Eh...
Sən getdin ömrümdə tufan qopardın, Boğuldum ayrılıq dənizlərində. Eh, nəyin vardısa yığıb apardın, Bir məni unutdun cehizlərində.
Bəxtimiz gülmədi ikimizin də, Bizimki evliykən, subaylıq oldu. Bətnində böyüyən körpəmizin də, Ömrü qısa oldu, üç aylıq oldu.
Ayrıldıq, bəlkə də şeytana uyub, Bəlkə bir işinə yaramamışdım. Saçını doyunca öpüb oxşayıb, Saçını doyunca daramamışdım.
Indi yaşamağa gərək tapmıram, Həyatım gözünün yaşında gedib. Gəzirəm sinəmdə ürək tapmıram, Ürəyim sən gedən maşında gedib.
Çiləndim su kimi yoluna axdım, Sənin gedişinə qarşılıq idi. Sən getdin....arxanca doyunca baxdım, Ilahi, nə gözəl ayrılıq idi...
Yeni...
Çətinki yenidən sevəm, seviləm, Yadıma düşürsən havalanıram. Köhnə sevgimizə yeni fəsiləm, Qaranquş-qaranquş yuvalanıram.
Bəxt belə gətirdi, belə gəldi ki, Bu ağrı, bu acı, bu qıza düşdü. Eh, mənim ömrümə elə gəldi ki, Qayıdıb gedəndə payıza düşdü.
İndi sevgimizi ağlamaq üçün, Sinəmdə bir qərib acı göynəyir. Bircə yol saçını qoxlamaq üçün, Darıxır, burnumun ucu göynəyir.
Öpüb, oxşayıram ayaq izini, Gözlərim yaşarır yola baxınca, Qəbahət özünün, günah özünün, Sevsin ürəyimin canı çıxınca....
İnanma sevgimə, daha inanma, Çətin ürəyimi başa düşərsən Qayıtmaq istəsən yolda yubanma, Qorxuram yarıda qışa düşərsən....
Heykəl...
Gör necə kiriyib göz-qaşı, əli, Bu əsər önündə necə məst oldum… Bu heykəl gözəli, bu daş gözəli, Sevib tapınmaqdan bütpərəst oldum.
Daşlara tapındım, daş ömrü sürdüm, Mənim tək daşlara inanan varmış. Usta əlləriylə yonuldu, gördüm Hər daşın içində bir insan varmış..
Sənin də daş olmaq imiş taleyin, Məni unutmağa yaddaşın yoxdu. Yaşasam sevməyə qəlbin, ürəyin, Ölsəm ağlamağa göz yaşın yoxdu.
Daha tapındırma məni özünə, Daha daş gözlərin mənə baxmasın…. Ilahi, rəhm eylə bu yer üzünə, Analar qız doğsun, heykəl doğmasın!
Bilməzsən...
Bilməzsən gözümün yuxusuzluğu, İndi yatağıma xəyanət olub. Daha ayrılığın qorxusuzluğu, Səni unutmağa cəsarət olub.
Bilməzsən ağrımı nələr kiridir, Kölgəni yığıram ağ pərdələrdən. Hər gün qoşalaşıb intihar edir, Gözlərim asılıb pəncərələrdən.
Bilməzsən ürəyi ovutmaq olmur, Ömrün tufanından, qasırğasından. Daha bir qadını yaratmaq olmur, Bir tənha kişinin qabırğasından.
Bilməzsən bu ömrün nəyi, nəsi var, Gəl məni, sor məni dərd aşığından. Nə yaxşı evlərin pəncərəsi var, Yoxsa üşüyərdim gün işığından...
İlk məhəbbətin...
Gözlərin gülürmü, üzün gülürmü, Köçdüyün ünvanın, yerin necədir? Mənimtək qadanı ala bilirmi, Nazına dözürmü, ərin necədir?
Özünü çox üzmə başına dönüm, Göndər mənə gəlsin qəmin, həsrətin. Ezəldən belədir ay ömrüm-günüm, Ömrü uzun olmur ilk məhəbbətin.
