Azərbaycan Universitetində Ömürboyu təhsilə dəstək: Təlim-Tədris Mərkəzi, Keyfiyyət təminatı şöbəsi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilən “Learn2Share” layihəsinin final tədbiri keçirilib. Tədbiri universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva da izləyib.
Tədbirin açılışında Təlim-Tədris Mərkəzinin müdiri Samir Salayev çıxış edərək layihə haqqında məlumat verib. Samir Salayev qeyd edib ki, layihədə iştirak edən tələbələr müsahibə yolu ilə seçiliblər. Onlar aprel – may ayları ərzində “Problemi seçmə və problemi araşdırmaq yolları”, “Problemin aktuallığını və təklifləri vizuallaşdırmaq yolları”, “Təsirli nitq – natiqlik vasitəsi ilə mesaj çatdırmaq” mövzusunda təlimlərdə iştirak ediblər. Bu gün isə layihə iştirakçıları əldə etdikləri bilik və bacarıqları tətbiq edərək öz ideyalarını təqdim edir, aktual problemlərin həlli istiqamətində təkliflərini bölüşürlər.
Ardınca “Learn2Share” layihəsi çərçivəsində təlimlərdə iştirak etmiş 19 tələbə auditoriya qarşısında aktual mövzular üzrə çıxış edib, təqdimat və natiqlik bacarıqlarını nümayiş etdiriblər. Təqdimatlar tələbələrin şəxsi inkişaf və ictimai çıxış sahəsində əldə etdikləri təcrübə və özünüifadə bacarıqlarını uğurla əks etdirib.
Təqdimatların ardından rektor Səadət Əliyeva çıxış edərək Təlim-Tədris Mərkəzi tərəfindən universitetin prioritetlərinə uyğun təlimlər təşkil edildiyini qeyd edib. Rektor həm mərkəzin fəaliyyətini, həm də “Learn2Share” layihəsində iştirak edən tələbələrin təqdimatlarını yüksək qiymətləndirdiyini bildirib. Həmçinin tələbələrin təşəbbüskarlıq və analitik düşünmə bacarıqlarının inkişaf etdirilməsinin universitet üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Layihənin gələcəkdə daha geniş auditoriyanı əhatə edəcəyinə və yeni təşəbbüslərin formalaşmasına töhfə verəcəyinə inandığını ifadə edib.
Səadət Əliyeva çıxışının ardından tələbələrə iştirakçı sertifikatlarını təqdim edib və onlarla xatirə şəkli çəkdirib.
Qeyd edək ki, “Learn2Share” layihəsinin məqsədi tələbələrdə problem araşdırma, vizuallaşdırma və geniş auditoriya qarşısında effektiv təqdim etmək bacarıqlarının formalaşdırılmasıdır. Layihənin final tədbirində Təlim-Tədris Mərkəzinin Keyfiyyət təminatı şöbəsi ilə birlikdə həyata keçirdiyi “Tədrisin təşkili və tütor fəaliyyəti” mövzusunda təlim kursunu uğurla başa vuran akademik məsləhətçilərə də müvafiq sertifikatlar təqdim olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi