BÖYÜK SÖZÜMÜZÜN EVİ - Rafael Hüseynov yazır

Rafael HÜSEYNOV
Akademik

Elə nişanələr var ki, onlar rəmzlərdir, danışa bilirlər. Adicə bir şəkil, sadəcə bir tikili, ya bir qocaman ağac göründüyündən daha çox söz deyə, uzun hekayətlər söyləməyə qadir olur. Qız qalasına bax, Qoşa qala qapısının qarşısında dayan, Funikulyor, onun qarşısındakı Bəhram Gurun heykəli də hərəsi bir rəmzdir, dindir, Bakı haqqında sənə çox mətləbləri nağıl edəcək.

Və Azərbaycanın rəmzi, Bakının timsalı sayılası binalar içərisində Nizami muzeyi də var. O cazibəli tikilini, eyvanında qatarlanmış heykəlləri görüncə istənilən kəs təsdiqləyəcək ki, bura Bakıdır, bu, Nizami muzeyidir.

XIX yüzilliyin ortalarında ora bir karvansara idi. Bakı hələ İçəri şəhər boyda idi. Amma İçəri şəhər o vaxt - XIX yüzilliyin ortalarında indiki İçəri şəhərdən böyük idi. Yox, ərazi həmin ərazidir. Onda 20 hektar idi, yenə o qədərdir. Bakının qala divarlarından çöldəki hissəsi böyüyə-böyüyə getsə də, İçəri şəhər həmişə bəlli sərhədin içərisindədir. Ancaq köhnə İçəri şəhəri indikindən qat-qat geniş, böyük, dərin edən adamlar idi. XIX əsr bitir, XX yüzillik başlanırdı və Azərbaycanın ən müxtəlif guşələrindən, Qafqazın ayrı-ayrı yerlərindən, Xəzərin o tayından buralara üz tutanlarçün Bakı elə İçərişəhər deməkdi. Orada musiqi məclisləri qurulurdu, ədəbi yığnaqlar vardı. Hərəsinin öz çöhrəsi olan məhəllələr, o məhəllələri dolduran sinədəftər ağsaqqallar və ağbirçəklər, dəliqanlı cavanlar, dərin ruhanilər, zərif təbiətli şairlər, ad-sanı Yaxın Şərqin alış-veriş aləmində məşhur tacirlər, qoluzorlu pəhləvanlar... dünya içində dünya.

İçərişəhər içəridən böyüyürdü və gün yetişdi ki, daha İçərişəhər qala divarları arasına sığmamağa başladı, heç gələn qonaq-qaranın hamısını qəbul etmək mümkün deyildi. Onda bir-bir İçərişəhərin peykləri yaranmağa başladı. İçərişəhərdən az aralı liman idi, sahilə yan alan yüklü ticarət gəmiləri durmadan artırdı. Təşrif gətirən  tacirlərin hansılarınınsa İçərişəhərdə dostu-tanışı olurdu, orada gecələyirdi, bəs qalanlar neyləsin? İçərişəhərdən az aralı bir karvansaranın yaranmağını vaxt özü umurdu. Təxminən 1850-ci illərdə Qoşa qala qapısının tuşundakı iri qayalığın  üzərində karvansara tikildi. Karvansaranın hücrələri qonaqlarınkı idisə də, həyəti içərişəhərlilərinki idi. Mərasimlərdə, böyük toy-düyündə bu həyətə yığışardılar.

Ayrı-ayrı yerlərdən gəlib bir neçə gecəni o karvansarada keçirən müsafirlərin də bir ayağı yenə İçərişəhərdə idi.

Bakı asta-asta qanadlarını açırdı, İçərişəhərdən kənara böyüməyə başlayırdı. Və vaxtın hökmü ilə bu bina da böyüyürdü. XX yüzilliyin lap əvvəllərində birqat karvansaranın üstünə bir mərtəbə də artırıldı. 1915-ci ildə mühəndis Nikitinin layihəsi ilə bu bina daha da müasirləşdirildi. Müasirləşdirmənin səbəbi sifarişçi idi. Binanın yeni sahibi el içərisində Hachacağa çağırılan Hacı Hacağa Dadaşov idi. Görkəmi xeyli dəyişib gözəlləşən, boyu da artan karvansara dönüb olur Bayır şəhərin - təzə Bakının tezliklə məşhurlaşacaq mehmanxanalarından biri - "Metropol" mehmanxanası. O çağlarda bu ətraflarda başqa mehmanxanalar da yaranmağa başlayır. Bir az yuxarıda, indiki Sabir bağı və bazar səmtində "Təbriz", "Dağıstan", "İslamiyyə" mehmanxanaları sıralanmışdı.

"Metropol"un restoranı da o çağlar dillə deyilirdi və ora axşamlar yalnız  mehmanxananın qonaqları deyil, Bakının tanınmışları, zənginləri də tez-tez yığışardı.

