Həkimdən xəbərdarlıq: “Xərçəng öldürmür, gec diaqnoz öldürür”

Türkiyə Döş Qəfəsi Cərrahiyyəsi Assosiasiyasının prezidenti, professor Atilla Eroğlu ağciyər xərçəngində erkən diaqnozun ömrü uzatdığını və müalicənin uğur şansını artırdığını bildirib.

O, xərçənglə mübarizədə vaxtında müayinənin əhəmiyyətini vurğulayaraq “Xərçəng öldürmür, gec diaqnoz öldürür” deyib.

Atatürk Universiteti Araşdırma Xəstəxanasının baş həkimi olan Eroğlu bu fikirləri Antalyada keçirilən 14-cü Milli Döş Qəfəsi Cərrahiyyəsi Konqresi çərçivəsində təşkil olunan mətbuat konfransında səsləndirib.

O bildirib ki, ağciyər xərçəngi dünyada xərçənglə əlaqəli ölümlərin əsas səbəblərindən biridir. Professorun sözlərinə görə, hər il dünyada təxminən 10 milyon insan xərçəngdən həyatını itirir, bunların təxminən 2,5 milyonu isə ağciyər xərçənginin payına düşür.

Ağciyər xərçənginin əsas səbəbinin siqaret çəkmək olduğunu vurğulayan Eroğlu davamlı öskürək, qanlı bəlğəm, səbəbsiz arıqlama, iştahsızlıq və nəfəs darlığı kimi əlamətləri olan şəxsləri həkimə müraciət etməyə çağırıb.

Turkustan.az