Siyəzən Rayon Mərkəzi Xəstəxanasında YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr müzakirə olunub  

Siyəzən Rayon Mərkəzi Xəstəxanasının Ərazi Partiya Təşkilatında (ƏPT) Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş tədbir keçirilib.

Sabahinfo.az xəbər verir ki,tədbirdə Milli Məclisin deputatı Müşfiq Məmmədli, YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev, Siyəzən Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin direktoru Nərgiz Əliyeva, şəhid anaları və tibb müəssisəsinin əməkdaşları iştirak ediblər.

Çıxışlarda ideoloji işin gücləndirilməsinin, milli-mənəvi dəyərlərin və dövlətçilik ənənələrinin qorunmasının, gənclərin və bütövlükdə cəmiyyətin milli ideologiya ətrafında daha sıx birləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Həmçinin Azərbaycanın hərbi və iqtisadi qüdrətinin artırılması, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa və quruculuq işlərinin davam etdirilməsi istiqamətində qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

Bildirilib ki, ideoloji iş yalnız təbliğat fəaliyyəti ilə məhdudlaşmır. Bu istiqamət dövlətçilik düşüncəsinin, milli həmrəyliyin və Azərbaycançılıq məfkurəsinin cəmiyyətdə daha da möhkəmləndirilməsinə xidmət edir. Bu baxımdan milli dəyərlərin qorunması, dövlətçilik ənənələrinin yaşadılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi mühüm əhəmiyyət daşıyır.

Tədbirdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin həyata keçirilməsində hər bir vətəndaşın, o cümlədən partiya üzvlərinin üzərinə düşən məsuliyyətin vacibliyi qeyd olunub.