Daim get-gəlli olmaq sanki bu imarətin taleyindədir. Karvansara olanda da, sonra hotelə çevriləndə də gecə-gündüz dolu idi. Və sonra qismət elə gətirdi ki, 1918-ci ilin sentyabrından bu binanın taleyində yeni bir səhifə açıldı. 28 mayda Tiflisdə, Qafqaz canişinliyinin keçmiş binasında istiqlalımız elan edilmişdisə də, Cümhuriyyətimizin qurucuları işə Bakıda yox, Gəncədə başlamışdılar. Yalnız 1918-ci ilin 15 sentyabrında artıq Qafqaz İslam Ordusu Bakını qəsbkar ünsürlərdən təmizləyib şəhəri azad edəndən sonra milli hökumətimiz Gəncədən Bakıya köçməyə imkan tapdı. Ancaq nazirlərimizin çoxu Gəncədən və Azərbaycanın digər bölgələrindən idi, onların Bakıda yerləşməsi, işləməsi üçün münasib şərait lazım idi. Ona görə də "Metropol" mehmanxanası verilir Azərbaycan Cümhuriyyəti Nazirlər Kabinetinin ixtiyarına. Bura olur onların həm evi, həm iş yeri.

Bina yenə səhərdən-axşamacan insanlarla daşır, yenə hər gün coşqun həyat yaşayır.

1939-cu ilin payızında Azərbaycan büsbütün başqa tarix parçasında, tamam fərqli siyasi bir müstəvidə idi. Cümhuriyyət dönəmi çoxdan arxada qalmışdı. Azərbaycanda sovetləşmənin 19 ili tamam olmuşdu. Qarşıdan 1941-ci il gəlirdi - Nizami Gəncəvinin səkkiz yüz yaşının tamam olacağı il. Azərbaycan o hadisəni böyük bir milli bayram kimi qarşılamaq əzmində idi.

Və yaxınlaşan o böyük bayram bu binanın da taleyini kökündən dəyişdi.

1941-ci ilin payızında Nizami Gəncəvinin 800 illiyi bayram ediləcəkdi və heç kəs başlanmış İkinci Dünya müharibəsinin dalğalarının Azərbaycan insanının da taleyindən keçəcəyini ağlına gətirmirdi. Böyük söz bayramına ciddi hazırlıqlar gedirdi və bu da qət edilmişdi ki, gərək Bakıda Nizaminin evi də olsun.

Və gələcəkdə ədəbiyyatımızın bütöv tarixi hüsnünü əks etdirəcək, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinə çevriləcək bina, əslində, başlanğıcda Nizaminin Xatirə Muzeyi kimi yaradılmağa başlanırdı.

1939-cu il noyabr ayının 1-də Nizaminin Memorial muzeyinin yaranması haqqında Azərbaycan hökumətinin xüsusi sərəncamı imzalandı. İl yarıma - yubileyədək bütün təmir, yenidənqurma və ekspozisiya quruculuğu işlərini tamamlamaq və muzeyi təntənə ilə Nizami bayramı günlərində açmaq əzmindəydilər.

Ancaq araya müharibə girdi və açılış arzusunu gerçəkləşdirmək qaldı gələcək xoş günlərə.

İçəridəsə iş gedirdi. Ağır davanın davam etdiyi qayğılı günlərdə, hər gün bir arpa boyu böyüyən uşaqlar kimi, muzeyin daxili də dəyişir, gözəlləşir, gün-gün daha artıq muzeyləşirdi.

1945-ci ilin 9 mayında dünya savaşının son qələbə nöqtəsinin qoyulmasından beşcə gün sonra - düz 80 il qabaq çoxdan tamaşaçısını gözləyən muzeyin zallarında  üz-gözündən böyük zəfərin fərəhi yağan ilk tamaşaçılar göründü.

Elə günlərdi ki, çoxdan bəri müharibənin iztirablarını yaşayan insanların bayramlara, sevincə, gülüşə ehtiyacı çox idi.

Və Nizami muzeyi mühitimizə həm də bir təsəlli, qəlb məlhəmi və məhrəmi, sirdaş kimi gəlirdi.

