Qubadlıya həyat qayıdır

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 oktyabr - Qubadlı şəhəri günü elan olunub. Qubadlının işğaldan azad edilməsini rəmzləşdirən bu tarix Zəfər salnaməmizin ən şanlı səhifələrindən biridir.

Ölkəmizin cənub-qərbində yerləşən Qubadlı rayonu Ermənistan Respublikası ilə 120 km uzunluğunda sərhədə malikdir. 1988-ci ildən etibarən həm Ermənistan və həm də o zaman ermənilər tərəfindən zəbt olunmuş Dağlıq Qarabağ bölgəsi tərəfindən təcavüzkar hücumlara məruz qalan Qubadlı 1993-cü il avqustun 31-də ermənilər tərəfindən tamamilə işğal olunmuşdur.

Münbit torpaqlara, on minlərlə hektarlıq əkin sahələrinə və bol sulu çaylara malik olan Qubadlının 802 kvadrat kilometrlik ərazisi mişar daşı, yəşəm, mərmərli əhəng, əqiq, qum-gil yataqları və təbii dərman bitkiləri iilə zəngin bir bölgədir. İşğal dövründə Qubadlının bütün sərvətləri ermənilər tərəfindən qeyri-qanuni istismar və talan edilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır. İşğal nəticəsində öz torpaqlarından qovulmuş 29997 nəfər məcburi köçkün müvəqqəti olaraq respublikanın müxtəlif bölgələrində yerləşdirilmişdi. İşğalın cəzasız qalacağını düşünən Ermənistan xaricdən gətirilən erməniləri qeyri-qanuni olaraq Qubadlıda yerləşdirmiş və hətta Xanlıq ərazisində onlar üçün yeni qəsəbə salmışdı.

27 sentyabr 2020-ci ildə başlamış Vətən müharibəsi bütün bu qanunsuzluqlara və ədaltsizliyə son qoydu. Qubadlının azad edildiyi 25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu.

İlk növbədə, şəhər ətrafındakı yüksəklikləri ələ keçirən ordumuz daha sonra ətrafda yerləşən kəndləri azad etməklə Qubadlı döyüşlərinin taleyini həll etdi və oktyabrın 25-də şəhər düşməndən tam təmizləndi.

27 oktyabr 2021-ci il tarixində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postu yaradıldı və Qubadlı rayon ərazisi ilə Ermənistan arasındakı sərhəd üzərində tam nəzarət bərpa edildi.

İşğala son verildikdən dərhal sonra bütün azad olunmuş ərazilərimizdə yenidənqurma işlərinə başlanıldı. 2021-ci il oktyabrın 25-də sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyası tikilib təhvil verildi. Eyni zamanda Qubadlı rayonunun dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi üçün Füzulidəki “Şükürbəyli” yarımstansiyasından “Cəbrayıl” yarımstansiyasına qədər 76 kilometr məsafədə ikidövrəli 110 kV-luq yüksəkgərginlikli “Qubadlı-1”, “Qubadlı-2” elektrik ötürücü xətləri çəkildi. Elektrik xətti ilə yanaşı fiberoptik kabelin çəkilişi Qubadlı ərazisini ən yüksək ötürücülük qabiliyyətinə malik sürətli olan internet xətti ilə təmin etdi.

2023-cü il sentyabrın 5-də Prezident İlham Əliyev “Yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzaladı. Qubadlı rayonunun Mahmudlu, Xıdırlı, Müskanlı, Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndlərinin ərazisini əhatə edən 28,5 kilometr uzunluğunda Qubadlı-Eyvazlı avtomobil yolu bölgənin mühüm infrastruktur layihəsi olmaqla Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq.

2025-ci ilin 9 sentyabr tarixində isə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edildi və bununla da Qubadlının yeni inkişaf tarixi başlandı. Həmin gündən etibarən Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı geniş miqyaslı əməli-praktiki işlər aparılır.

Bu ilin 16 iyun tarixində Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin tikintisinə başlanılıb. Layihəyə əsasən, burada ümumilikdə 21 yaşayış binasının inşası nəzərdə tutulub. Binalarda 176 mənzil yerləşəcək. Hazırda 21 binadan və 176 mənzildən ibarət yaşayış kompleksinin bünövrə işləri tamamlanıb. Qubadlının Mahruzlu və Zilanlı kəndləri də yenidən qurulur. 40 hektar ərazidə tikilən Mahruzlu kəndində ilkin mərhələdə 836 sakinin məskunlaşması nəzərdə tutulur. Həkəri və Bərgüşad çaylarının qovuşduğu ərazidə yerləşən və 180 hektarlıq ərazidə yenidən tikilən Zilanlı kəndinə isə 630 ailədən ibarət 2520 nəfərin köçürülməsi planlaşdırılır.

Qubadlının işğaldan azad edilməsindən sonra rayonun yenidən qurulması üzrə həyata keçirilən bütün layihələrin təməlqoymasında və istismara verilməsində şəxsən iştirak edən Prezident İlham Əliyev dörd dəfə bölgəyə səfər edib. Ötən qısa müddət ərzində bölgədə müasir standartlara uyğun infrastruktur layihələri həyata keçirilib, məktəb, xəstəxana və digər inzibati binalar tikilib, Qubadlı şəhərində və bir sıra kəndlərdə yeni yaşayış binalarının tikintisi sürətlə davam etdirilir. Bölgəyə qayıdacaq soydaşlarımızın əmək fəaliyyəti ilə təmin olunması məqsədilə dövlət və özəl sərmayələr cəlb olunmaqla yeni kənd təsərrüfatı və sənaye obyektləri təşkil olunur. Həyata keçirilən bütün bərpa və yenidənqurma işləri keçmiş məcburi köçkünlərə öz tarixi yurdlarında layiqli həyat şəraiti yaradılmasına xidmıt edir. Ölkəmizin hər bir bölgəsi kimi Qubadlı da inkişaf edəcək və Azərbaycanın çox sevilən füsunkar bölgələrindən birinə çevriləcək.

Cavanşir Feyziyev Milli Məclisin deputatı