Əfqanıstan hökuməti ilk dəfə olaraq "Taliban" hərəkatı ilə rəsmi danışıqlar aparıb

Pakistanın şimalında yerləşən Merri şəhərində Əfqanıstan hökuməti ilə "Taliban" hərəkatı nümayəndələrinin ilk rəsmi danışıqları başa çatıb.

Əfqanıstan Ali Sülh Şurasının təşəbbüsü ilə keçirilən danışıqların hədəfi "Taliban" üzvlərinin hücumlarına son qoymaqdır. Pakistan hökumətinin danışıqların yekununa dair yaydığı məlumatda tərəflərin Əfqanıstana sülh və sakitliyin qaytarılması yollarını müzakirə etdikləri bildirilir. Həmçinin tərəflər ölkədə sülhə şərait yaratmaq barədə də razılığa gəliblər.

Son zamanlar "Taliban" hərəkatı və Əfqanıstan hökuməti arasında bir neçə qeyri-formal görüş keçirilib. Lakin iyulun 7-8-də keçirilən danışıqlarda hökuməti ilk dəfə rəsmi olaraq yüksək vəzifəli məmur – xarici işlər nazirinin müavini Hikmət Xəlil Kərzay təmsil edib. Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, görüşdə, həmçinin Çin və ABŞ nümayəndələri də təmsil olunublar.

"Taliban" hərəkatı 1996-cı ildə Əfqanıstanda hakimiyyəti ələ keçirsə də, 2002-ci ildə 11 sentyabr hadisələrindən sonra beynəlxalq koalisiya qüvvələri tərəfindən devrilib. 2003-cü ildə hərəkat BMT-nin Təhlükəsizlik Şurası səviyyəsində rəsmən terror təşkilatı elan olunub. Buna baxmayaraq, "Taliban" Əfqanıstanda və Pakistanda geniş ərazilərə nəzarət edir və hər iki tərəfdə mütəmadi olaraq hərbçilərə qarşı hücum əməliyyatları aparır.