Nə vətənimizi, nə ata-anamızı, nə milliyyətimizi seçə bilirik. Bu, alın yazısıdır, taledir. Bizə nə qismətdirsə, o da nəsibimizə çıxır. Ancaq istisnasız olaraq hər kəs vətəni ilə də fəxr edir, ata-anasını da dünyadakı ən əziz varlıqlar sayır, öz milliyyəti ilə də həmişə iftixar duyur. Bu, hər kəsə aid olan fərdi bir hissiyyatdır, ancaq azərbaycanlıların məhz bu vətəndə doğulub boya-başa çatmaları, məhz bu millətə mənsub olmalarıyla öyünməyə üçqat, beşqat, onqat artıq haqqı var. Çünki həyatı dərk etməyə başladığın ilk çağlardan anlayırsan ki, bunca zəngin bir mədəniyyət sənin irsindir, sən bu sərvətin sahibisən. Dünyada ərazicə Azərbaycandan qat-qat böyük ölkələr də var. Əhalisinin sayı Azərbaycandan dəfələrlə çox olan məmləkətlər də az deyil. İqtisadi gücü və bir çox başqa göstəriciləri ilə bizdən irəli gedənlər də bəs deyincədir. Bəzən miqyaslar elə böyükdür ki, sən anlayırsan, biz heç vaxt onlara çata bilmərik. Ancaq ədəbiyyatımız, mədəniyyətimiz, milli-mənəvi irsimiz elə nəhəng miqyaslardadır ki, biz dünyanın ərazicə də, əhalicə də, bütün digər göstəricilərcə də bizdən qat-qat irəlidə olan istənilən xalqıyla qarşı-qarşıya dayana, mübahisə edə və üstün çıxa bilərik. Mədəniyyətimizin, ədəbiyyatımızın bizə verdiyi böyük güc bundan ibarətdir. Həmin səbəbdən də keçmişiylə, ulu babalarıyla, onların övladlara əbədi ərməğanı olan mirasıyla qürurlanmaq haqqı həmişə bu xalqladır.

Balası olduğumuz mədəniyyətin bir parlaq örnəyi də bütün millətinki olan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyidir.

Düz 80 il əvvəl bu muzey qapılarını tamaşaçı üzünə açdı və elə ilk günlərdən də hər kəsin doğması kimi qəbul edildi.

1945-ci ilin may ayıdır, Nizami muzeyi yenicə açılıb. Bura ilk tamaşaçılar sırasında bir gənc şair də gəlib - Qubada çıxan rayon qəzetinin redaktoru Mövlud Qonaqov. O, ədəbi mühitdə yenicə görünüb, hələ mətbuatda ilk şeirləri dərc edilir. Onillər keçəcək, həmin Mövlud Qonaqov da Azərbaycan ədəbiyyatında tanınan imzalardan birinə çevriləcək. Ancaq hələlik 1945-ci ilin mayıdır, Nizami muzeyi qapılarını qonaqlarına bir neçə gündür ki, açıb, Mövlud  da ilk tamaşaçılardandır və yolunu yeni başlayan bu qəzetçi şairin 24 yaşı var. Gəlib, görüb, məftun qalıb və düşüncələrini şeirlə Nizami muzeyinin xatirə kitabında əks etdirib.

Və incə şair fəhmi ilə ən vacib olanı tutub:

Bir tarixdir bu binanın hər küncü,

hər bucağı,

Qoy dillərdə əzbər olsun

bu şux sənət ocağı.

Nizami muzeyi müstəsnadır. Nə Yaxın-Orta Şərq ölkələrində, nə Avropada bunun tam bənzəri olan ikinci bir muzey var. Müxtəlif ölkələrdə ədəbiyyatın ayrı-ayrı şəxsiyyətlərini, ayrı-ayrı dövrlərini əks etdirən muzeylər fəaliyyətdədir, aralarında yaxşıları da istənilən qədər. İncəsənətə, tarixə həsr olunmuş, mədəniyyətin ayrı-ayrı sahələrini əks etdirən muzeylər də çoxdur. Ancaq heç yerdə belə bir muzey yoxdur ki, bir xalqın ədəbiyyatının yarandığı gündən müasir dövrə qədərki mənzərəsini dolğun və bütöv panoramda əks etdirsin. Nizami muzeyinin başqa özəlliyi də ondan ibarətdir ki, burada yalnız keçdiyi bütöv yolla ədəbiyyatımız cəmləşməyib. Tariximiz də, maddi-mədəni irsimizin seçmə örnəkləri də müşayiətçi kimi onunla yanaşıdır. Çünki bunlar hamısı bir-biri ilə bağlıdır. Ədəbiyyatımızın yaşı 3000 ildirsə, bu həm də 3000 il boyunca o ədəbiyyatla yanaşı addımlamış, həmin ədəbiyyatı yetişdirmiş, ona can vermiş bu yurdun, bu millətin tarixidir. Ona görə də belə möhtəşəm tarixin həmişə göz qabağında olmasına, şəklinin düşüncələrə hopmasına lüzum var. Nizami muzeyini də məhz həmin zəruriyyət, həmin milli ehtiyac doğurub.

Qobustan qayalarında əks olunmuş rəsmlərin surətləri də buradadır. Hərəsinin 5000 il, 10000 il, 15000 il yaşı. Bunca qədim əyyamlarda Azərbaycan insanı rəqs edirdisə, musiqi dinləyirdisə, şeir yazırdısa və sübutları qayalar üzərində tarixləşibsə, "bu, böyük xalqdır" deməyə daha ehtiyac qalmır. Bu mədəniyyət, bu irs özü söyləyir ki, bu xalqın rişələri zamanın çox-çox dərinlərinə işləyib. O tarixi bilmədənsə bu ədəbiyyatı da sonacan qavramaq mümkün deyil. Ədəbiyyat yalnız hissiyyat məsələsi deyil, ədəbiyyat həm də tarixin yol yoldaşı, bələdçisidir, keçmişləri görməyin çırağıdır.

