Deputat: "Bakı təhlükəsiz və yaşıl şəhərə çevrilə bilər"

"Hazırda ölkədə qaz abonentlərinin sayı 2,6 milyondur. Bu rəqəm olduqca yüksəkdir və ötən illər ərzində dövlətin vətəndaşların mavi yanacaqla təminatında gördüyü ardıcıl işləri, sosial və iqtisadi ehtiyacların ödənilməsindəki rolunu aydın şəkildə nümayiş etdirir".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib. 

O qeyd edib ki, müəyyən dövrlərdə tikinti prosesi xaotik, baş plandan kənar və qeyri-standart formada aparıldığı üçün çoxsaylı binalarda istilik sistemi fərdi şəkildə qurulub. Bu səbəbdən ölkəyə yüz minlərlə kombi idxal olunub.

Z.Orucun bildirdiyinə görə, alternativ hesablamalara əsasən, Bakı şəhərində rəsmi qaz sayğacına malik olan 950 mindən artıq ev təsərrüfatının 600 mindən çoxunda kombi quraşdırılıb. Bu da o deməkdir ki, istilik sistemi mərkəzləşdirilmiş deyil, fərdi şəkildə təşkil olunub.

"Beləliklə, biz binalarımıza ən azı üç təhlükəni daxil etmişik. Birincisi, kombilərin işlədiyi zaman metan qazının təxminən 20 faizini atmosferə buraxması ətraf mühitə ciddi təsir göstərir. Çünki ölkəmizin illik qaz istehlakı 13 milyard kubmetrə yaxındır. Bunun təxminən 40 faizi – yəni 5 milyard kubmetrdən çoxu – paytaxtın payına düşür. Əgər bu sərfiyyat azaldılsa, ətrafa buraxılan istixana qazları da azalacaq və bu, yaşıl şəhər quruculuğuna böyük töhfə olar", – deyə o bildirib.

Parlamentari onu da əlavə edib ki, əgər mərkəzləşdirilmiş istilik sistemi qurulsaydı, qaz sərfiyyatı 40 faizədək azala bilərdi. Bu isə yalnız Bakı şəhərində 2,5 milyard kubmetrə yaxın qaza qənaət etməyə imkan verərdi. Qənaət edilən qazın beynəlxalq bazara çıxarılması isə ölkəyə yüz milyonlarla dollar gəlir gətirə bilərdi.

O, həmçinin vurğulayıb ki, fərdi istilik sistemləri səbəbilə hər il dəm qazından zəhərlənərək həyatını itirən onlarca insan olur. Mərkəzləşdirilmiş sistem bu cür insan itkələrinin də qarşısını ala bilər.

"Digər tərəfdən, 600 min kombinin alınması və saxlanmasına vətəndaşlarımız tərəfindən xərclənən təxminən 1 milyard manat vəsaitdən azad olmaq ailə büdcələri üçün ciddi qənaət deməkdir. Ən başlıcası isə Bakı təhlükəsiz və yaşıl şəhərə çevrilə bilər", – deyə Z.Oruc bildirib.