Naxçıvanda ictimai asayiş əmin əllərdədir

"Daxili İşlər Nazirliyi, polis Azərbaycan dövlətçiliyinin keşiyində durub, bundan sonra da duracaqdır. Mən Azərbaycan Prezidenti kimi, Ali Baş Komandan kimi sizə etibar edirəm, sizə inanıram, sizə arxalanıram”.

Bunu vaxtilə mərhum prezidentimiz ulu öndər Heydər Əliyev demişdi. O, polisi Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqan adlandırmaqla əslində dövlətçiliyin formalaşması və möhkəmlənməsi istiqamətində bu peşənin necə mühüm olduğunu demişdi.

Bəli, bu gün Azərbaycan Respublikasının dinamik inkişafında polis orqanları fəal rol oynayırlar. Müstəqillik illərində Azərbaycan polisinin qısa zaman kəsiyində şərəfli yol keçməsi və qanun pozucularına qarşı barışmaz mübarizə aparması ulu öndərin polis orqanlarının fəaliyyətinə belə yüksək qiymət verməsinə əsas yaratmışdı.

Ümummilli liderimiz Heydər Əliyevin müstəqil, bölünməz və demokratik Azərbaycan uğrunda başladığı mübarizə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qanunun aliliyinin təminatçısı olan dövlət başçısı və qanunların işləməsinə, tətbiq olunmasına məsul olan hüquq-mühafizə orqanları da demokratiyanın bu fundamental prinsipinin işlək vəziyyətdə olmasına daim nəzarət edirlər.


Ümumi nəzarət mexanizmindən danışarkən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin də fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Muxtar Respublikanın təhlükəsizlik orqanlarının məsuliyyətni dərk etmək üçün onun yerləşdiyi coğrafi məkana nəzər salmaq kifayətdir. Blokadada olan muxtar respublika mənfur qonşumuz olan Ermənistanla böyük bir sərhəd zonasını bölüşür.

Odur ki, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi öz məsuliyyətini dərindən bilir və mövcud potensialını günbəgün gücləndirir.  Təsadüfi deyil ki, bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla həyata keçirilən siyasi strategiya muxtar respublikada dayanıqlı xarakter almış ictimai-siyasi sabitlik, daxili işlər orqanlarının fəaliyyətinə əlverişli şərait yaradıb, eyni zamanda, onların üzərinə ciddi məsuliyyət qoyub. Muxtar respublika rəhbərliyi tərəfindən Daxili İşlər Nazirliyinin qarşısına qoyulan tələb və tövsiyyələr əldə rəhbər tutularaq daim cinayətkarlıqla mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində qanunvericiliklə müəyyən edilmiş vəzifələr layiqincə yerinə yetirilib.

Son illərdə Naxçıvanın daxili işlər orqanlarında uğurla həyata keçirilən islahatların və struktur dəyişikliklərin əsas istiqamətlərindən biri məhz cinayətlərin qarşısının vaxtında alınması, onları doğuran səbəblərin öyrənilib aradan qaldırılmasıdır. Profilaktik işin ən effektli yollarından biri isə polisin əhali ilə sıx təmasda və cəmiyyətin fəal təbəqəsi ilə birgə insanlara yardım göstərməsi, məqsədyönlü və sistemli şəkildə maarifləndirmə tədbirləri keçirməsidir.

Xatırladaq ki, ailə münaqişəsi zəminində baş verə biləcək cinayətlərin qarşısının vaxtında alınması, profilaktikasının təmin edilməsi məqsədi ilə 22 iyun 2010-cu il tarixdə "Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Qanunun əsas məqsədi ailə münasibətlərinin qorunması ilə bərabər həm də, zorakılıqdan zərər çəkən şəxslərin sosial mühafizəsini təmin etməkdir. Muxtar respublikada ailə-məişət zəminində törədilən cinayətlərin, xüsüsən qəsdən adam öldürmə və ona cəhdlərin profilaktikası məqsədilə konfliktlərin mövcud olduğu ailələrin vaxtında müəyyən edilib uçota götürülməsi hər zaman diqqət mərkəzində saxlanılıb, münaqişəli ailələrdəki hüquqazidd əməllərin qarşısının vaxtında alınması məqsədilə polis sahə inspektorlarının rolunun artırılması üçün bir sıra tədbirlər həyata keçirilib.

Həyata keçirilən profilaktiki tədbirlər zamanı həmin ailələrin yaxın qohumlarının, münaqişəyə müsbət təsiretmə gücünə malik digər şəxslərin cəlb olunması işi təşkil olunubr. Nəticədə 2019-cu ilin müvafiq dövrü ərzində Naxçıvan Muxtar Respublikasında ailə məişət zəminində hər hansı hüquqpozma və cinayət hadisəsi qeydə alınmayıb.