Və Azərbaycan insanı ilə üz-üzə olduğu, tək özümüzünkülərə deyil, Azərbaycan mədəniyyətini, Azərbaycan mənəviyyatını dünyaya da göstərdiyi 80 il boyunca Nizami muzeyinin ən başlıca vəzifəsi elə bu imiş - çıraq olmaq, nuruyla Azərbaycan zəkasının, Azərbaycan ilhamının ülviyyətini yaxında və uzaqdakı hər kəsə göstərmək.

Yəqin ki, 1945-ci ilin may günlərində Azərbaycan insanının da, Avropadakı adamların da, elə əslində bütün dünya əhalisinin də üz-gözündə təbəssüm hər zaman olduğundan daha çoxmuş.

İkinci Dünya müharibəsi bitmişdi və insanlığın tarixində büsbütün yeni bir səhifə açılırdı. Dövrün ağrılar, acılar, dağıntılar, sarsıntılar səhifəsi qapanırdı, qarşıda ümidli, arzulu, qurub-yaratmaq həvəsli gələcək dururdu.

Məhz 1945-ci ilin belə xoş may günlərindən birində Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi bayrama bayram qataraq ilk tamaşaçılarını qəbul edirdi.

İndi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qərar tutduğu tarixi binada 1918-1919-cu illərdə Azərbaycan Cümhuriyyətinin hökuməti yerləşirdi. Daha əvvəllərdə "Metropol" mehmanxanası olmuş bu bina Azərbaycan Cümhuriyyəti Nazirlər Kabinetinin ixtiyarına verilmişdi. Onlar burada həm yaşayır, həm işləyirdilər. Üçüncü qatdakı iri bir otaqda isə baş nazir Fətəli xan Xoylu əyləşirdi. Fətəli xandan bugünə və bütün sabahlara çatası dəyərli sözlər yadigar qalıb. Həmin ibrətli sözləri 1919-cu ilin son may günlərində Azərbaycan Xalq Cümhuriyyətinin bir yaşı qeyd edilən məsud çağda söyləyib. Deyib ki, biz Cümhuriyyət qurduq, xalqımıza istiqlal verdik, əlbəttə, arzumuzdur ki, bu müstəqillik əbədiyyən davam etsin, ancaq qarşısına hansısa maneələr çıxarsa, bu istiqlal büdrəyərsə, itirilərsə belə, xoşbəxtik ki, bizim gələcək nəsillərə çatan vacib mirasımız var. Biz istiqlalın irsini yaratmışıq. İrs varsa, deməli, yol da mütləq gələcəkdə davam etdiriləcək.

Hər bir millətin irsə ehtiyacı var. İrs keçmişdir, bünövrədir, üzərində qərar tutduğun dayaqlardır. İrs millətin yaddaşıdır və millət hafizəsi nə qədər qüvvətlidirsə, həmin yurd və xalq bu gün də, sabah da inamını, gücünü saxlaya biləcək, tarix yolları ilə daha güvənli və əmin qalaraq irəliləyəcək. 80 yaşına çatmış Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi də bu xalqın yaddaşıdır. Burada toplanan irs 3000 illik bir yolu əhatə edir. Arxada qalan 80 il boyunca muzeyin dəhlizlərindən minlər və yüzminlərlə deyil, milyonlarla insan keçib - Azərbaycanın dörd bucağından və dünyanın ən müxtəlif ölkələrindən. Özümüzünkülər - azərbaycanlılar da, dünyanın dörd bucağından bura gələnlər də otaq-otaq gəzərək onlara divarlardan gülümsəyən surətlərə baxdıqca əslində bu milləti görüblər.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi həm də bir güzgüdür. Geridə buraxdığımız 80 il boyunca böyük alimlərin, fırça ustalarının, heykəltəraşların, nəqqaşların, xalçaçıların... əməkləri ilə yaranmış Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi xalqın dünənindən bugününə işıq salan, bugünündən sabahına yol açan mayakdır.

Bu güzgüdə millətimiz də, o güzgüyə baxan əcnəbilər də Azərbaycanı çox uca, və qadir görür.

Bu güzgüdə özünü görmək ehtiyacı xalqımızla qaldıqca və xalqın qəlbində o güzgüdə özünə baxmaq, keçmişini görmək, keçmişini görüb o keçmişlə iftixar etmək duyğusu var olduqca bu millətin sabahlar içərisindəki yolu da bir o qədər uzun, rahat və qətiyyətli olacaq.

