Müzəffər Məzahim (Gözəlov Müzəffər Məzahim oğlu) 01 iyul 1957-ci ildə Neftçala rayonunun Qədimkənd kəndində anadan olmuşdur.
1987-1993-cü illərdə Moskva M . Qorki adına Ədəbiyyat İnistutunun Poeziya şöbəsini bitirmişdir.
Şerləri müxtəlif
dövrü mətbuatda dəfələrlə dərc olunub. " Görüşünə gəlmişəm”, "Ata ocağı” və "Gələn baharadək” adlı üç şerlər kitabları
çapdan çıxıb. Bir çox poemaların və "Bilgə xaqan” tarixi
dramasının müəllifidir. Azərbaycan
Yazıçılar Birliyinin üzvidir.
RUHUNU
Bir gün səsləyəcək, Vətən: - Qalx! – deyə,
O böyük gün üçün bəslə ruhunu.
Daim oyaq saxla,
ayaqda saxla,
Tarixin dibindən səslə ruhunu.
Bu yurddur tükənməz dövlətin-varın,
Kişilik simvolun, namusun, arın,
Hər cür sünilikdən, çirkabdan arın,
Köklə nəcabətə, əslə ruhunu.
Sarıl, qol-boyun ol məmləkətinlə,
Öyün bu yenilməz əmanətinlə,
Daim cilalansın qoy qeyrətinlə,
Saf ötür gələcək nəslə ruhunu.
Dərd verdikcə cavanlaşır,
Dünya heç ulu görünmür.
Ömür adlı bu dalandan,
Bir çıxış yolu görünmür.
Üzə geydiyim ümidin,
Sevib öydüyüm ümidin,
Ərklə döydüyüm ümidin,
O tayı dolu görünmür.
Insan tanrı nəfindədir,
Doğulandan kəfəndədir.
Dünya hələ kefindədir,
Dərdlərdən halı görünmür.
YAŞADIM
Büdrədim, yıxıldım geri dönmədim,
Ömrün ətəyindən tutub yaşadım.
Hər əsən küləkdən, mehdən sönmədim,
Ümiddən bir ocaq çatıb yaşadım.
Qəmə mehman olan taleyimlə mən,
Barışdım əzəldən, yollarımda çən...
Payız günəşitək hərdən görünən,
Sevinci kədərə qatıb yaşadım.
Keçdi əyləncədə ömrümün çoxu,
Tərsinə fırlandı fələyin
çarxı,
Niyə gileylənim bəxtimdən axı? –
Ömrümü qəflətdə yatıb yaşadım.
Dünyanı sevdikcə tükəndim, bitdim,
Torpağa əyildim düzəldi qəddim,
Savab qazanmaqda naşılıq etdim,
Nə qədər günaha batıb yaşadım.
Çəkdim cəfasını dostun, sirdaşın,
Qohumun, qonşunun, yadın, qardaşın,
Hər kəsin dərdinə qarışdı başım,
Qayğılar içində itib yaşadım.
Cəzamı verməyə gətirdin, Allah,
Bu yazıq bəndəni bu şər
dünyaya?
Yoxsa doğulmamış
etdimi günah,
Götürüb tulladın bəşər
dünyaya?
Daddırdın həyatı bal,
nobat kimi,
Sonsuz arzu verdin
amanat kimi,
Ömrünə, bəxtinə
mükafat kimi,
Gətirdin qəlbində qəhər
dünyaya,
Verdin ədaləti, səmimiyyəti,
İnsafı, mürvəti, gözəl
niyyəti.
Fəqət əsirgədin səlahiyyəti,
Etdin bu yazığı yəhər
dünyaya.
Başından əsgilmir
qovğa, qalma-qal,
Zərbəni vurduqca
vurdun dalba-dal,
Dərddən, ehtiyacdan
tapdımı macal,
Verə sevincini nəmər
dünyaya?
Ruhunu, cismini cəbrə
bağladın,
Bütün ümidini səbrə
bağladın,
Ömür örkənini qəbrə
bağladın,
Keçdi doğanaqdan kədər
dünyaya.
Dünyanı yaradan, nizam saxlayan,
Yaxşını, yamanı seçəni
vardır.
Ölüm kövşənində şələ
bağlayan,
Ömür zəmisini biçəni
vardır.
Sevincə dərd hörür öz
hanasında,
Ümid parıldayır zər
tanasında.
Həyat mənzilinin
astanasında,
Qapısı vardırsa keçəni
vardır.
Sevinc təsəllidir, qəm
yaşanandır,
Ürəyi incidən kəm
yaşanandır,
Həyat həm ümiddir, həm
yaşanandır,
Dərdi sevinc bilib içəni
vardır.
Müzəffər, uzaq dur bal
pətəyindən,
Arif ol, məhşəri duy
tütəyindən,
Tanrı bələdçindir, tut
ətəyindən,
Ömrün həm zülməti, həm
çəni vardır.
ÖYRƏNİRƏM
Dünya mənim yaşıdımdır,
Mən dünyanın uşağıyam.
Ömür məndən yuxarıdır,
Mən ölümdan aşağıyam.
Bu dünyanı seyr edirəm,
Tale adlı pəncərədən.
Fələk ölü hazırlayır,
Mənim kimi biçarədən.
Ömrü ömrüm qədərdirsə,
Qədər nədən qədir bilmir.
İnsafını Allah kəsib,
Möhlət, aman nədir bilmir.
Bu dünya tək mənzillidir,
Rahat ömür sürən yoxdur.
Qapısında bir giriş var,
Çıxışını görən yoxdur.
Yaşamağı hamı blir,
Yaşanmağı öyrənirəm.
Çox daşıdım, son mənzilə
Daşınmağı öyrənirəm.
GİRİNC QALIB
Haqqı vermişdilər bizə əmanət,
Aldı əlimizdən yalan, xəyanət,
Hanı bu dünyada insaf, ədalət,
Namərdin əlində mərd girinc qalıb.
Cah-cəlal uğrunda çabalaşırıq,
Xeyrimiz tapdansa qabalaşırıq,
Xırmana çatmamış yabalaşırıq,
Şumda kəsdiyimiz şərt girinc qalıb.
Hər gün tikə-tikə çalınır Vətən,
Dərdmi içimizi doğrayıb didən?
Torpağı tapdanan, namusu itən,
Millət "Yallı” gerdir, dərd girinc qalıb.