Bu ay Azərbaycanda rekord məbləğdə dollar satılıb

"Bu ay Azərbaycanda rekord məbləğdə dollar satılıb. Dekabrın hələ bitməməsinə baxmayaraq, yalnız Mərkəzi Bankın hərracları vasitəsilə geridə qalan günlərdə 603.8 milyon dollar satılıb".

Sabahinfo.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, 2023-cü ilin geridə qalan dövründə Mərkəzi Bankın hərraclarında bütövlükdə 3 milyard 143 milyon dollarlıq sifariş yaranıb:

"Noyabrda 234.7, oktyabrda 202.6, sentyabrda 164.5, avqustda 93.9, iyulda 272,7, iyunda 78,9, mayda 277,2, apreldə 286, martda 383,9, fevralda 356,6 və yanvarda 188,5 milyon dollar satılıb. Göründüyü kimi, mövsümi və digər səbəblərdən bir sıra aylar, xüsusən də dekabr ayında dollara tələbin artması müşahidə edilməkdədir. Azərbaycanda idxalın artması da dollara tələb formalaşdırmaqdadır. Bu ilin ilk 10 ayında 14 milyard 174 milyon dollar idxal qeydə alınıb. İdxaldakı artımlar da dollar alışını artırır. Azərbaycan üzən məzənnə rejiminə keçməsə də dollara tələbin artması müşahidə olunur. Bu səbəbdən Mərkəzi Bank gələn il intervensiyanı istisna etmir".