Hərdən qaradinməz, dilindən söz qoparmaq çətin olan adamları daşa oxşadır, "daş kimi susur" deyirlər. Bu bənzətmədə həqiqət izi varsa da, həmin qənaətlə  sonacan razılaşmaq da çətindir. Elə daşlar var ki, onlar ən dilli-dilavər insandan da daha yaxşı danışa bilir. Danışırlar və tarixin çox sirlərini açırlar. Nizami muzeyində elə daşlar da qorunur ki, hansısa bir neçə min, hansısa 1000 il, hansısa 500 il torpaq altında uyuyub. Onları 1930-cu illərin sonlarında gün işığına çıxararaq qurulmaqda olan bu muzeyə gətiriblər və həmin daşların heç biri o vaxtdan bəri bir ləhzə susmur.

Danışırlar və bizə Azərbaycan tarixinin dünənindən rəvayətlər söyləyirlər. Ancaq muzeydəki üstü yazılı əski daş, qaya parçaları, küp, kasa, kuzə qırıqlarının  yanında yaşı yüz ildən də az olan, amma "cavanlığına" rəğmən şanlı tarixlərə şahid olan, qarşısında arxadakı onillərdə bir qafilə tarixi simaların dayanaraq uzun dəqiqələr boyunca düşündüyü, sükuta daldığı bir daş da var.

Və həmin daşın bu gün Nizami muzeyində olması həm də tarixin cazibəsidir.

XX yüzilin başlanğıcında, Cümhuriyyətimizin 2 ilə yaxın müddətdə yeni Azərbaycan quruculuğu naminə fədakar çalışdığı günlərdə İstiqlaliyyət küçəsinin aşağı başında - indiki Nizami muzeyi olan yerdə Nazirlər Kabineti idi, azacıq yuxarıda, indi Əlyazmalar İnstitutunun yerləşdiyi məkanda isə Məclis-i Məbusan - ilk milli parlamentimiz.

 1918-ci ilin dekabrında işə başlayan Məclis-i Məbusana Əlimərdan bəy Topçubaşov ilk sədr seçildi. Ancaq o, parlament sədri seçilsə və faktik olaraq ilk dövlət başçımız sayılsa da, həmin kürsüdə bircə gün belə oturmayıb, vəzifəni rəsmən müavin olan Həsən bəy Ağayev daşıyıb. Əlimərdan bəy Topçubaşov sədrliyi müddətində Parisdə idi və məqsəd Azərbaycanın müstəqilliyini beynəlxalq səviyyədə tanıtmaq səmtində çalışmaqdı. Ancaq tale elə gətirdi ki, Əlimərdan bəyin rəhbərliyi ilə Paris Sülh Konfransına getmiş nümayəndə heyəti bir daha vətənə qayıda bilmədi. 1920-ci ilin 28 aprelində bolşeviklər gəldi, Azərbaycanı XI ordu işğal etdi və müstəqillik itirildi. Ancaq Əlimərdan bəy Topçubaşov da, onun mübarizə yoldaşları da mühacirətin bütün sıxıntılarına dözərək son nəfəslərinə qədər Azərbaycan istiqlalının yenidən qayıtması yolunda qürbətdə mübarizələrini davam etdirdilər. Əlimərdan bəy ildən-ilə maddi vəziyyəti çətinləşdikcə Fransa paytaxtındakı ünvanını bir-bir dəyişib və 1934-cü ildə həyatdan köçəndə o, Parisin ətəyindəki Sen-Klu şəhərciyində kirayənişindi. Elə orada xəstəxanada canını tapşıranda Əlimərdan bəy Sen-Klu qəbiristanlığında torpağa tapşırıldı. Onun digər mübarizə yoldaşı, Üzeyir Hacıbəylinin qardaşı Ceyhun bəy də son ünvanını Sen-Klu qəbiristanlığında tapıb.

2000-ci illərin əvvəllərindən etibarən mən üzvü olduğum Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyətlərimizlə bağlı Parisə mütəmadi səfərlər etməyə başladım. O səfərlər əsnasında köhnə mühacirətin bir çox qiymətli insanları ilə tanış oldum. Onlardan biri - Qədir Süleyman (1917-2014) İkinci Dünya müharibəsində iştirakından, nasistlərin həbs düşərgələrində əsirliyindən, milli legionda xidmətindən sonra Avropada qalanlardan idi. Onunla ilk təmaslarımız yarananda artıq doxsanı haqlayırdı, amma ictimai həyatda, xüsusən milli məsələlərdə yetərincə fəal idi. Günlərin birində Qədir dayı mənə həyəcanlı xəbər verdi ki, Parisdə ifrat millətçilər çox möhkəm hərəkətə gəliblər, buralarda sayı durmadan artan ərəblərə qarşı bir hərəkat başlayıblar, onların ölkədən çıxarılması yolunda çalışırlar. Bunu da əlavə etdi ki, işin tərsliyindən Jan-Mari Le Penin (1928-2025) rəhbərlik etdiyi "Front National" - "Milli Cəbhə" partiyasının qərargahı da Sen-Klu qəbiristanlığının həndəvərində və onlar da bu tərpənişlərin önündə gedənlərdir,  Əlimərdan bəyin bu məzarlıqdakı qəbrinin başdaşısında "Quran" ayələri yazıldığından onlar bunu da bir ərəb qəbri zənn edə, qarışıqlıqda dağıda, zədələyə bilərlər. Həm də bu nigaranlıq sadəcə Qədir Süleymanın ehtimalları deyildi, ona müəyyən soraqlar da çatmışdı ki, məzarın təhqir edilə biləcəyinə real təhlükələr var.

