Daha bir partiya qeydə alınmadı

Ədliyyə Nazirliyi Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) təqdim etdiyi üzvlük siyahılarında çatışmazlıqlar aşkarlayıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə partiyanın sədri Mirmahmud Mirəlioğlu sosial şəbəkədə məlumat paylaşıb.

Onun sözlərinə görə, partiya Ədliyyə Nazirliyinə 5418 nəfər üzvün məlumatlarını təqdim edib ki, onlardan 4819 nəfər barədə məlumatlar (adı, soyadı, ata adı, doğulduğu tarix) düzgün göstərilməyib. 

"Reyestrdəki eyniləşdirilmiş şəxslərin sırasından 26 nəfərin başqa partiyanın üzvü olduğu, 64 şəxsin öldüyü və 3 şəxs barədə məlumatların təkrarlandığı aşkar olunub. Eyni zamanda reyestrdə adları qeyd olunmuş şəxslərlə əlaqə saxlanılarkən onlardan 141 - i Klassik Xalq Cəbhəsi Partiyasının üzvü olmadıqlarını bildirib. Həmçinin qeyd edirik ki, 1 telefon nömrəsi  18 partiya üzvünə münasibətdə əlaqə telefon nömrəsi kimi göstərilib", - Nazirliyinin cavabında qeyd olunub.

Nazirlik çatışmazlıqların aradan qaldırılması üçün KXCP-yə 30 gün vaxt verib.