"Mən pis, saxtakar, axmağam. Amma pul və onun sahibi daha nüfuzlu şəxsdir. Pul ali mənsəb qazandırır, bu səbəbə görə, onun sahibi yaxşıdır. Digər tərəfdən pul məni saxtakar olmaq problemindən xilas edir. Ona görə də mən yalançı sayılmıram. Mən beyinsizəm, amma pul hər şeyin gerçək beyni olduğuna görə, onun sahibi necə beyinsiz ola bilər?” – Karl Marks.
Bəli, xammal, sərmayə, torpaq müharibəsi planeti təhlükəyə sürüyür. İmperializm ziddiyyətləri kəskinləşdirir. Heç kəs məmnun deyil. Nüfuz savaşı xalqları terror bıçağının ağzına verir. Ölkələr imperiyaların müstəmləkə və dominyonlarına çevrilirlər. Xammal, kredit, güclərin təşkili, hərbi-siyasi ittifaqlar, silahlanma və müharibələr mübarizənin özəyini təşkil edir. Qlobal böhrandan zərərsiz çıxan yeganə sərmayə müharibədir. Tarixin təkərləri tərsinə çevrilib. Terrorçular silahlanmanın qarşısının alınması üçün konfranslar keçirirlər. Sülhdən danışırlar. Millətlər barıt qoxusuna çürüdülür. Xammal bazarlarını əmələ gətirən müstəmləkələr və asılı ölkələr üzərində imperialist təzyiqlər ağırlaşır. Dünya çökür. Xalqları sədəqəyə möhtac buraxan dağıdıcı generallar pərdə arxasından diş ağardırlar. Ölkələrə sülh zəhərli qaz, tank, top və qırıcı təyyarələrlə aparılır. Anonim təşkilatlar bəşəriyyətin sosial-demokrat xəyallarını yerlə-yeksan ediblər. Demokratiya və sülh yumora çevrilib. İstismara qarşı inqilab anlayışı tarixin alt qatlarında çürüyür. "Əlvida proletariat”, "sosializm öldü”, "inqilablar dövrü başa çatdı” deyənlər xalqları gilyotin altına qoyublar. İmperialist ideologiyalar silinmədikcə, rifah olmayacaq. Xammala görə, xalqı bıçağın qarşısına vermək, təbiətə qarşı üsyandır. İmperializmin qloballaşma siyasəti içərisindəki bütün ideologiyaları təhlükəlidir və yox edilməlidir. Humanitar yardım təşkilatları və imperiyalara bağlı təşkilatların aclıq, qida, ekologiya, səhiyyə, təhsil və digər sosial mövzular barədə hesabatları qarşıdakı illərdə vəziyyətin daha pis olacağını deyir. Problemlərin həlli mexanizmi isə yoxdur. Proseslərin qarşısını almaq imperializmin prinsiplərinə ziddir. Sərhədsiz sərvət və imtiyaz öz dünyalarında firəvan yaşayan "planetin ağaları” ictimai həqiqətlərlə əlaqələrini kəsiblər. "Azad insanlar ölkəsi”də (ABŞ) 2 milyondan çox insan ağır əmək düşərgəsində qanlı federal şəbəkənin çətin şərtləri altında həbs edilmiş vəziyyətdədirsə, hansı ədalət? Çünki demokratiya anlayışı ətrafında fırfıra kimi fırlanan yeganə ölkə Amerikadır. Marksın nəzəriyyəsinin əksinə olaraq, tarix həlli mümkünsüz vəzifələri öhdəliyinə götürüb. Tarix sona çatır.
"Matros: - Kapitan, nə baş verir? Kapitan: - "Titanik” batır”.
Mənsur Rəğbətoğlu