Ramiz Qusarçaylı - Gedəsən dünyanın axırınacan

Gedəsən dünyanın axırınacan

Gedəsən dünyanın axırınacan, bir misra xətrinə ölüb gedəsən. Qaçıb adamından naxırınacan izini, tozunu silib gedəsən...

Səhərin zərində üzən lək kimi, düzəsən sətrinə gül adlarını. Tikana sancılan kəpənək kimi meh döyə şeirinin qanadlarını.

Yemşan çiçəyində iynə gəzəsən, tel-tel ləçəklənə arı köynəyi. Buludlar içindən ayı süzəsən yarpaqlar içindən sarıköynəyi...

Alasan könlünü şehli nərgizin, bənövşə ovlaya hər kolda səni. Coşa yamacların yovşan dənizi yuyub dalğa-dalğa durulda səni.