Bütün bu uğurlardan danışarkən Naxçıvan Muxtar Respublikası Daxili İşlər naziri general leytenant Fazil Ələkbərovun xidmətlərini xüsusi qeyd etmək lazımdır. Öncə onu deyək ki, qısa müddət ərzində böyük uğur qazanmaq böyük təcrübə ilə mümkündür. Necə ki, Fazil Ələkbərov artıq bu zəngin təcrübəyə yiyələnib. Belə ki, F.Ələkbərov 2006-cı ildə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1990-1992-ci illərdə Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 1992-2010-cu illərdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ayrı-ayrı struktur qurumlarında müxtəlif vəzifələrdə işləyib. 2010-2015-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, 2015-2017-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifələrində çalışıb. Nəhayət, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 2017-ci 25 avqust tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin edilib. 

Misilsiz xidmətləri qarşılığında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli Sərəncamı ilə ona III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi, 2016-cı il 3 fevral tarixli Sərəncamı ilə general-mayor, 2018-ci il 29 iyun tarixli Sərəncamı ilə general-leytenant ali hərbi rütbəsi verilib. Həmçinin, F.Ələkbərov cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, ictimai asayişin təmin olunmasında, miqrasiya orqanlarında qulluqda, milli təhlükəsizliyin təmin edilməsində xidməti vəzifələri yerinə yetirərkən fərqləndiyinə görə müxtəlif mükafatlara layiq görülüb. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 1 iyul tarixli Sərəncamı ilə «Vətən Uğrunda» medalı, 2015-ci il 18 mart tarixli Sərəncamı ilə «Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə» medalı, 2017-ci il 27 mart tarixli Sərəncamı ilə 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif olunub.

Fazil Ələkbərovun dərin təcrübəsi imkan verir ki, o bunlarla öyünməsin. Əvəzində, boşluqları, çatışmayan cəhətləri görüb qiymətləndirsin və gələcəkdə ən kiçik nöqsanlara belə yol verilməsin. Elə ötən ay Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində Kollegiya iclasında onun səsləndirdiyi fikirlər də bariz nümunədir:

"Müvafiq dövr ərzində əldə olunan nailiyyətlər olsa da, həyata keçirilmiş tədbirlər qənaətbəxş hesab olunsa da, polis sahə inspektorları hadisələrə qarşı profilaktikanın müasir metod və üsullarından geniş istifadə etməli, baş verə biləcək hadisələrin qarşısının vaxtında alınması istiqamətində münaqişəli ailələrin uçota alınması vəziyyəti mütəmadi təhlil edilməli, bu ailələrlə tez-tez görüşülməli, münaqişənin səbəblərinin aradan qaldırılması istiqamətində onlarla profilaktiki söhbətlər aparılmalıdır. Həmçinin gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınmasında, qabaqlayıcı-profilaktik tədbirlərin həyata keçirilməsində və münaqişəli ailələr arasında aparılan maarifləndirmə işlərində polis sahə inspektorları ailələrin yaxın qohumları, digər nüfuzlu şəxslərin birgə fəaliyyətini təşkil etməli, geniş maarifləndirmə tədbirləri aparmalıdırlar”.

Həmçinin nazir qeyd edib ki, piyadaların vurulması ilə nəticələnən yol qəzalarının səbəb və şəraiti təhlil edilərək düzgün nəticə çıxarılmalı, piyadaların yol hərəkəti intizamına cəlb edilməsi üçün polisin qüvvə və vasitələrindən səmərəli istifadə olunmalıdır. Dayanma-durma qaydalarına əməl etməyən nəqliyyat vasitəsi sürücülərinin inzibati məsuliyyətə cəlb olunması sahəsində "Təhlükəsiz şəhər” videomüşahidə kameralarının imkanlarından istifadə olunmalıdır. Xidməti fəaliyyətin günün tələbləri səviyyəsində qurulması və təbliğat işləri davam etdirilməli, yol-nəqliyyat hadisələrinin baş verməsinə şərait yaradan qayda pozuntularına qarşı barışmaz mübarizə aparılmalı, qəza şəraitli yolların mütəmadi müayinəsi həyata keçirilməli, korlanmış yol nişanlarının yenisi ilə əvəz olunması üçün Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi qarşısında vəsatət qaldırılmalıdır. Nəqliyyat vasitələrini sərxoş vəziyyətdə və yüksək sürətlə idarə edən sürücülərə qarşı mübarizə tədbirləri qətiyyətlə həyata keçirilməlidir.

Bəli, polislik yeri gələndə yumşaq, yeri gələndə sərt olmaq deməkdir. Təbii ki, onun əsas amalı ictimai təhlükəsizlik, vətəndaşların güvənliyi olmalıdır. Bu cür polislərimiz, eləcə də onların təmsil olunduqları təhlükəsizlik orqanları var olduqca biz vətəndaşlar da onlara inanacaq və arxalanacağıq.

Ədil Ədilzadə

Sabahinfo.az saytının baş redaktoru