Xəyalə Sevil - Bircə sən yoxsan...

Cəzalıdı ürəyim

Cəzalıdı ürəyim, Bədənimdə kuncə qoydum. Uzanan göz yaşımı, Yanağımda dincə qoydum.

Bu da səndən qalan ömür, Yarı sənsən, yarı sudu. Həsrətini atdığım yer Gözlərimin quyusudu.

Eh! Yolların yol yoldaşı, Gedən yollara qarışdın. Sən tək bədəndən ibarət Sevgilərə alışdın...

Ayrılıq keçdi aradan

Ayrılıq keçdi aradan, Külək kimi veyil-veyil. Bir gün ata olacaqsan, Mənin uşağımın deyil.

Gözümdə şəkil yerin boş, Barmağımda üzük yerin. Gözlərim qara çərçivə, Arzularım, ümidlərim...

Ağın kölgəsi qaradı, Qaradı səndən bu yana, Bir acza təbəssüm göndər, Bəlkə gülüşüm oyana.

Ay da bükübdü boynunu

Yenə xatirələr yadıma düşüb, Yuxum da gəlmir ki , yatım tərs kimi. Hər nə yaşadıqsa sənlə, Bir azı mənə təsəlli, Bir azı mənə dərs kimi... Başımın üstündə yanan ulduzlar Mənim dərdimə yanıb. Ay da bükübdü boynunu, Anam kimi dayanıb. Axıdımmı gözlərimin yaşını, Həsrəti diri gətirim. Ya ufurum ulduzları şam kimi, Gedim səhəri gətirim?

Bir qadın unutdu səni

Göy də itələdi məni, Göyün üzündən yıxıldım. Ağladım, Gözümdən düşdü xəyallar, Suyun üzündən yıxıldım.

Sən də hamı kimi oldun, Mən də dəyişdim, necədi? Gözümdən yol kimi Uzanır yaşım, Yanağım təzə küçədi. Sevgi də qarğış kimidi, Atdım, gəlib tutdu səni. Sevdi, qədrini bilmədin, Bir qadın unutdu səni.

Günəş batır gözlərimdə

Günəş batır gözlərimdə, Ürəyimə axşam düşür. Saçlarımın yadına, Əl düşür, oxşam düşür.

Mən indi öz pəncərəmi Bağlayan külək kimiyəm. Ağ yelkəni ağ bayraqtək, Göyə qaldıran gəmiyəm.

Qızımız olmadı, neynək! Sevincimiz az oldu... Biraz sənə, Biraz mənə oxşayan, Alın yazımız oldu.

Hər şey yerindədi

Hər şey yerindədi, O yol, o küçə. Küçənin başında açıq pəncərən, Pəncərəndə qanı qaralan gecə. Hər şey yerindədi, Bircə sən yoxsan...

Sənsiz üstü-başı Yaş həsrətimi Gözümə sərmişəm, Qurusun bir az. Yeni ayaq açan səadətimin Əlindən tutmadın Yerisin bir az.

Tək qoydun, Sən də tək qoydun. Ömrü zəngli saat kimi Qurdun, Sənədək qoydun. Demirəm ki, sevmədin, Sevdin, düşəndə yada... Mənə də çətindi, amma, Əlvida...

Günəşi yaxın tutun Uzaqdan görünür, Hər şey uzaqdan. Uzaqdan baxıram səadətlərə... Əllərimin ayağı yox, Ha uzadım çatan deyil. Ürəyim ac uşaq kimi Laylalara yatan deyil. Ağ günümün kölgəsində Qaralan həsrətim kimi, Çox yormuşam ümidimi. Göz yaşımı ürəyimə gizli-gizli Elə daşıyıram ki... Günəşi yaxın tutun, Elə üşüyürəm ki!

Gözlərim qara çadır

Taleləri kim yazır? Çağırın hüzuruma. Gözlərim qara çadır, Ürəyimin hüzürünə.

Qaldım, nə oldu ki, guya, Qoy, gedim xatirən olum, Baxışını gözlərimdən Soy, gedim xatirən olum.

Səndən qalan gün deyil ki, Səndən qalan günə kölgə... Getməyə yerim də yoxdu, Ürəyinə gəlim bəlkə?