“Şəkərli diabetdən ölüm göstəricisi 15,8-dən 8,2-yə düşüb” - Nazir

"Maliyyə böhranı dünya dövlətlərini büdcə xərclərini azaltmağa məcbur edir. Əksər ölkələr bunu məhz sosial sahələr hesabına edirlər. Azərbaycanda isə, əksinə, səhiyyənin inkişafina, maddi-texniki bazasının gücləndirilməsinə 2016-cı ildə əlavə olaraq 83 milyon manat ayrılıb. İndi həm paytaxtda, həm də ölkənin müxtəlif bölgələrində 28 tibb müəssisəsində təmir-tikinti işləri gedir. Ənənəvi olaraq, bu il əsaslı təmir və tikintidən sonra əhalinin istifadəsinə verilən müasir səhiyyə ocaqlarının – Gəncə şəhəri 1 nömrəli Şəhər Xəstəxanasının, Ağsu və Biləsuvar mərkəzi rayon xəstəxanalarının açılışında dövlətimizin başçısı şəxsən iştirak edib. Hazırda daha 8 rayon mərkəzi xəstəxanasının tikintisi davam etdirilir. Onlardan üçünün – Neftçala, Masallı, Zərdab xəstəxanalarının bu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır”. sabahinfo.az saytı xəbər verir ki, bunu  Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev bildirib.

Nazir vurğulayıb ki, ölkə səhiyyəsinin inkişafında, insanların sağlamlığının qorunmasında dövlət proqramları da mühüm rol oynayır: "Ümumiyyətlə, bu proqramlar səhiyyənin ən ağır, həyati əhəmiyyət daşıyan problemlərinin həllinə yönəlib. Nəticə olaraq, bu gün deyə bilərik ki, dövlət tərəfindən bu proqramlara ayrılan vəsait həm minlərlə insanın müalicəsini, həm də səhiyyənin müxtəlif sahələrinin inkişafını təmin edib.

 

Belə ki, vaxtilə ölkəmizdəki yeganə dövlət dializ mərkəzində cəmi 431 xəstə müalicə alırdı, 800 nəfər xəstə növbə gözləyirdi. Bu gün həmin növbələr ləğv olunub. 27-si bölgələrdə olmaqla, 34 dövlət hemodializ mərkəzində 3112 xəstə dövlət hesabına müalicə alır. Mərkəzlərdən üçü məhz bu il istifadəyə verilib, daha biri də ilin sonunadək açılacaq.

 

Bütün dünyada geniş yayılmış şəkərli diabet xəstəliyi üzrə ölkəmizdə bir neçə il əvvəl 55 min xəstə dövlət hesabına dərman vasitələri ilə təmin olunurdu. Bu gün bu rəqəm 213 minə çatıb. Xəstəliyin vaxtında aşkarlanması, dövlətin onun müalicəsini tam öz üzərinə götürməsi nəticəsində, diabetin ağır formaları, fəsadları dəfələrlə azalıb. Nəticədə şəkərli diabetdən ölüm göstəricisi 15,8-dən 8,2-yə düşüb. Qeyd etmək lazımdır ki, təkcə şəkərli diabet xəstələri deyil, böyük maliyyə vəsaiti tələb edən hemofiliya, dağınıq skleroz, onkoloji və digər xəstələrin dərman təminatını da dövlət öz üzərinə götürüb”.

 

Nazirin sözlərinə görə, artıq Azərbaycan sümük iliyi transplantasiyası əməliyyatları edən az sayda ölkələr siyahısına daxil olub: "Bu mürəkkəb müalicə üsulu böyük investisiyalar, xüsusi şərait, yüksək ixtisaslı mütəxəssislər tələb edir. 35 uşağa sümük iliyi köçürülüb və ilin sonunadək daha 15 nəfərin əməliyyat olunması planlaşdırılır. Əlamətdar haldır ki, ilkin olaraq ilik transplantasiyası xarici mütəxəssislərin köməyi ilə edilirdisə, indi artıq öz mütəxəssislərimiz tərəfindən aparılır.

 

İrsi qan xəstəliklərinin qarşısını almaq məqsədilə nikaha daxil olanların tibbi müayinəsi də böyük əhəmiyyət daşıyır. Bu ilin 9 ayı ərzində 113 min nəfər müayinədən keçib, 3587 talassemiya daşıyıcısı aşkarlanıb. Qeyd etmək lazımdır ki, tibb müəssisələri ilə yanaşı, həmin müayinələrin böyük bir qismi insanların rahatlığı üçün "ASAN xidmət” mərkəzlərində həyata keçirilib. Bu müayinələr həm xəstəliklərin vaxtında aşkarlanmasına, həm də insanların düşünülmüş qərar qəbul etməsinə xidmət edir. Əlbəttə ki, ən vacibi irsi qan xəstəliklərinin yayılmasının qabağının alınması, sağlam körpələrin doğulmasıdır.

 

Yeri gəlmişkən, hazırda Azərbaycanda yeni diridoğulma meyarlarına uyğun olaraq, vaxtından xeyli tez, ekstremal az çəki ilə doğulan körpələrin də xilası istiqamətində ciddi işlər görülür. Doqquz ay ərzində 1000 qramdan az çəkili 102 körpəni xilas etmək mümkün olub”.