Şişaninin ölümü: - İŞİD Azərbaycanda nüfuzunu itirdi

İddia edilir ki, Şişani qruplaşmada "müharibə naziri” daxil olmaqla bir sıra aparıcı hərbi vəzifələrə sahib olub


Cihadçılarla bağlı xəbər agentliyi özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın lideri, Ömər Şişaninin ölümü barədə xəbərləri təsdiq edib.

ABŞ nüfuzlu komandirin mart ayında öldürüldüyünü bildirmişdi.

Pentaqonun məlumatına əsasən İD komandiri Suriyanın şimal-şərqində həyata keçirilən ABŞ hava zərbəsi nəticəsində aldığı yaralardan həlak olub.

İD-ə yaxın Amaq agentliyi isə Şişaninin İraqın Mosul şəhərindən cənuba doğru yerləşən Şirqat qəsəbəsi yaxınlığında öldürüldüyünü bildirir.

İraq hökumətinin silahlı islamçı qruplarla bağlı məsləhətçisi Hişam əl-Haşimi deyir ki, Şişani Rusiyanın əsasən müsəlmanların yaşadığı Şimali Qafqaz ərazisindən və Mərkəzi Asiyadan döyüşçülərin cəlb olunmasında əsas qüvvə idi.

"İŞİD mühüm bir şeyi - [Şişaninin] Çeçenistan, Qafqaz və Azərbaycanda, keçmiş sovet respublikalarında sələfiləri ruhlandıran və yoldan çıxaran xarizmasını itirdi", - Haşimi deyir.


O deyir ki, Şişani mart ayında yaralandıqdan sonra İslam Dövlətinin Bağdadın şimalındakı istinadgahı olan Şirqat şəhərində, xəstəxanada müalicə olunub.

Onun sözlərinə görə, Şişani bu həftənin əvvəlində köməkçisilə birlikdə, Şirqata yaxın kənddə hava hücumu nəticəsində öldürülüb (BBC).