“Bu, qəbuledilməzdir və belə hallara birdəfəlik son qoyulmalıdır”- Razi Nurullayev

Deputat Razi Nurullayev Milli Məclisin iclasında onu narahat edən məsələlər barədə çıxış edib.

Sabahinfo.az xəbər verir ki, deputat bunları söyləyib: “Elə hallar olur ki, vəzifəyə təzə təyin olunan məmur kreslosuna çatar-çatmaz qılıncını çəkib düşür işçilərin üstünə ki, ərizəni yaz, səninlə işləyə bilməyəcəyik. 

 Ədalət naminə deməliyəm ki, hər məmur belə deyil, amma var. Pensiya yaşına çatmağa az qalmış dövlət qulluqçusunun işdən çıxarılmasına cəhdlər də olur. Hamıya oğru kimi baxırlar. Təbii ki, qanun pozuntusuna yol verən şəxslərin işinə xitam verilməsi başadüşüləndir. Toxunduğum məsələ isə əsas vəzifə postlarının boşaldılmasına məcburetmə və ətraflarına dostlarının,  yaxınlarının yığılmasıdır. Bu, qəbuledilməzdir və belə hallara birdəfəlik son qoyulmalıdır”. 

R.Nurullayev məsələ ilə bağlı narahatlığını nəzərə alaraq, bu işlərə nəzarət etmək və təkliflər hazırlamaq üçün parlament komissiyasının yaradılması imkanlarının nəzərdən keçirilməsini xahiş etdi.

Deputat digər bir məsələdən də bəhs edib: “Dördüncü dəfə olacaq ki, yas pulunun verilməsi ilə bağlı məsələni seçicilərimin istəyi ilə qaldırıram. Yas pulu işləyən və pensiya yaşına çatmış şəxslərə verilir. Elə olur ki, adamın pensiya yaşına çatmasına bir neçə ay qalıb və rəhmətə gedir, yaxınları isə yaş pulundan məhrum olur. Bir neçə il öncə bu məsələni qaldıran zaman məlumat verilmişdi ki, haqlı məsələdir, məsələnin əsaslı və müsbət yöndə həlli üçün addımlar atılır. Xahiş edirəm ki, məsələnin hazırkı durumu ilə bağlı məlumat verilsin və müsbət həlli yönündə proseslər sürətləndirilsin”.

R.Nurullayev seçicilərini narahat edən digər bir məsələyə də toxundu: “İmişlidə əksər yaş məclislərində məndən ölüm kağızının alınması ilə bağlı kömək istənilir. Prosedurlar qanun çərçivəsində mürəkkəbləşdirlib və tələblər yüksəlib. Amma, qəbul etməliyik ki, bizim yas mərasimlərimiz daha çox adət-ənənəyə və mental dəyərlərimizə söykənir. Xəstəxanada xəstə kimi qeydiyyatda olmayana, təcili yardım çağırmayana da ölüm kağızı verilmir, təyin olunmuş qısa müddət ərzində dəfn pulu üçün müraciət etməyənə də verilmir və hamısı məhkəməyə yönləndirilir. Yaxınını itirmiş ailənin başı minimum 7-10 gün qarışır. Hüquqi prosedurlar yadına düşmür belə. Məhkəməyə getmək üçün də 101 manat ödəniş olmalıdır. Gedir məhkəməyə, məhkəmə də deyir ki, get icra nümayəndəsindən arayış gətir. Əvvəl icra nümayəndəsinin arayışı ilə məsələ asanlıqla həllini tapırdı. Əgər məhkəmə icra nümayəndəsinin arayışı ilə iddianı həll edirsə, o zaman bu hüquq icra nümayəndəsindən niyə alınırdı? Məntiqli sual deyilmi? Təklif edirəm ki, ölüm kağızının və dəfn pulunun ödənilməsi ilə bağlı problemlərin həlli üçün qanun və qaydalarda sadələşdirilmə aparılsın”.