Niyə məzuniyyət tam istirahətə həmişə kömək etmir?

İnsan fikrən işdə qalırsa, hətta dəniz sahilində istirahət etmək belə onun tam bərpa olunmasına zəmanət vermir.

Sabahinfo.az xəbər verir ki, bunu rusiyalı psixoloq Lyubov Naumova "Sputnik" radiosuna müsahibəsində deyib.

Onun sözlərinə görə, bir çox insan məzuniyyətdə olsa belə, elektron poçtunu yoxlamağa, həmkarlarına cavab verməyə və yığılıb qalmış işlər barədə düşünməyə davam edir.

Naumova, həmçinin bəzi insanların istirahətin özünü yeni bir layihəyə çevirdiyini diqqətə çatdırıb. Belə ki, onlar bütün görməli yerləri gəzməyə, səhər tezdən oyanmağa və mümkün qədər çox iş görməyə çalışırlar.

"Mütləq tezdən qalxmaq, beş ekskursiyaya getmək, bütün görməli yerləri görmək, şəkillər çəkdirmək, ən yaxşı restoranlara baş çəkmək lazımdır. Nəticədə istirahət əvəzinə daha bir layihə əldə edirik, sadəcə bu dəfə onun son müddəti geriyə olan təyyarə reysidir", - deyə ekspert bildirib.

Psixoloq digər səbəb kimi bir-iki həftə ərzində aradan qaldırılması mümkün olmayan xroniki tükənməni göstərib.

"İstirahət həyatda ildə bir dəfə keçirilən təcili reanimasiya kimi yox, müntəzəm olaraq mövcud olmalıdır", - deyə Naumova vurğulayıb.

O qeyd edib ki, bir çox insan özünü günahkar hiss etdiyi üçün istirahət etməyi bacarmır. Naumova istirahəti mükafat kimi qəbul etməkdən vaz keçməyi və hər gün sadəcə zövq almaq üçün az da olsa vaxt ayırmağı tövsiyə edib.

"Karyera üçün yox. Uşaqlar üçün yox. Qamət üçün yox. Özünüinkişaf üçün yox. Sadəcə sizə xoş olduğu üçün", - deyə psixoloq fikrini yekunlaşdırıb.