Zeynəb Xanlarova Nyu-Yorkda Novruz konserti verəcək

Novruz bayramı münasibətilə xalq artisti Zeynəb Xanlarova Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində konsert proqramı ilə çıxış edəcək.


Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Sabahinfo.az-a verilən məlumata görə, Komitənin dəstəyi ilə həyata keçirilən konsert proqramı martın 15-də Nyu-Yorkun Bruklin səmtindəki "Master Theatre” adlı konsert kompleksində baş tutacaq. 1300 tamaşaçı tutumu olan "Master Theatre” zalında dünyanın bir sıra tanınmış musiqiçiləri konsert verib.

"Xoş gördük əzizlərim" adlı konsert proqramında xalq artisti Zeynəb Xanlarova on nəfərlik ansamblının müşayiəti ilə repertuarındakı ən sevilən mahnıları ifa edəcək. ABŞ-ın bir sıra şəhərlərində yaşayan azərbaycanlı, türk, yəhudi və digər xalqların nümayəndələrinin konsertdə iştirakı gözlənilir.

Artıq bir həftədir Nyu-Yorkda olan Zeynəb Xanlarova Azərbaycan diaspor təşkilatlarının və yəhudi icmasının nümayəndələri ilə görüşlər keçirib.

Qeyd edək ki, xalq artisti sonuncu dəfə 2012-ci ildə Nyu-Yorkda konsert proqramı ilə çıxış edib.