Ona görə də narahatlığını bölüşərək nəsə addımlar atmağın lazım olduğunu dedi.

Ora Parisdir, daşı daş üstünə qoymağın yüz cür çətinliyi var və mən də iki-üç il ərzində ardıcıl iş apardım. Əlimərdan bəy Topçubaşovun varisləri qalmamışdı, nəslin sağ olan tək nümayəndəsi Əlimərdan bəyin böyük qızı Sara xanımın Türkiyədə yaşayan övladı Gülnar Kürdəmir (1923-2021) idi. Aradım, ünvanını, telefonunu tapdım, danışdım, az sonra səfər xərclərini də ödəyərək onu Parisə gətirtdim, məzarın ziyarətinə apardım, ardınca qəbiristanlığın dəftərxanasına getdik, lazımi sənədləşmələr apardıq, nəslin təmsilçisi kimi Gülnar xanım bir vərəqdə bu məzarla bağlı müəyyən addımlar atmaq haqqını mənə etibar etdiyini təsdiqlədi və hüquqi əsasları da qazanandan sonra daha ciddi işə başladım. Bakıda bizim unudulmaz heykəltəraşımız Akif Əsgərova Topçubaşovun müxtəlif fotolarını verdim. Köhnə sənədlərdən Azərbaycan Xalq Cümhuriyyəti möhürünün əksini tapdım. Çünki o möhürlərdən biri burada - baş nazir Fətəli xan Xoyluda olmuşdusa, digəri Əlimərdan bəy Topçubaşovda qalmışdı ki, Parisdə müxtəlif məqamlara  dövlət adından rəsmi məktublar göndərəndə həmin möhürü bassın. Heykəltəraş Akif Əsgərovla bir neçə dəfə Sen-Klu məzarlığını birgə ziyarət də etdik. Nəticədə gözəl bir abidə alındı və 2006-cı ilin son may günlərində həmin əsəri Bakıdan Parisə gətirdim. Məzarın üstünün yenidən götürülməsi, abidənin yerinə qoyulması üçün bu vaxtı təsadüfən seçməmişdim. O ərəfədə Azərbaycan dövlətinin başçısı, Prezident İlham Əliyev də Fransada, Parisdə rəsmi səfərdə idi. Tarixlə dolu köhnə məzar daşını götürüb bir kənara qoyduq, məzar yeddi qatlı idi və orada dörd nəfər uyuyurdu: Əlimərdan bəy Topçubaşov özü, həyat yoldaşı, Həsən bəy Zərdabinin qızı Pəri xanım, Əlimərdan bəyin oğlu, Sarbon Universitetinin professoru olmuş Ələkbər bəy və Paris Sülh Konfransına gəlmiş nümayəndə heyətindəkilərdən biri, Əlimərdan bəyin erkən vəfat etmiş kiçik oğlu Rəşid bəy.

Prezident İlham Əliyev də həmin səfəri çərçivəsində gəlib Əlimərdan bəyin məzarını ziyarət etdi.

Abidəni ucaltdıq və o köhnə məzar daşını da Azərbaycana gətirdik, Nizami muzeyində, Həsən bəy Zərdabi zalında yerləşdirdik. Bitmiş əsrdə Cümhuriyyətimizin qurucularından olmuş Əlimərdan bəy Topçubaşov ilk milli dövlətimizin xadimlərinin vaxtilə bağlı olduğu, hər gün pillələri ilə qalxıb-endiyi bu binaya - Nizami muzeyinə başlanan əsrdə, təzə minillikdə yenidən qayıtdı.

1934-cü ildən 2006-cı ilədək - Əlimərdan bəyin Parisin Sen-Klusunda uyuduğu 72 il ərzində kimlər bu məzar daşını salama gəlməmiş, kimlər ona baş əyməmişdi?!

İndi o böyük millət fədaisinin iki ziyarətgahı var. Biri Parisdə, digəri Nizami muzeyində.

Hələ 1993-cü ildə bu məzar daşının qarşısına unudulmaz Ulu Öndər Heydər Əliyev əklil qoymuşdu, Prezident İlham Əliyev bu daşı orada - Sen-Kluda 2026-cı ilin 30 mayında da görmüşdü, burada, Nizami muzeyində də 2009-cu il martın 14-də ziyarət etdi.

Artıq bu daşın bu muzeydəki ömrü 20 ilə yaxınlaşır. Arxada qalan bu müddət ərzində Azərbaycan mühacirətinin müxtəlif ölkələrdə yaşayan neçə təmsilçisi həmin daşın qarşısında dayanıb, xəyala dalıb. Onların arasında elə ixtiyar insanlar da olub ki, vaxtilə Əlimərdan bəy Topçubaşovun bu məzar daşını orada - Parisdə, Sen-Klu məzarlığında ziyarət ediblər.

