"Kitab mağazasının kitab satmamaq kimi lüksü yoxdur”. Yazıçı Qan Turalı "Əli və Nino” kitab mağazasının yenicə çapdan çıxmış "Doqquz hekayə” kitabını satışa çıxarmaqdan imtina etməsi barədə "Olaylar”a açıqlamasında belə deyib. "Deyirlər ki, bazar iqtisadiyyatıdır, satmırsa öz işidir. Bu elə deyil, bazar iqtisadiyyatı da qanunlarla tənzimlənir. Və liberal iqtisadiyyatın tarixinə baxsanız ilbəil dövləti müdaxiləsinin gücləndiyini görərsiniz. Məndə qaimələr var, "Əli və Nino” mənim 150 kitabımı satıb. Deməli, "kitab satılmır” bəhanəsinin arxasında gizlənə bilməzsiniz. Burda artıq monopolist zehniyyət gündəmə gəlir. Nəşriyyatla kitab mağazası üfüqi saziş imzalayaraq, digər bazar subyektlərinin bazara girməsinə süni maneələr yaradır. Bu artıq müvafiq qanunvericiliyin pozulmasıdır və bu pozuntu ağır maliyyə sanksiyaları nəzərdə tutur. Deyirlər ki, bu mağaza satmır, başqası satsın. Məsələ heç də elə deyil. Şəhərimizdə mağazaların sayı çox azdır. Mən "Facebook”da kitablarımın satıldığı mağazaların siyahısını paylaşmışam. Orda cəmi beş mağaza var. Amma "Əli və Nino” 8 mağazası var. Bu bazarın 61.5 faizi edir. 35 faizdən artığı isə monopoliyadır. Təsəvvür edin ki, Bakıda cəmi 12 kitab mağazası var və 7-si mənim kitabımı satmır. Axı məsələ "başqası satsın”la qurtarmır axı. Görün, bizi necə ağır şərtlərdə oynamağa məcbur edirlər”, - deyə Q. Turalı qeyd edib. Yazıçı "Əli və Nino”nun prosesin gedişatında özünü tamam biabır etdiyini deyib: "Təsəvvür edin, mağaza deyir ki, Azərbaycan dilində kitab oxunmur. Yalana bax! Bəs elədirsə, niyə "Əli və Nino” dünya klassiklərini Azərbaycan dilində yenidən çap edir? Üstəlik, sovet vaxtı çap olunmuş tərcümələri yenidən çap edir. Bu əsərlər 150 cildlik dünya ədəbiyyatında da çap edilib. Niyə rusca kitab çap etmirlər? Bu Azərbaycan xalqına həqarət deyilmi? Sən həm xalqa kitab sat, sonra da Azərbaycan dilində kitab oxunmur de. Artıq təxribatlara başlayırlar. Bayaq öz "Facebook” səhifələrinə yazıblar ki, bəs Qan Turalının kitabı satılmır, pulsuz paylanılır. Mən artıq buna ad verməkdə çətinlik çəkirəm”.