Hörmətli xanım Sədr!
Hörmətli həmkarlar!
Müzakirəmizə təqdim olunan “Elektron ticarət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini müasir iqtisadi münasibətlərin inkişafı, rəqəmsal transformasiya və sahibkarlıq mühitinin təkmilləşdirilməsi baxımından mühüm qanunvericilik təşəbbüsü hesab edirəm.
Bu gün elektron ticarət artıq sadəcə internet üzərindən alış-veriş deyil. Bu, iqtisadiyyatın rəqəmsallaşmasının, nağdsız ödənişlərin genişlənməsinin, şəffaflığın və yeni sahibkarlıq imkanlarının əsas istiqamətlərindən biridir.
Hesab edirəm ki, biz elektron ticarətə yalnız texnoloji yenilik kimi deyil, həm də iqtisadi inkişaf, regionlarda məşğulluq və vətəndaş hüquqlarının müdafiəsi məsələsi kimi yanaşmalıyıq.
Təqdim olunan layihədə bir neçə mühüm yenilik nəzərdə tutulur.
İlk növbədə, qanunun tətbiqində mövcud ərazi məhdudiyyətinin aradan qaldırılması, texnoloji neytrallıq prinsipinin təsbit edilməsi, POS-terminal anlayışının müasir ödəniş texnologiyalarına uyğunlaşdırılması və nağdsız ödəniş mexanizmlərinin təkmilləşdirilməsi təqdirəlayiqdir.
Xüsusilə texnoloji neytrallıq prinsipinin qanunvericiliyə daxil edilməsini müsbət qiymətləndirirəm. Çünki qanun konkret texnologiyaya deyil, həmin texnologiyanın yaratdığı hüquqi münasibətlərə əsaslanmalıdır.
Texnologiyalar sürətlə dəyişir. Qanun isə bu dəyişikliklərin arxasınca getməməli, onların inkişafına imkan verən hüquqi mühit yaratmalıdır.
Hörmətli həmkarlar!
Birinci oxunuşun mahiyyətini nəzərə alaraq, qanun layihəsinin konsepsiyasını dəstəkləməklə yanaşı, növbəti oxunuşlarda diqqət yetirilməsini vacib hesab etdiyim bir neçə təklifimi səsləndirmək istəyirəm.
Birinci təklifim elektron ticarətdə istehlakçı hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlıdır.
Elektron ticarət genişləndikcə saxta internet mağazaları, keyfiyyətsiz məhsullar, ödəniş edildikdən sonra malın çatdırılmaması və vətəndaşların şəxsi məlumatlarından qanunsuz istifadə kimi risklər də artır.
Bu baxımdan, elektron ticarət platformalarında satıcıların identifikasiyası, məhsul haqqında məlumatların şəffaflığı, geri qaytarma prosedurları və istehlakçı şikayətlərinə operativ baxılması mexanizmlərinin daha da təkmilləşdirilməsini təklif edirəm.
İkinci təklifim regionlarda elektron ticarətin inkişafına aiddir.
Bu gün elektron ticarətin imkanlarından Bakı və iri şəhərlərdə daha geniş istifadə olunur. Halbuki regionlarda fəaliyyət göstərən kiçik sahibkarlar, fermerlər, ailə təsərrüfatları və yerli istehsalçılar üçün elektron ticarət yeni bazarlara çıxış imkanı yarada bilər.
Məsələn, Qubada meyvəçiliklə məşğul olan fermer, Siyəzəndə kənd təsərrüfatı məhsulu istehsal edən sahibkar və ya Xızıda kiçik ailə biznesi quran vətəndaş öz məhsulunu rəqəmsal platformalar vasitəsilə birbaşa alıcıya təqdim edə bilməlidir.
Bunun üçün elektron ticarətin hüquqi tənzimlənməsi ilə yanaşı, regionlarda rəqəmsal savadlılığın artırılması, logistika və çatdırılma xidmətlərinin inkişaf etdirilməsi də vacibdir.
Təklif edirəm ki, müvafiq icra hakimiyyəti orqanları tərəfindən regionlardaj kiçik və orta sahibkarların elektron ticarətə inteqrasiyasını stimullaşdıran tədbirlər nəzərdən keçirilsin.
Üçüncü təklifim rəqəmsal ödənişlərin təhlükəsizliyi ilə bağlıdır.
Layihədə POS-terminal anlayışının genişləndirilməsi və mobil cihazlar vasitəsilə ödəniş imkanlarının tanınması müasir yanaşmadır.
Lakin nağdsız ödənişlərin genişlənməsi kiberdələduzluq risklərini də aktuallaşdırır.
Bu səbəbdən elektron ödənişlər zamanı fərdi məlumatların qorunması, istifadəçilərin təhlükəsiz identifikasiyası və şübhəli əməliyyatlara qarşı çevik müdafiə mexanizmlərinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Dördüncü təklifim elektron ticarətdə beynəlxalq münasibətlərin hüquqi tənzimlənməsinə aiddir.
Qanunun ərazi məhdudiyyətinin aradan qaldırılması qlobal rəqəmsal iqtisadiyyata inteqrasiya baxımından əhəmiyyətlidir.
Lakin burada mühüm sual yaranır: xarici elektron ticarət platforması vasitəsilə məhsul alan Azərbaycan vətəndaşının hüquqları pozulduqda onun müdafiəsi hansı mexanizmlərlə təmin ediləcək?
Hesab edirəm ki, növbəti mərhələdə transsərhəd elektron ticarətdə istehlakçı hüquqlarının müdafiəsi və mübahisələrin elektron qaydada həlli mexanizmlərinin təkmilləşdirilməsi də diqqətdə saxlanılmalıdır.
Hörmətli həmkarlar!
Sonda bir məqamı xüsusi vurğulamaq istəyirəm.
Rəqəmsal iqtisadiyyatın inkişafının əsas göstəricisi təkcə elektron əməliyyatların sayının artması deyil, vətəndaşın bu əməliyyatlara etimadının güclənməsidir.
Vətəndaş elektron ticarətdə özünü təhlükəsiz hiss etməli, sahibkar isə bu sahədə fəaliyyət göstərmək üçün aydın, sadə və əlverişli hüquqi mühitə malik olmalıdır.
İnanıram ki, təqdim olunan qanun layihəsi bu istiqamətdə mühüm addımdır.
Qanun layihəsinin konsepsiyasını dəstəkləyirəm!
Diqqətinizə görə təşəkkür edirəm!
Müşfiq Məmmədli
Milli Məclisin deputatı