Makedoniyada silahlı dəstə ilə toqquşma nəticəsində 20-dən çox polis yaralanıb

Makedoniyanın şimalındakı Kumanovo bölgəsində silahlı qrupa qarşı keçirilən xüsusi əməliyyat zamanı 20-dən çox polis əməkdaşı yaralanıb.

APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Makedoniya DİN-dən bildirilib.

 

Məlumata görə, silahlı qrup ölkə ərazisində bir neçə terror aktı törətməyi planlaşdırıb: "Silahlı qrup Makedoniyaya qonşu ölkələrdən birinin ərazisindən keçib. Buradakı tərəfdarlarının köməyi ilə rayon ərazisində gizli yerləşdirilən silahlı dəstə ölkədə bir neçə terror aktı törətməyi planlaşdırıb”, deyə DİN rəhbərinin köməkçisi İvo Kotevski bildirib. "Müvafiq qurumlar silahlıların yerini müəyyənləşdirib. Onlar Kumanovoda bir neçə evdə yerləşdirilib. Dəstə döyüş təlimi keçmiş və yaxşı silahlandırılmış şəxslərdən ibarətdir”, deyə o bildirib.  

 

 

DİN rəhbərinin köməkçisi əməliyyatın keçirilməsi üçün müvafiq qərargahın yaradıldığını bildirib. İvo Kotevski polis və ya əhali arasında itkilər barədə məlumat verməyib.

 

Yerli mətbuatın məlumatına görə, Skopye xəstəxanalarına 20-dən çox yaralanmış polis əməkdaşı yerləşdirilib.  

 

Qeyri rəsmi məlumatlara əsasən, silahlı dəstə Makedoniyaya Kosovo ərazisindən hücuma keçib.