşə Liseyi və Kürdəmir Regional Aqrar Elm Mərkəzi tərəfindən bu işlərə
məsuliyyətsizliklə yanaşılmış, pambıq sahələrindən pambığın toplanmasında
ləngimələrə yol verilmiş və təşkilatçılıq zəif təşkil olunmuşdur. Rayonda pambıqçılığın inkişafı ilə əlaqədar
Cənab Prezidentimizin tapşırığına uyğun olaraq pambıq sahələri gələn il üçün 2
dəfə artırılaraq 4 min hektar sahədə pambıq əkilməsi planlaşdırılmış və pambıq əkiləcək
yerlər indidən seçilmişdir.Baramaçılığın inkişafı ilə əlaqədar bu il
rayonumuzda 46 kümçüyə 80 qutu barama qurdu verilmişdir. Kümçülərdən Şəki İpək
Açıq Səhmdar Cəmiyyəti tərəfindən 4 tonadək barama tədarük edilmişdir. Barama
istehsalına 240 nəfər işçi cəlb olunmuşdur. Gələn il 7 ton barama istehsalı
nəzərdə tutulmuşdur. Baramaçılıq üçün yem bazasının yaradılması məqsədi ilə
rayonumuzda 45 minə yaxın tut ağaclarının əkiləcəyi nəzərdə tutulur. Ölkə
Prezidentinin tapşırığına əsasən gələn il üçün 2000 hektar sahədə şəkər
çuğundurunun əkilməsi nəzərdə tutulur. Odur ki, aidiyyatı şəxslər şəkər
çuğundurunun əkiləcəyi sahələri və əkəcək icarəçiləri müəyyən etməli, şumun
çıxarılmasını və əkinə hazırlanmasını təmin etməlidirlər.Kənd təsərrüfatını
inkişaf etdirmək və yüksək məhsuldarlığa nail olunmasında meliorasiya və
suvarma sistemləri mühüm rol oynayır.
Torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə, bu ilin 9 ayında
724 km kanal və 94 km dren şəbəkəsi lildən təmizlənmiş, 75 hidrotexniki qurğu,
24 nasos kompleksi cari təmir olunmuş, 10,0 km beton kanal əsaslı təmir
edilmiş, 400 metr yeni latok kanal çəkilmişdir. Pambıq sahələrini normal su ilə
təmin etmək üçün 163 km kanal lildən təmizlənmiş və yenidən qazılmışdır.
Növbəti ildə pambıq və çuğundur əkiləcək yeni sahələrin suvarma suyu ilə təmin
edilməsi tədbirləri indidən görülməlidir. Rayonun Carlı kəndi ərazisində kəndin
əkin və həyətyanı sahələrinin su ilə təminatının yaxşılaşdırılması məqsədi
ilə "Xəzər-İnşaat E” MMC tərəfindən
Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sifarişi ilə
nasos stansiyasının tikintisinə başlanılmışdır. Regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramına uyğun olaraq 2016-cı ilin 9 ayı ərzində rayonumuzda
tikinti-quraşdırma, yenidənqurma və abadlıq işləri yerinə yetirilmişdir.Ölkə
Prezidenti Cənab İlham Əliyev rayonumuza səfəri zamanı töhfə olaraq müvafiq
Sərəncamı ilə rayonumuzun yaşayış fonduna daxil olan 21 çoxmənzilli yaşayış
binalarının əsaslı təmiri ilə əlaqədar 3,0 milyon manat vəsait ayırmış
və sərəncama uyğun olaraq, tenderdə
qalib gəlmiş "Tac 2014” MMC tərəfindən çoxmənzilli yaşayış binalarında əsaslı təmir
işlərinə başlanılmışdır. Əhalinin
məşğulluğunun artırılması məqsədi ilə rayon İcra Hakimiyyətinə ayrılmış vəsait
hesabına şəhərin 7 yaşayış binasında təmir işləri aparılır. Hazırda
şəhərin Heydər Əliyev prospektində 100 çarpayılıq rayonlararası Psixiatriya
Xəstəxanasının tikintisinə başlanılmış, rayonun Axtaçı-Qarabucaq kəndində 132
şagird yerlik tam orta məktəb binasının tikintisi məqsədi ilə Azərbaycan
Respublikası Nazirlər Kabineti tərəfindən Respublika Təhsil Nazirliyinə vəsait
ayrılmış, tərəfimizdən torpaq sahəsi müəyyənləşdirilmiş, hazırda layihə-smeta
sənədləri hazırlanıb Dövlət Ekspertiza idarəsinə təqdim edilmişdir.Ölkə rəhbəri tərəfindən qarşımıza mühüm vəzifələr
qoyulmuşdur. 2014-2018-ci illər üçün qəbul edilmiş Dövlət Proqramının
layiqincə yerinə yetirilməsində hər birimiz daha məsuliyyətlə işləməli,
rayonumuzun inkişafı ilə bağlı bütün imkanları səfərbər etməli, qarşıya qoyulan
vəzifələrin vaxtında və uğurla yerinə yetirilməsi üçün yüksək məsuliyyət və
səylə çalışmalıyıq.
Məruzə ətrafında Mil
Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı idarəsinin rəisi Əhliman
Kərimov,Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Məhəmməd Musayev,rayon Kənd
Təsərrüfatı idarəsinin rəisi Mətləb Kərimov,Rayon Təhsil şöbəsinin
aparıcı-məsləhətcisi Əsgər Hüseynov çıxış edərək rayonda görülmüş işləri yüksək
dəyərləndiriblər.