Hər dəfə kənardan fikir verirdim, onlar sanki canlı insanla üzbəüzdülər, kirimişcə dururdular, amma hiss edirdim ki, bu dəqiqələrdə ayrı aləmdədirlər, bu daş bu anlarda onlarla həmsöhbətdir.

Daşla danışmağın nə demək olduğunu içərisində tarix daşıyanlar bilər.

Nizami muzeyinin yerləşdiyi imarət özü də tarix şahididir, bu göyçək binanın içərisi də tarix şahidləri ilə doludur. O şahidlərdən biri də iri otaq saatıdır. Bu saatı Nizami muzeyində onillərlə izləyiblər və saat özü də çox insanları görüb. Artıq Azərbaycanın tarixində həmişəlik qalmaq haqqı qazanmış neçə böyük şair, neçə böyük yazıçı bu saata baxıb. Ancaq bu saatla ən çox bir yerdə qalan yeddi insan olub. Bu saat 1945-ci ilin mayından - Nizami muzeyi qapılarını tamaşaçı üzünə açan vaxtdan direktorun otağında imiş. Bu saat həmin kabinetdə kimlərlə illər boyu baş-başa imiş? Muzeyin ilk direktoru Salam Salamzadə olmuşdu. Ondan sonra bu muzeyə İsmayıl Axundov rəhbərlik elədi. Hər ikisi Azərbaycanın rəssamlıq tarixində unudulmaz izləri olan insanlar. Sonra neçə illər boyu bu muzeyə Həmid Araslı, Əziz Mirəhmədov, Abbas Zamanov rəhbərlik etdilər. Muzeyin direktorları sırasında ən uzunömürlülərindən biri Bəkir Nəbiyev oldu. Onun ardınca Arif Hacıyev gəldi. O yeddi direktorun oturduğu kabinetdə onillər boyu saat hərəkətdə idi.

Və Nizami muzeyinin dışarı divarında da bir ayrı iri saat asılmışdı. Həmin  saat da ayrı bir tarix idi. 1940-1950-ci illərdə indiki kimi hər kəs cibində bir telefon daşımırdı ki, hər saniyə vaxtdan hali ola bilsin, hələ heç hər insanın qol saatı da yox idi. Nizami muzeyinin çöl divarındakı o saat həm insanların görüş yerinə çevrilmişdi, həm insanların öz saatlarını dəqiqləşdirmək etalonuna, həm də saatı olmayanların vaxtı öyrənmək üçün bələdçisinə. Vaxt dəyişdi, o çöl divardakı saat da ömrünü başa vurdu.

Ancaq direktor kabinetindəki ayaqüstü saat 1990-cı illərin başlanğıcınadək işləməkdəydi.

1980-ci illərin sonlarında artıq ömrün ixtiyar çağlarını yaşayan qocaman rəssamımız və bu saata ilk baxanlardan olmuş Salam Salamzadə muzeyə qonaq gəlmişdi. Gəldi dayandı saatın qabağında. Uzun müddət dayandı. Köhnə simsarlar görüşmüşdülər, Salam müəllim Saatla, Saat Salam müəllimlə həsbi-hal edirdi.

Və o saat səbəb oldu ki, muzeydə saatların qovuşduğu ayrıca bir guşə yaradaq. Mirzə Cəlilə bir zamanlar ömür yoldaşı Həmidə xanımın hədiyyə etdiyi, "Molla Nəsrəddin" jurnalının redaksiyasında divardan asılmış saat da, Əbdürrəhim bəy Haqverdiyevin cib saatı da, Abdulla Şaiqin, Səməd Vurğunun, Əlağa Vahidin, Mir Cəlal Paşayevin, Nəbi Xəzrinin, Cavad Heyətin cib saatları da, Bəxtiyar Vahabzadənin uşaqlıq illərinin yadigarı, hər səhər onu məktəbə getməkçün oyadan zəngli saat da o guşədə qovuşdu, bir vaxt adası yarandı.

Və əslində Nizami muzeyindəki hər əşya belədir. Canlana, dilə gələ, bələdçi ola, yaxın və uzaq dünənlərə apara, dünənlərdən bugünə gətirə, bugündən gələcəklərə uçura bilir.

 Arxada qalan 80 il boyunca bu muzeyə rəhbərlik eləmiş və o saata baxmış yeddi direktorun hamısı bacardığı qədər töhfələrini verməyə çalışıb. İstəyib ki, bu muzey daha zəngin olsun. Çalışıblar ki, klassiklərimiz, tarixin uzaqlarında yaşamış böyük şair və yazıçılarımız öz yerində, yeni zaman içərisində ömür sürmüş, artıq canlı klassikə çevrilmiş ədiblərimizin də irsi, şəxsiyyəti, yaşamalı izləri bu muzeyə köçsün. Beləcə, bu muzey dönüb olub həm də elm mərkəzi. İndi Azərbaycanın  böyük yazıçılarının, şairlərinin əksərinin yalnız xatirə əşyaları deyil, əlyazmaları, xatirə əşyaları da bu xəzinədə cəmlənib. Həmin əlyazmaları, sənədləri qaldıraraq bu ədiblərimizin hər biri haqqında sıra-sıra araşdırmalar aparmaq, yazılar qələmə almaq mümkündür.

