Azərbaycan öz müstəqilliyini qoruyacaq, siyasətini uğurla həyata keçirəcək və Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərqərar olması istiqamətində bundan sonra da mühüm rol oynayacaq.
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəxtiyar Əliyev deyib.
B.Əliyev bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi Zəfərinin əsasında uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasəti dayanır. Deputat qeyd edib ki, Prezident İlham Əliyev daim torpaqların işğaldan azad ediləcəyini və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacağını bəyan edirdi.
B.Əliyev bildirib ki, Azərbaycan diplomatiya, iqtisadi inkişaf və güclü ordu quruculuğu istiqamətində həyata keçirilən siyasət nəticəsində öz tarixi məqsədinə nail oldu:
“Diplomatiya sahəsində qazanılmış uğur, iqtisadiyyatımızın sürətlə inkişafı, möhkəm ordu quruculuğu, əlbəttə ki, bu qələbənin əsasları idi. Yeni bir nəsil yetişirdi və bu nəsil müstəqilliyimizin, torpaqlarımızın azad olunması uğrunda mübarizəyə qoşuldu”.
Deputat vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan tarixi Zəfər qazandı.
O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə hazırda genişmiqyaslı quruculuq və abadlıq işləri həyata keçirilir, keçmiş məcburi köçkünlər mərhələli şəkildə öz doğma yurdlarına qayıdırlar:
“Erməni vandalları şəhər və kəndlərimizi yer üzündən silmişdi. Bu gün Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir. Orada çox böyük quruculuq, abadlıq işləri gedir. İnsanlar öz doğma yurdlarına qayıdırlar”.
Deputat əlavə edib ki, doğma torpaqlarına qayıdan insanlar həmin ərazilərin əsl sahibləridir və onların bu torpaqlarda daimi yaşaması üçün bütün şərait yaradılır.
B.Əliyev vurğulayıb ki, Azərbaycanın əldə etdiyi nəticələr xalqın iradəsinin və dövlətin həyata keçirdiyi ardıcıl siyasətin göstəricisidir:
“Heç bir güc Azərbaycanın, Azərbaycan xalqının iradəsi qarşısında dayana bilməz. Azərbaycan öz müstəqilliyini qoruyacaq, öz siyasətini uğurla həyata keçirəcək. Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar olması üçün Azərbaycan bundan sonra da qarant rolunu oynayacaq”.
B.Əliyev çıxışının sonunda Prezident İlham Əliyevi 8 Noyabr Zəfər Günü münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.