Hərdən xatırlayıb nişanda, toyda, Doymazsan adımı əzizləməkdən. Mənimsə gözlərim pəncərə boyda, Böyüyər hər axşam yol gözləməkdən.
Gözləmək əbəsdir-əbəs bəlkə də, Bu gün də xəyaldır dünən dediyim. Bu şanlı-şöhrətli böyük ölkə də, Tək sizin küçəymiş vətən dediyim.
Cavandıq bilmədik bir həqiqəti, Dedilər ümüdlər sonunda ölür. Bütün oğlanların ilk məhəbbəti, Qızların gəlinlik donunda ölür…
Nə bilir...
Darıxmaq nə bilir, təklik nə bilir, Gözlərin üşüyər saata baxsan. Bir de görərsən ki, qapın döyülür, Bir də görərsən ki, sən evde yoxsan.
Bu kasıb komada azı min dəfə, Özünü gəzərsən yerini bilsən. Tələsik qaçarsan qapı tərəfə, Yadına düşər ki, evdə deyilsən.
Ayrılıq qoxuyar biraz havadan, Pəncərən önünə biraz gün düşər. Quşlar payızında yurddan-yuvadan, Şairlər evindən didərgin düşər...
Sən məni sevmisənsə...
Sən məni sevmisənsə, Ayrılıqdan payın var. Darıxsan baş qoymağa, Sinəmdə çarpayın var.
Sən məni sevmisənsə, Məndən uzaqsan demək. Ellərin üşüyürsə, Gündən uzaqsan demək.
Sən məni sevmisənsə, Qayıt uzaqlarla gəl. Qatarlar ayrılıqdı, Gəlsən uçaqlarla gəl.
Sən məni sevmisənsə, Darıxmağın qadını, Bu dəlinin qadını, Bu axmağın qadını.
Sən məni sevmisənsə, Yox daha məni sevmə...
Bir qurtum suyu da zəhər bilirsən
Gülüm, narahatsan bilmirəm niyə, Evimi yıxdı bu kədər, bilirsən. Qorxursan içkidən ölərəm deyə, Bir qurtum suyu da zəhər bilirsən.
Eh nələr demir ki, elə baxmağın, Sən gözə görünməz mələksən indi. Qoy canı isinsin bir az torpağın, Sən ürəyi qoru, ürək sənindi.
Qoru saçlarını gül ətri gəlsin, Darağın ölməsin, güzgün ölməsin. Eybi yox, qoy sənin sevdiyin ölsün, Ancaq yaşamağa sevgin ölməsin...
Qoyma son nəfəsdə günaha batım, Mənim xoş günlərim dünənəcəndir. Papiros ömrüdür mənim həyatım, Mənim yaşamağım sönənəcəndir.
İlahi, yaxın dur, girim qoluna, Deyim ki, bu ömrü xaraba qalsın. Dikilsin gözlərin mənim yoluma, Qoy sənin ümidin şəraba qalsın...
Adamam...
Mən ki, hələ cavan yaşdan Beli bükülmüş adamam. Bu dünyada soyuq daşdan Evi tikilmiş adamam.
Görən kiməm yer üzündə? Gecəsin de, gündüzün de… Bəlkə Tanrının gözündə Zəif kiçilmiş adamam..?
Yetdim bu yolun başına. Rəhim qıl gözüm yaşına… Daha dagına, daşına ahı çəkilmiş adamam.
Uzağam… Səndən uzağam, Gəldi-gedərəm, qonağam. Bəlkə də, diriyəm, sağam Bəlkə də, ölmüş adamam...
Hələ...
Nəçiyəm, kiməm özüməm, Kiməmsə demirəm hələ. Biraz da tabam, dözüməm, Biraz da səbirəm hələ.
Birazca da dəli olan, Hamıya gülməli olan, İçində yüz ölü olan, Məzaram, qəbirəm hələ.
Bəxtinə dişi batmayan, Torpağa, daşa yatmayan, Ölümə yaşı çatmayan, Yarımçıq ömürəm hələ...
Nəçiyəm, kiməm özüməm, Kiməmsə demirəm hələ. Biraz da tabam, dözüməm, Biraz da səbirəm hələ...