Koreya Xalq Demokratik Respublikasında (KXDR) ilk "Okryu” internet
mağazası istifadəyə verilib. Ölkə sakinləri portalda ilk dəfə olaraq
onlayn alış-veriş edə biləcəklər. Resurs əsasən mobil telefon
istifadəçiləri üçün nəzərdə tutulub. Mağazada mal çeşidi (çanta, qadın
geyimi, ayaqqabı, dərmanlar, kosmetika, mebel və ərzaq malları) yerli
istehsalçılar tərəfindən formalaşır. Onlayn sifariş üçün ödənişi yalnız
milli valyutada ölkənin debet kartlar sisteminin plastik kartları ilə
həyata keçirmək mümkündür. İnternet-mağaza internetin avtonom
versiyasında işləyir və yalnız daxili bazar üçün nəzərdə tutulub. Şimali
Koreyanın "daxili interneti” artıq uzun illərdir fəaliyyət göstərir.
Lakin əhalinin əksər hissəsində fərdi kompüterlərin olmamasına görə
internet istifadəçilərinin sayı az olub. Smartfonların yayılması ilə
vəziyyət tədricən dəyişməyə başlayıb. Ölkə hökuməti koreyalılara mobil
telefonlardan istifadəyə icazəni 2008-ci ildə verib. O vaxtdan
istifadəçilərin sayı 2 milyona çatıb və ya ölkə üzrə hər on nəfərə bir
smartfon düşür. Rəhbərlik smartfon və daxili elektron ticarətin ictimai
asayişə təhlükə yarada biləcəyini düşünmür. "Okryu” mağaza, restoran və
istehlakçı malları istehsalçılarına nəzarəti həyata keçirən Baş Dövlət
Xidməti Bürosu tərəfindən idarə olunur, - "Payspacemagazine” yazır.