Muzeyin direktorlarından biri - unudulmaz Abbas Zamanovun bu xəzinəni zənginləşdirmək baxımından xidmətləri müstəsnadır. Sovet dönəmində - sərhədlərin qapalı çağlarında Abbas Zamanov tək canıyla dünya azərbaycanlılarının koordinasiya mərkəzinə çevrilmişdi. O, hər gün Amerika Birləşmiş Ştatlarından tutmuş Avropanın müxtəlif ölkələrinə qədər, Çindən başlamış Hindistana qədər onlarca məktublar göndərir, cavablar alırdı. Abbas Zamanovun vasitəçiliyi ilə mühacirət irsimizin nə qədər nümunəsi bu muzeyə gəlib çatdı və Abbas Zamanovun qoyduğu təməllərin əsasında da Nizami muzeyi Azərbaycandan uzaqlardakı qəriblərimizçün istinad nöqtəsinə çevrildi.

Artıq Abbas Zamanovun Nizami muzeyinin rəhbərliyindən getməsindən illər keçəndən sonra da dünyanın çox ölkələrindən Nizami muzeyinə məktublar gəlirdi. Kitablar istəyirdilər, vətən haqqında bilgilərini artırmağa çalışırdılar.

Hələ sovet dövrü davam edirdi, nəinki alimlərin çeşidli ölkələrə elmi ezamiyyətləri, hətta sadə insanların turist kimi ölkə xaricinə çıxışları da müşkül idi. Digər tərəfdən, bizimkilərin xariclə, xaricdə yaşayanların bizimlə əlaqələrinə əngəl yaradan mühüm bir siyasi amil də vardı - siyasi repressiyalar dönəmi çoxdan geridə qalmışdısa da, sovet insanının, o sıradan azərbaycanlıların, illah da ziyalılarımızın düşüncəsində, eyni şəkildə vətəndən kənarda yaşayan soydaşlarımızın, mühacirətdəkilərimizin daxilində köhnədənqalma xof vardı. Ancaq Nizami muzeyi və Abbas Zamanov nümunəsi sanki həmin dövrün axarında o qart və oturuşmuş vahiməni sındırırdı. Hətta qohum-əqrəbasına xaricdən məktublar göndərməyə çəkinən mühacirlər də Nizami muzeyinə, Abbas müəllimə rahatlıqla yazırdılar. Çünki buradakı insanlar da, vətəndən uzaq düşmüşlər də sözü ən xətərsiz qovuşdurucu, yolaçıcı kimi qavrayır, Abbas müəllimi və Nizami muzeyini sipər kimi qəbul edirdilər.

Amma bu muzeyin yaddaşı 1990-cı illərin başlanğıcındakı qatmaqarışıq dövrdə tamah örtmüş qızan gözlərin tarixi binanı özəlləşdirmək sevdasına düşməsini də, muzeyin ən qiymətli incilərindən olan "Çəhar fəsil" xalçasının artıq satılaraq ölkədən çıxarılarkən aşkarlanaraq geriyə qaytarılmasını və elə həmin dövrdə zalların boşaldılaraq əcnəbi missionerlərin dini təlimlər keçməsi üçün meydana çevrildiyini də, binanın birinci qatının ucdantutma dükan-bazara döndərilməsini də unutmayıb.

...Muzeylə yaşıd olan o köhnə saatın əqrəbləri neçə illərdir ki, dayanıb. Ancaq vaxtın saatının əqrəbləri hər saniyə irəliləməkdədir. Nizami muzeyinin tarixin içərisindəki açıq qapısının saatı 80 ili göstərir.

İnsanlarla ünsiyyətdə olduğu 80 il boyunca bu əziz məkan həmişə Azərbaycanın ən məhrəm, ən etibarlı ziyarətgahlarından olub və insanların könül bağladığı ziyarətgahları onların ürəyindən çıxarmağın mümkünsüzlüyünü də vaxt çoxdan sübuta yetirib.

Demək, bundan belə nə qədər illər ötür-ötsün, Nizami muzeyi həmin əzizliyində, həmin munisliyində qalacaq və zaman keçişiylə daha da zənginləşdikcə müqəddəsliyi də, sevimliliyi də artacaq.

Bu milləti də, bu yurdu da bir az da yaxından tanımaq istəyən nəsil-nəsil insanlar da yenə bu tanış qapını hər dəfə ilk görüşə gəlir kimi açacaqlar.

18 may 2025